Rusiyada güclü partlayış: General öldü
Rusiyanın paytaxtı Moskvada güclü partlayış baş verib.
Avrasiya.net-in məlumatına görə, hadisə Ryazanski prospektində baş verib.
İlkin məlumata görə, partlayış nəticəsində iki nəfər ölüb. Rusiya İstintaq Komitəsi cinayət işi açıb, tibbi ekspertizalar təyin edib.
Partlayış Ryazanski prospekti, 2/1 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində baş verib. Fövqəladə hallar xidmətinin "RİA Novosti"yə verdiyi məlumata görə, birinci mərtəbədən üçüncü mərtəbəyə qədər pəncərələr sındırılıb, giriş qapısı zədələnib. Partlayış yerində əməliyyat-istintaq qrupu işləyir.
Ətraflı
"Shot" teleqram kanalının məlumatına görə, partlayış girişdə quraşdırılmış əldəqayırma partlayıcının işə düşməsi nəticəsində baş verib. Məlumatın rəsmi təsdiqi yoxdur.
Məlumata görə, ölən şəxslərdən biri Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov olub. Digərinin onun köməkçisi olduğu bildirilir.
Generalın xidməti avtomobilinə də ziyan dəyib.
Rusiya hakimiyyətinə yaxın teleqram kanalları hadisənin sui-qəsd olacağını bildirir.