Gürcüstan prezidenti etirazçılara qoşulub
Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidə parlament binası qarşısında toplaşan nümayişçilərə qoşulub.
Apa xəbər verir ki, aksiya iştirakçılarına qoşulan Zurabişvili onlara dəstək verdiyini bildirib.
"Mən burada bu insanların yanındayam. Bacardığım yerdə olacağam. Yeni seçkilər olmayana qədər bitməyəcək olan müqavimət başlayır". - deyə o mitinqdə onu alqışlarla qarşılayan kütləyə müraciət edib.
Bundan sonra o, nümayişçilərin dağıdılması zərurəti yaranarsa, xüsusi texnikanın yerləşdiyi Azadlıq meydanına keçib. Zurabişvili təhlükəsizlik qüvvələri ilə danışmaq istəyib, lakin heç kim onunla dialoqa girməyib.
Bundan əvvəl Tbilisidə parlament binası yaxınlığında etirazçılarla polis arasında toqquşmanın olduğuna dair məlumat yayılmışdı. Məlumatda polisin aksiya iştirakçılarını dağırmaq üçün hərəkətə keçdiyi və bibər qazından istifadə etdiyi bildirilirdi.
***
21:59
Tbilisidə etiraz aksiyasının miqyası genişlənir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, parlament binasının qarşısına toplaşan etirazçılar Rustaveli prospektini bloklayıblar.
Əraziyə çoxlu sayda polis cəlb edilib. Etirazçılar hakim partiya əleyhinə şüarlar səsləndirirlər.
***
21:08
Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Aİ ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarı qəbul edildiyini bəyan etməsindən sonra etirazçılar parlament binasının və hakim partiyanın mərkəzi ofisinin qarşısına toplanırlar.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, "Gürcü Arzusu"nun mərkəzi ofisinin qarşısına gələn erirazçılar “qullar”, "ruslar", "get" şüarları səsləndirirlər.
Binanın ətrafına səfərbər olunan hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara yaxınlaşmağa imkan vermirlər.
Analoji aksiyalar Batumi və Kutaisidə də təşkil olunub. Yerli KİV Kutaisidə aksiya zamanı qarşıdurma olması, polisin bir neçə nəfəri saxlaması barədə məlumat yayıb.
Müxalifət liderləri əhalini mübarizəyə çağırıb.