Ermənistanda böyük müharibə başlayacaq - Danielyan
Ermənistanın hazırkı hakimiyyətinin xarici siyasət kursu yoxdur. Onlar qərarları ani verirlər və bu, xaricdən diktə olunur.
Avrasiya.net Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
“Məsələ bundadır ki, Ermənistan de-yure Avropa Birliyinə gedir, amma de-fakto artıq BRİKS-dədir. Ermənistanın bütün proyektləri, iqtisadi layihələri BRİKS-lə bağlıdır. Bütün qonşuları da BRİKS-lə əməkdaşlığa can atırlar. Lakin hökumətin fəlakətli səhvlərindən biri Rusiya qoşunlarını Ermənistan-Türkiyə sərhədindən çəkmək olacaq. Hələlik bu qərar yoxdur, amma hakimiyyət Rusiya qoşunlarının Ermənistandan mərhələli çıxarılması imkanlarını istisna etmir”, - o bildirib.
Danielyan iddia edir ki, Ankara Rusiya qoşunlarının Ermənistanda olmasına öz sərhədinin müdafiəsi kimi baxır, çünki PKK terrorçularının buradan ölkəyə girməyəcəyinə inanır:
“Rus ordusunun gedişindən sonra Türkiyə Ermənistan ərazisində antiterror əməliyyatı keçirmək üçün legitim haqq əldə edəcək. Başqa sözlə, rus ordusu təkcə Ermənistanı Türkiyədən yox, həm də Türkiyəni PKK-dan qoruyur. Hazırda Qafqazda Rusiya, İran və Türkiyə arasında konsensus yaranır. Bu ölkələrdən birinin gedişi konsensusu pozacaq. Nəticədə ərazimizdə sözügedən ölkələr arasında böyük müharibə başlayacaq”.