Darya Duqina niyə öldürüldü?
Azər Qasımov: "Bu sui-qəsddə o qədər naməlum nüanslar vardır ki, detallar hiylələrlə örtülə bilər"
Dünya siyasət gündəmini zəbt edən, kimilərə görə Rusiya prezidenti Vladimir Putinin ideoloqu, fikir mərkəzi, "Neoavrasiyaçı" düşüncəsinin banilərindən biri, kimilərə görə Putinin "Rasputini", kimilərə görə rus şovinizminin simvolu, kimilərə görə isə qəddar nasist təfəkkürlü qoca olan Duqinin qızı Darya Duqinanın öz avtomobilində partladılaraq öldürülməsi olayı ətrafında cərəyan edən hadisələr çox böyük proseslərin istər Rusiyanı, isərsə də dünya siyasət arenasını gözlədiyinin xəbərçisidir.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
Onun fikrincə, Duqin deyiləndə: "Neoarasiyaçılığın" ən əhəmiyyətli yaşayan banisi, bu düşüncənin qurucusu, müdafiəçisi, "Rus dünyası" tezisinin yaradıcısı göz önündə canlanır. "Rus dünyası" deyiləndə, Rusiyanın təbii sərhədlərinə çatması fikrini müdafiə edib, yəni Rusiyanı, Belarusu, Ukrayna və Moldovanı da əhatə edib, Rusiyanın birlikdə Qərbə qarşı cəbhə açaraq genişlənməsini müdafiə edilən fikrin yenə fikir yaradcısı bir insandır: "Təbii ki, Rusiyada bir müsbət imici varkən, Ukraynadan baxdıqda faşist, həddən çox sağçı və millətçi biri kimi görünür. Niyə? Çünki 2015-ci ildə Duqinin Odessada öldürülən etnik ruslar barədə danışarkən belə bir açıqlaması olmuşdu: "Ukraynalıları öldürməli, öldürməli, öldürməliyik. Danışmamalıyıq. Bunu bir professor olaraq söyləyirəm!".
Bunu o zamanlar demişdi ki, Rusiyanın ən köhnə, ən böyük universitetinin sosioloji bölümünün rəhbəri idi. Buna görə vəzifəsindən də kənarlaşdırılmışdı. Hətta Cənubi Osetiyaya çiynində tank vurmaq üçün raketatarla çəkilmiş şəkli də vardı. Dolayısı ilə Duqin təkcə fikir adamı deyil, həm meydanda orduya təsir edə bilən, həm də siyasətdə çox ciddi mesajlar verən və bunu da əməliyyat sahələrində tətbiq edilməsini istəyən bir fiqurdur. Qərbin tərəf bucağından baxdıqda isə Duqin Ukrayna müharibəsində rus təbliğatının gerçəklərini söyləyən və dolayısı ilə həm Amerikanın, həm də İngiltərənin sanksiyalar siyahısında olan bir insandır".
A.Qasımov deyib ki, Duqun hadisəyə kimi həm özünün, həmişə qızının ölüm təhdidləri aldığını, amma buna bir o qədər də əhəmiyyət vermədiyini söyləmişdi. Avtomobilin qeydiyyatının qızının adına olması hədəfin Duqinmi, ya yanlışlıqla qızımı hədəf alındı suallarını doğurur? Əslində Duqin də, qızı da cəmiyyətdə tanınmış insanlardır. Qızı Darya Duqina atasının mətbuatla əlaqələr müdirliyini həyata keçirirdi. Amma bununla yanaşı həm jurnalist, həm televiziyalarda Ukrayna müharibəsi ilə əlaqəli müharibənin haqlılığını müdafiə edən, atası Duqin qədər də olmasa, amma tanınan bir insan idi: "Atası ilə birlikdə həddən ziyadə sağçı millətçilərin Moskva ətrafında toplandığı "Traditsiya" adlı bir tədbirə gedirlər. Bura gələn heç bir avtomobil yoxlanılmır, maşın parkında heç bir kamera olmayıb. Burda maşının altına partlayıcı yerləşdirilir və sonda olanlar olur. Duqin son anda başqa maşınla qayıdası olur. Qızı öz maşınına əyləşir, sürücü ilə birlikdə yolda Moskvanın Odinsovo rayonunda, sonradan deyilənlərə görə, uzaqdan komanda ilə partladılan bomba işə düşür, Darya Duqina və sürücüsü faciəvi şəkildə həlak olurlar.
Bir neçə dəqiqədən sonra Duqinin hadisə yerinə gəlməsi və əlləri ilə başını tutaraq şok keçirməsi görünütüləri isə bütün xəbər kanallarına düşür. Çox acı, amma kimilərə görə isə, ibrətamiz görüntülər, yəni "nə əkərsən, onu da biçərsən" fikirləri altında hamı bunu izləyir.
Terror aktını "Rusiya milli respublika ordusu" adlı qruplaşma öz üzərinə götürür. Bu, yeni bir yaranmış, hətta varlıqlarını bu aksiya ilə elan edən bir təşkilatdır. Aralarında aktivistlərin, elm adamlarının, keçmiş ordu mənsublarının, Putin əleyhdarlarının olduğunu və dolayısı ilə Putin əleyhdarı bir təşkilat olduqlarını, Putinin slavyanlar arasında yaratdığı bu düşmənçiliyə qarşı olan, bunu dayandırmaq istəyən, Putini iqtidardan devirmək, onun dəstəklədiyi oliqarxları aradan götürmək istəyən bir ordu, təşkilat olduqlarını bəyan ediblər. Bir tərəfdən baxdıqda Qərbdən və Ukraynadan dəstəklənən, digər tərəfdən isə öz içlərindən təşkilatlanan silahlı bir qruplaşma olduqlarını bəyan edən, "gördüyünüz kimi belə bir silahlı sui-qəsdi biz planlaşdırıb, həyata keçirdik", "aksiyalarının davam edəcəyini"- deyən bir təşkilat. Amma Rusiyanın rəsmi dairələri bunu ciddi diqqətə almadı. İlk növbədə Ukraynanı hədəf göstərən açıqlama verən Mariya Zaxarova oldu. Ukraynanın bu terror aktında əli olduğunu qeyd etdi. Artıq Rusiya Federal Təhlükəsizlik Bürosu bunun ukraynalı tərəfindən törədildiyini iddia etdiyi qadının video görüntülərini yayıb və onun terror aktını törətdikdən sonra azyaşlı qızı ilə Estoniyaya keçdiyini bildirib".
Amma burda bir neçə nüans vardır ki, bu faktın doğruluğunu şübhə altına alır. Belə ki, süi-qəsdi törətməkdə şübhəli bilinən Natalya Vovk Şaban adlı Ukrayna kəşfiyyat idarəsinin əməkdaşı hesab edilən qadın hələ bir müddət əvvəl bu ilin aprelin 13-də "Nemezida" adlı Rusiya sülhməramlı saytında "Azov" batalyonunun döyüşçüsü kimi ortaya çıxıb, hansıki bu təşkilat Rusiyada terrorçu təşkilat kimi qadağan edilib: "FTB iddia edir ki, bu qadın öz leqal adı yazılan pasportu ilə Rusiya sərhəddini qadağan olunmuş bir təşkilatın üzvü olduğu bilindiyi halda keçir ki, bu necə ola bilər? O, nəinki Rusiya sərhəddini keçib ölkəyə daxil olur, eləcə də sakitcə Rusiyanı bu pasportla tərk edir. Ən maraqlısı isə düz bir aydan sonra tərk edir. Əslində bu qadın Rusiyaya "Donetck Xalq Respublikası"nın avtomobil nömrəsi ilə daxil olur, Ukrayna nömrəsi ilə Estoniya istiqamətində tərk edir, hətta Qazaxıstan nömrəsi ilə avtomobili idarə edir ki, bu, ikiqat şübhəli olmalı idi. Sonra ilkin olaraq Natalya Vovkun hədəfi Duqin olmalı idi, amma FTB bunun əksini söyləyir ki, hədəf Duqinin qızı olub. Onda sual yaranır ki, niyə Natalya Vovk bir ay boyu Duqinin qızı yaşadığı mənzilin yaxınlığında mənzil tutub, onu uzun müddət izlədiyi bir halda, elə sakit şəkildə öz evinin yanında öldürmədi, əməliyyatı daha təhlükəli bir məkanda, hansısa tədbir ərazisində həyata keçirib. Deməli, hədəf Darya Duqina olub".
Politoloqun fikrincə, hadisənin xronologiyası və gəlinən ilkin nəticələr bir daha onu deməyə əsas verir ki, aksiya yaxşı düşünülmüş, ən əsası isə yönəldildiyi şəxslərin kimliyi baxımından çox dəqiq seçilmiş, veriləcək mesaj baxımından isə müxtəlif versiyalara görə çoxşaxəli bir hadisədir.
Rusiya təbliğat maşını Darya Duqinanın ölümünü müasir dövrün yeni Pavlik Morozovları, Zoya Kosmodemyanskayaları kimi qələmə verəcək. Rus dövlətinin baş ideoloqu kimi Duqinin qızının seçilməsi isə bu məqsəd üçün ən “layiqli namizəd” idi. Bundan sonra Rus xalqı yeni “qəhrəmanının” adının sədaları altında Ukrayna cəbhəsində hücuma keçəcək, onun adı yazılmış mərmiləri Ukrayna xalqının və ordusunun üzərinə atacaq, onun intiqamını əlində bayraq edib yeni təbliğat ssenariləri quracaq: "Duqinin son anda təsadüfən başqa maşınla tədbirdən qayıtması həyatını xilas edib. Deməli, Duqin də hədəfdə olub. Terroru təşkil edən qüvvələr üçün Duqinin və qızının öldürülməsi nə kimi əhəmiyyət daşıya bilərdi?
Hesab etmək olar ki, Duqin rus təbliğat maşınının ideoloqu və lokomotivi kimi öldürülsə idi, Rusiya dövləti və xalqı dərin mənəvi və ideoloji zərbə alacaqdı. Duqin amma təsadüf nəticəsində ölmədi və artıq
bundan sonra qızı rus xalqının simvoluna çevrilmiş ata obrazında daha möhtəşəm və ideoloji təbliğat maşını kimi daha inandırıcı görünəcək”.
Konspiraloji olaraq sui-qəsdin törədilməsinin Qərb, Ukrayna kəşfiyyatı tərəfindən, hətta rus kəşfiyyatının özü tərəfindən belə törədilməsi versiyaları vardır. Bu versiyaların hər biri inandırıcı görünə bilər. Qərbin bu aktı törətməkdə marağı Rusiyanın ideoloji dayaqlarını sarsıtmaq ola bilər ki, bu, Qərbin dəsti-xəttinə bir o qədər də uyğun gəlməyən haldır. Qərb belə xırda işlərlə məşğul olmur. Qərb Rusiyanın ideoloji təbliğat dayaqlarını yerində, yəni Ukraynada döyüş meydanında yox etməyə üstünlük verir, nəinki şovinist bir qoca və onun süni şəkildə "yaradılmış" qızını öldürməklə özünü onların səviyyəsinə endirən akta imza atır. Eyni sözləri Ukrayna dövləti barəsində də demək olar. Belə ki, Ukrayna dövlət rəsmilərinin də dediyi kimi "Ukrayna demokratik dövlətdir, terror dövləti deyildir". Onun güclü Qərb və Avropa kimi dəstəkçiləri vardır. Fərdi olaraq hansısa ukraynalı bir qrupun bu sui-qəsdi törətmək ehtimalı üzərində dayanmaq olar. Bu ola biləcək versiyadır: "Həmin qrupun bu sui-qəsdi həyata keçirməyə mənəvi haqqı çatır desək, hesab edirəm ki, elə də böyük günah etmərik. Rusiyanın Ukraynada törətdikləri cinayətlər və ona dəstək duran putinçilərin hərəkətlərindən sonra kimsə belə bir aksiyaya əl atan birilərinə irad bildirə bilməz.
Rus hakimiyyətinin bu sui-qəsdi təşkil etməsi versiyası, ilk növbədə, Ukraynada rus ordusunun uğursuzluqları fonunda xalqda hakimiyyətə qarşı yaranan daxili narazılıqların istiqamətini xarici düşmənə yönəltmək cəhdi ola bilər. Rusiya bunu Ukraynaya daha sərt hücum etmək üçün istifadə edəcəyi şübhəsizdir.
Rusiyanın yaxın keçmişdə öldürülmüş Vladislav Listyevi, Boris Nemtsovu, Aleksandr Litvinenkonu, Boris Berezovskini, general Aleksandr Lebedi, Qalina Storovoytovanı, Viktor Polyaniçkonu misal çəkmək olar. Bura Skripalların, Sergey Navalnının zəhərlənərək öldürülməyə cəhd edilməsini də əlavə etsək, mənzərə aydın olur. İndi Rus dövləti üçün Duqinin qızı Darya Duqinanın, hətta Duqinin ölümü elə də böyük itki olmaz, amma bu itkinin ideoloji effekti onları qurban verməyə bəs edər.
Türkiyə mediasında bu sui-qəsdin onlarla əlaqəli olduğu versiyası da irəli sürülür. Türkiyə-Rusiya arasındakı münasibətlərə görə Duqinin hədəf alınması deyilir. Məsələ ondadır ki, "Avrasiyaçı" kimliyi ilə Duqin Türkiyədə də qəbul edilən bir simadır".
Duqinin Neoavrasiya ideyaları Türkiyə də bir çox siyasətçilərin dilindən düşmür.
Duqin nə qədər də Putinə yaxın adam olsa da, onlar arasında üzvi bir bağın olmaması diqqəti cəlb edir. Putin heç vaxt Duqinlə yan-yana dayanıb görüntü verməyib. Putin həmişə Duqinin aşırı milliyyətçi ultra sağ fikirlərini dəstəkləməsə də, onları həyata keçirməyə çalışıb.
A.Qasımov onu da qeyd edib ki, Duqin Azərbaycan və Qarabağ məsələsinə olan münasibətdə həmişə bizim tərəfimizdən kimi görünüb. Onun Azərbaycanı Rusiyanın yaratdığı Avrasiya birliyi və KTMT-yə dəvət etməsi isə ayrı bir mövzudur: "Əslində, bu, Ukrayna müharibəsində elə bir simvolik dönüş nöqtəsidir ki, uzun zamandır Ukraynanı Rusiyanın başında durduğu bir birliyə müharibə yolu ilə daxil etmək fikrini müdafiə edən birinin qızının öldürülməsi faktından söhbət gedir. Hədəfdə həqiqətən də, Duqinmi var idi, yoxsa qızımı var idi bunu hələlik kimsə bilmir. Hətta "İzvestiya" qəzeti bu müharibəni belə bir başlıqla verdi. Dedilər ki, "məni öldürməyən şey, başqasını öldürər".
Əslində "məni öldürməyən şey, məni gücləndirir" deyilir. Bundan sonra nə olacağı maraq doğurur. Belə hadisələrin artacağı gözləniləndir. Amma məsələ ondadır ki, artıq Putinin əlehdarları yox, onun dəstəkçiləri öldürülür. Bu sui-qəsddə o qədər naməlum nüanslar vardır ki, detallar hiylələrlə örtülə bilər, yəni tam gerçəyə çatdığını hesab edərkən yeni bir hiylə ilə qarşılaşa bilərsən ki, bütün bunlar Rusiyanın öz maraqlarını, intriqalarını davam etdirmək üçün quraşdırdığı planlar da ola bilər.
Bu süi-qəsdin Ukrayna dövlətinin üzərində qalması əsasən iki səbəbdən Rusiya üçün vacibdir. Birinci qeyd etdiyimiz kimi Rusiyada milli düşüncəni qaldırmaq, daha çox tərəfdar toplamaq baxımından. İkinci isə Ukrayna dövlətini Qərb və Avropanın yanında pis vəziyyətə düşürmək baxımdan. Fikirləşin ki, Qərb və Avropa Ukraynaya hər tərəfli dəstək verir, Ukrayna dövləti də terror hadisəsi törədir.
Beləliklə, Ukrayna-Rusiya müharibəsi son şiddətlə bütün cəbhələrdə davam edir. İstər döyüş meydanında, istərsə də kəşfiyyat və iqtisadi sahədə. Ukraynanın bu sui-qəsdi etməsi durumunda belə bunun iki müharibə edən dövlət arasında adı bir hal olduğu gerçəyini, müharibəni başladan tərəfin öz adına yazmağın vacibliyini və öldürülən Darya Duqinanın isə Ukraynada Rusiya tərəfindən öldürülən insanlardan fərqli olmadığını da vurğulamaq lazımdır".