Tramp Ukrayna üçün hərəkətə keçdi: Plan hazırdır
Donald Trampın komandası Ukrayna münaqişəsinə son qoymaq planını müzakirə etməyə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
Nəşrin mənbələrə istinadla yaydığı məlumata görə, plan cəbhə xəttinin dondurulmasını nəzərdə tutur və bu xətt boyunca demilitarizasiya zonası yaradılmalıdır.
“Biz amerikalıları Ukraynada sülhü qorumaq üçün göndərmirik. Və bunun üçün pul da ödəmirik. Bunu polyaklardan, almanlardan, ingilislərdən və fransızlardan xahiş edin”, - Trampın komandasından olan mənbə bildirib.
Qeyd olunub ki, plana əsasən, Kiyev qarşıdakı 20 ildə NATO-ya daxil olmaq cəhdlərindən əl çəkməlidir. Eyni zamanda ABŞ-dan silah və hərbi təlim yardımı almağa davam edəcək. Lakin sülhməramlı əməliyyatlarda əsas iştirak Avropanın üzərinə düşəcək.
Nəşrin əməkdaşlarının bildirdiyinə görə, bu bəndlər payızın əvvəlində vitse-prezident seçilmiş Ceyms Devid Vensin yazdıqları ilə oxşardır. Vens bildirmişdi ki, Tramp Rusiya, Ukrayna və Avropanı təkbaşına sülh yolu ilə nizamlanmaya dair razılığa gəlməyə dəvət edəcək.