Avropa kənarlaşdırılıb, Rusiya çox sıxışdırılır
Rusiya necə vəziyyətdən çıxa bilər?
Avropaya Ukrayna ərazisindən "Putin - Timoşenko müqaviləsi" kimi, tanınan (2009-2019) və sonra 5 il müddətinə uzadılan (2019-2024) Rusiya qazının tranzit razılaşması bu ilin sonu bitir. Çox güman ki, Qətərdən Avropaya qaz tranzitinə Rusiyaya görə icazə verməyən Suriyada Bəşər Əsəd rejimi devrildikdən və Qətər qazının ixracı imkanı yaradıldıqdan sonra, Qərb Rusiya qazının Ukrayna ərazisindən tranzitini nəzərdə tutan müqavilənin uzadılmasına və ya yeni razılaşmanın əldə olunmasına imkan verməyəcək. Artıq Ukrayna prezidenti Vladimir Zelenskinin də həmin müqavilənin uzadılmasından imtina etməsi və Avropanın maraqlarına uyğun şərtlər irəli sürdüyü haqqında məlumatlar var. Yeri gəlmişkən, hələ sovet dövründən mövcud olan, Rusiyadan Ukrayna ərazisi vasitəsi ilə Avropaya qaz tranziti sonradan Putin - Timoşenko razılaşması ilə Rusiya Ukrayna arasında bağlanan həmin müqavilə Ukraynanın yox, daha çox Rusiyanın iqtisadi və siyasi maraqlarına uyğunlaşdırıldı.
Sual oluna bilər ki, Rusiya qazının tranzitinə görə Ukrayna əldə etdiyi gəlirlərdən niyə imtina etsin ki?!
Məsələ də ondadır ki, Rusiya - Ukrayna müharibəsində Ukraynaya edilən və bu günə kimi, 300 milyarda yaxın silah və maliyyə yardımı məhz Ukraynanın dövlət zəmanəti əsasında verilib. Yəni, bu gün Ukrayna elə bir vəziyyətə gətirilib ki, öz milli və dövlət maraqlarını qurban vermək məcburiyyətindədir. Rusiyanın Ukraynaya hücumunun ilk hədəfi də Kiyevi tutmaq və Ukraynada Rusiya yönümlü hakimiyətin qurulması idi. Bununla, Rusiya NATO-nun öz sırhədlərinə yaxınlaşmasını əngəlləyir və iqtisadi maraqlarını təmin edəcəkdi. Heç şübhəsiz ki, bu müharibə Qərb - Rusiya müharibəsidir.
Suriyada Bəşər Əsəd rejimini devirən Türkiyə və ABŞ təbii ki, Avropa qarşısında enerji təchizatı ilə bağlı yeni şərtlərə əsasən lahiyələri reallaşdırmağa çalışacaq. Əlbəttə ki, Qətər qazının Avropaya çatdırılması müəyyən zaman tələb edir və bu lahiyənin tez başa gəlməsində nə Türkiyə nə də ABŞ maraqlı ola bilməz. Əvvəla, Türkiyə artıq böyük öz qaz yataqlarını kəşf edib və onu da dünya bazarına çıxarmağı düşünür. Həm də Azərbaycan və Xəzəryanı ölkələrdən də qazın Avropaya tranziti mövcud xətlərlə Türkye ərazisindən ötürülməsi Türkiyə və Azərbaycanın da maraqlarına cavab verir.
Bu arada ABŞ da öz qazı ilə Avropaya qaz ixracını artırmaq niyyətindədir və hətta ixrac rüsumunu da artırır. Donald Trampın yenidən prezident seçilməsi ilə Rusiya - Ukrayna müharibəsinə münasibətin dəyişəcəyini düşünənlər də var idi. Ancaq, əvvəllər qeyd etdiyim kimi, Donald Tramp ABŞ-ın siyasi kursunu davam etdirmək məcburiyyətindədir. Ukraynaya hərbi yardımın davam etdiriləcəyi ilə bağlı Donald Trampın son açıqlaması da ABŞ dövlət siyasətinin dəyişməz xətdidir.
Bu bu çəkişmələrdə iqtisadi və diplomatik cəhətdən ən çox zərərçəkən məhz Avropanın özüdür. Avropa öz enerji təhlükəsizliyini müstəqil şəkildə həll etmək imkanından kənarlaşdırılıb, fakt qarşısında qoyulub,seçim imkanı əlindən alınıb. Rusiya qarşı tətbiq edilən sanksiyalar Avropa ölkələrinə küllü miqdarda maddi ziyan vurur. Rusiya, Ukrayna, Yaxın Şərq müharibələrə vadar edilib. Çinin də Şərqə, Afrika ölkələri ilə əlaqələrinə maneələr yaradılıb. Vəziyyətdən geniş mənada uduşlu ancaq ABŞ görünür.
Rusiyanın iqtisadi cəhətdən salındığı dar çərçivədən və cəlb edildiyi müharibədən necə çıxacağının ehtimalları müxtəlifdir. Ancaq Rusiyanın bu qədər sıxışdırılması onun qeyri adekvat davranacağına inamı artırır. Nəticə isə Kremldə hakimiyət və sistem dəyişikliyinə də gətirə bilər.
Vüqar Dadaşov