DİN-dən etirazçılara növbəti xəbərdarlıq
Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisinin Rustaveli prospektində keçirilən aksiya ilə bağlı bəyanat yayıb.
Gürcüstan mətbuatı xəbər verir ki, Nazirliyin məlumatına görə, parlament binası yaxınlığında keçirilən aksiya qanunla müəyyən edilmiş toplantı və nümayiş normalarını pozub.
Eyni zamanda, DİN bildirir ki, vəziyyətin gərginliyini azaltmaq üçün polis xüsusi vasitələrdən istifadə edib.
“Hadisə yerində hüquq-mühafizə orqanları dəfələrlə xəbərdarlıq edib, həmçinin Daxili İşlər Nazirliyi tərəfindən rəsmi bəyanatlar yayımlanıb. Buna baxmayaraq, aksiya iştirakçıları polis əməkdaşlarına fiziki müqavimət göstərir, onları təhqir edir və müxtəlif əşyalar atırlar. Bunun nəticəsində Daxili İşlər Nazirliyinin üç əməkdaşı xəsarət alıb. Onlardan ikisi xəstəxanaya yerləşdirilib.
Vəziyyətin sabitləşdirilməsi məqsədilə polis qanunla müəyyən edilmiş tədbirlər görüb və xüsusi vasitələrdən istifadə edib" , - məlumatda deyilir.
DİN eyni zamanda aksiyaçılara xəbərdarlıq edib:
Bir daha aksiya iştirakçılarını qanunsuz hərəkətlərdən çəkinməyə və hüquq-mühafizə orqanlarının tələblərinə əməl etməyə çağırırıq. Əks halda, Daxili İşlər Nazirliyi qanunla ona verilmiş mandat çərçivəsində tədbirlər görəcək və Gürcüstan qanunvericiliyinə uyğun olaraq, o cümlədən “Polis haqqında” qanunda nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə edəcək” , – deyə DİN-in məlumatında vurğulanıb.