“Müttəfiqlərimiz bizi tək buraxdılar” - Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan Yeni il gecəsi xalqa müraciətində deyib ki, “təhlükəsizlik müttəfiqləri” rəsmi İrəvanı tək buraxıblar.
Avrasiya.net-in məlumatına görə, Paşinyan bununla Putinin hərbi ittifaqı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından narazılığını ifadə edib.
Onun sözlərinə görə, 2021-ci ilin mayından 2022-ci ilin 13 sentyabrına qədər olan dövrdə Azərbaycanla hərbi qarşıdurma zamanı Ermənistanın təhlükəsizlik müttəfiqləri ya passiv müşahidəçi statusunda qalmağı üstün tutublar, ya da alternativ olaraq aktiv müşahidəçi statusu təklif ediblər.
Lakin baş nazirin sözlərinə görə, Ermənistan dünyada tək qalmayıb.
"Mən bu vəziyyətə biganə qalmayan və ölkəmiz qarşısında heç bir öhdəliyi olmayan, regionumuzda təhlükəsizlik və sabitliyin bərqərar olunmasına dəstək olaraq görünməmiş qərarlar qəbul edən ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür etmək istəyirəm", - Ermənistan hökumətinin başçısı bildirib.
O, bəyan edib ki, Ermənistan müstəqil, suveren, firavan və təhlükəsiz dövlət uğrunda mübarizə aparır.
Paşinyanın sözlərinə görə, Ermənistan 29 800 kvadrat kilometrlik ərazisini qorumaq üçün çətin yoldan keçir.