Ukraynada 50 minə yaxın “Vaqner”çi var - Britaniya kəşfiyyatı
Rusiyada "PMC Wagner Center" hüquqi şəxs kimi rəsmi qeydiyyata alınıb.
Bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Britaniya kəşfiyyatının məlumatına görə, yeni hüquqi şəxs 27 dekabr 2022-ci ildə qeydiyyatdan keçib. Əsas fəaliyyət istiqaməti “idarəetmə konsaltinqi”dir. Sənədlərdə heç bir şəkildə onun hərbi fəaliyyəti göstərilmir. Britaniya kəşfiyyatı hələ ki qeydiyyatdan keçmiş “PMC Wagner Center”in “Vaqner” qrupunun döyüş bölmələri ilə qarşılıqlı əlaqədə necə istifadə olunacağını bilmir. Qeyd olunur ki, Rusiya qanunları özəl hərbi şirkətlərin fəaliyyətini qadağan edir.
Britaniya kəşfiyyatının məlumatına görə, hazırda Ukraynada cəbhə bölgəsində 50 minə yaxın “Vaqner” döyüşçüsü var və onlar Yevgeni Priqojinin biznes strukturları tərəfindən korrupsiya yolu ilə maliyyələşir.
Britaniyalı mütəxəssislərin fikrincə, qeydiyyatın məqsədi çox güman ki, Priqojinin kommersiya üstünlüyünü artırmaq və getdikcə daha çox tanınan təşkilatı qanuniləşdirməkdir.