15 gün sonra Tiflisdə ağrılı proses olacaq
Gürcüstanda keçirilən prezident seçkilərində hakim partiyanın irəli sürdüyü bir namizəd iştirak edir: Mixail Kavelaşvili. Müxalifət üçün prezident hələ də Salome Zurabişvilidir və seçkilərin legitimliyini tanımır. Hərçənd, vəziyyəti dəyişdirmək imkanları məhduddur:
1. Bu seçkilərdə Gürcüstan prezidentini xalq yox, Seçicilər Kollegiyası (SK) seçəcək;
2. Müxalifət prosesdə iştirak etməsə belə, hakim partiya SK-də kvotanı təmin edə bilir;
SK-nin tərkibini parlament üzvləri (150 deputat), Acarıstan Muxtar Respublikasının Ali Şurasının üzvləri (21 nəfər), Abxaziya Muxtar Respublikasının Ali Şurasının üzvləri (21 nəfər) və yerli idarəetmə orqanlarının məclis üzvləri (109) təşkil edir.
Müxalifət parlamenti boykot etdiyi üçün SK-də də iştirak etmir. Lakin kollegiyada yetərsay (hakim partiyanın 89 deputatı, Acarıstan və Abxaziya nümayəndələri və 109 yerli nümayəndə) təmin olunur və bu, seçkini legitimləşdirir. Kollegiya üzvləri tam tərkibdə iştirak edirsə, prezidetin seçilməsi üçün 150+, tam iştirak etmirsə, üçdə ikinin səsi yetərlidir. Bütün ssenarilər hakim partiyanın irəli sürdüyü yeganə namizədin seçiləcəyi yönündədir.
Hərçənd, əsas problem seçkidən sonrakı prosesdir. Hazırki Prezident Zurabişvili seçkini tanımır və postunu tərk etmək fikrində olmadığını deyir. Gürcü Arzusu isə Zurabişviliyə dekabrın 29-na – yeni prezidentin andiçməsinə qədər iqamətgahı tərk etmək çağırışı edib, əks təqdirdə, “zorla çıxarmaq”dan bəhs edirlər. Zurabişvilinin önündə seçim çox deyil:
- Seçkinin legitim olmadığını qanunla əsaslandırmalıdır: ki, bu mümkün görünmür, çünki mövcud qaydalar hakim partiyanın xeyrinədir;
- Qərbin hakimiyyətə təzyiqini təmin etməlidir: Gürcü Arzusunun təzyiqlər və çağırışlar qarşısında immunitent qazandığı görünür;
- Etirazçıları prezident iqamətgahına cəlb edə və küçə mübarizəsi apara bilər: indiyə qədər keçirilən aksiyaların nəticə verməməsi bu ssenarinin də uğurlu olacağına inamı azaldır.
Zurabişvilinin qaçılmaz görünən gedişinin ağrılı proseslə baş verəcəyi görünür.
Asif Nərimanlı