Sadır Japarov Aktauda baş verən təyyarə qəzası ilə əlaqədar İlham Əliyevə başsağlığı verib
Qırğızıstan Prezidenti Sadır Japarov AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı teleqramı göndərib.
Bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat verir.
"Bu gün çoxsaylı insan tələfatı ilə nəticələnən Azərbaycana məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması xəbərini ürək ağrısı ilə qarşıladım. Qırğız Respublikası xalqı adından və şəxsən öz adımdan həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu faciə nəticəsində xəsarət alanların tezliklə sağalmalarını arzulayıram. Bu əvəz edilməz itkiyə görə dərd və kədərinizi bölüşürəm", - teleqramda deyilir.
Daha əvvəl Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən bildirilib ki, ilkin məlumata görə, Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə 3 Qırğızıstan, 37 Azərbaycan, 6 Qazaxıstan və 16 Rusiya vətəndaşı olub.