Yanğında ölən erməni əsgərlərlə bağlı yeni məlumat – 14-ü çarpayıda qalıb
Ermənistandakı hərbi hissədə baş vermiş yanğında ölən 15 əsgərdən 14-nün cəsədi çarpayıda tapılıb.
Avrasiya.net xəbər verir ki, bu barədə Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini Arsen Saroyan İctimai Televiziyanın efirində bildirib.
Onun sözlərinə görə, xilasedicilər yanğını iki istiqamətdən - əsgərlərin yatdığı otaq tərəfdən və yanğının başladığı giriş qapısı tərəfdən söndürüblər.
"Yanmış meyitlərdən 14-ü çarpayılarda tapılıb. Məncə, onlar sadəcə tüstüdən oyanmayıblar. Girişdə də bir cəsəd tapılıb. Çox güman ki, o da bayıra çıxmaq istəyib, bacarmayıb”, - Saroyan bildirib.
Ümumilikdə kazarmada 21 nəfər olub və xilasedicilər gələnə qədər 6 nəfər öz gücü ilə binadan çıxa bilib, onlardan 3- ağır yanıq xəsarətləri alıb.
Eyni zamanda, Ermənistan Baş Prokurorluğunun nümayəndəsi Arşak Martirosyan yekun nəticələr üçün istintaqın tamamlanmasını gözləməyə çağırıb.
Yanvarın 19-na keçən gecə, saat 01:30 radələrində Qeqarkunik rayonunun Azat kəndində yerləşən hərbi hissədə yanğın baş verib. Nəticədə 15 hərbçi ölüb, daha 3-nün vəziyyəti ağırdır.
Yanğına səbəb isinmək üçün benzindən istifadə edilməsi olub.
Faciədən sonra 5 yüksək rütbəli hərbçi tutduqları vəzifələrdən qovulub.