Sizin Reklam Burada

"Ərdoğan dünyanı aclıqdan xilas edən siyasi lider statusu qazanıb"

"Ərdoğan dünyanı aclıqdan xilas edən siyasi lider statusu qazanıb"Elçin Xalidbəyli: "Kreml sahibi Soçi görüşündə Türkiyə liderinə bir çox məsələlər ilə bağlı ciddi güzəştlərə hazırdır"

Avqustun 5-də Türkiyə Prezidenti Ərdoğanın Rusiya Prezidenti Putinlə Soçidə görüşü olacaq.
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "Kanal 7"nin efirində bildirib ki, danışıqlarda taxıl daşınması müqaviləsi, ərzaq təhlükəsizliyi və Qara dənizdə gəmilərin hərəkəti məsələləri müzakirə olunacaq.
Bu kimi görüşlərin region üçün əhəmiyyəti və Ukrayna-Rusiya müharibəsinin səngiməsində nə kimi təsirləri ola bilər?

Politoloq Elçin Xalidbəyli "Xalq Cəbhəsi"nə verdiyi açıqlamasında deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri olduqca böyük əhəmiyyət daşıyır. Türkiyə lideri bir müddət öncə Rusiya prezidenti Vladimir Putin ilə İranda görüşmüşdü. Ancaq həmin görüşdə Türkiyə və Rusiya arasında müəyyən ziddiyyətlərin və maraq toqquşmalarının olduğu diqqətdən yayınmamışdı: "Xüsusilə də, Prezident Ərdoğanın Türkiyənin Suriyada PKK/PYD terror təşkilatına qarşı antiterror əməliyyatına hazırlaşması barədə bəyanatına Kreml sahibi iranlı həmkarı ilə birlikdə eriraz etmişdi.

Buna baxmayaraq, Prezident Ərdoğan hazırda beynəlxalq məkanda Türkiyənin mövqelərinin möhkəmləndirilməsinə nail olub. Rusiya prezidenti də istər-istəməz bu reallıqla barışmaq məcburiyyətindədir. Hazırda Türkiyə Rusiya üçün sivil dünyaya açılan yeganə “siyasi-iqtisadi pəncərə” rolunu oynayır. Yəqin ki, Kreml sahibi Rusiya üçün bu “pəncərə”nin də qapanmasını istəməz.

Ona görə də, hazırda “taxıl dəhlizi” ilə bağlı İstanbul anlaşması prezident Ərdoğanın beynəlxalq səviyyədə siyasi qələbəsi hesab olunur. İndi Türkiyə prezidenti dünyanı aclıqdan xilas edən siyasi lider statusu qazanıb. Hətta bəzi Qərb politoloqları prezident Ərdoğana Nobel mükafatı verilməsinin mümkünlüyünü də qətiyyən istisna etmirlər".

E.Xalidbəylinin fikrincə, məsələ ondadır ki, Türkiyə lideri hazırda Ukrayna prezidenti Volodimir Zelenskiyə və Kreml sahibi V.Putinə təsir göstərmək imkanı olan yeganə dövlət başçısıdır. Çünki, həm Ukrayna, həm də Rusiya prezidentinin Türkiyə lideri R.T.Ərdoğanı dinlədikləri inkaredilməz reallıqıdır. Qərb siyasi dairələrində Türkiyə üçün bu önəmli faktor ciddi qısqanclıqla qarşılansa da, prezident R.T.Ərdoğan bu nüfuzu hər iki tərəfə münasibətdə prinsipial və ədalətli mövqe tutması ilə qazanıb:

"Rusiya siyasi dairələrinə yaxın bəzi mənbələrə görə, Kreml sahibi qarşıdakı Soçi görüşündə Türkiyə liderinə bir çox məsələlər ilə bağlı ciddi güzəştlərə hazırdır. Ancaq Türkiyə üçün indi ən ciddi problem İraq və Suriya ərazisində olan PKK/PYD terror qruplaşmasıdır. Rəsmi Ankara bu problemdən ölkəni qorumaq üçün Türkiyə-Suriya sərhədləri boyunca 30 kilometrlik tampon bölgənin yaradılmasında israrlıdır. Bu məqsədlə Türkiyə Suriyanın sərhəd bölgəsində qısamüddətli antiterror əməliyyatı keçirtməyə hazırlaşır. Və bu barədə niyyətini də rəsmən bəyan edib.

Ancaq Türkiyənin NATO üzrə hərbi müttəfiqi ABŞ və dünyada təklənsə də rəsmi Ankaranın tərəfdaşlıq münasibətlərini qoruduğu Rusiya buna qəti şəkildə qarşı çıxır. Ona görə də, hazırda rəsmi Ankara bu iki dövlətin mövqeyindən ciddi şəkildə narazıdır. Və bu narazılığını da ən yüksək səviyyədə hər iki ölkənin diqqətinə çatdırır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu son açıqlamasında ABŞ və Rusiyanı verilən vədləri yerinə yetirməməkdə suçlayıb. Onun sözlərinə görə, ABŞ və Rusiya PKK/PYD terror qruplaşmasının Türkiyə sərhədlərindən uzaqlaşdırılacağını bildirsələr də, bu məsələ hələ də həll olunmayıb. Ona görə də, rəsmi Ankara bu problemi Türkiyə ordusunun keçirəcəyi antiterror əməliyyatı ilə nizamlamaq niyyətindədir".
Maraqlıdır ki, xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ordusunun sərhəd boyu antiterror əməliyyatına hazırlıq prosesini artıq yekunlaşdırmaq üzrə olduğunu da vurğulayıb. NATO-nun da terrorizmə qarşı mübarizədə Türkiyəyə dəstək verməli olduğunu bildirən xarici işlər naziri antiterror əməliyyatlarına hər an başlaya biləcəklərini deyib: "Türkiyəyə əngəl olmağa çalışırlar, ancaq bir gecə ayılıb, görəcəklər ki, antiterror əməliyyatları başlayıb".

Bütün bunlara baxmayaraq, rəsmi Ankara antiterror əməliyyatları ilə bağlı prosesləri siyasi-diplomatik vasitələrlə nizamlamaq fikrindən hələ tam vaz keçməyib. Belə ki, prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələni Kreml sahibi Vladimir Putinlə növbəti dəfə müzakirə etmək niyyətindədir. Və Türkiyə liderinin bir neçə gün sonra reallaşacaq Rusiya səfərində bu məsələnin əsas mövzu olacağı ehtimal edilir:
"Bəzi iddialara görə, Türkiyənin Rusiyanı antiterror əməliyyatlarına neytral qalmağa inandıra biləcəyi də qətiyyən istisna deyil. Belə ki, "taxıl dəhlizi" ilə bağlı İstanbul anlaşmasına nail olan prezident Rəcəb Tayyib Ərdoğan Rusiyaya əlini ciddi şəkildə gücləndirərək gedir. İndi Türkiyə ilə münasibətlərin qorunması, rəsmi Ankaranın narazı salınmaması Kreml üçün olduqca böyük əhəmiyyət daşıyır.

Məsələ ondadır ki, prezident Rəcəb Tayyib Ərdoğanın sayəsində reallaşan "taxıl dəhlizi" Kremlə əlavə manevr imkanları açıb. Bir tərəfdən Rusiya beynəlxalq rəqibləri ilə səhnəarxası "siyasi bazarlıq" faktoru qazanıb. Digər tərəfdən isə idxal-ixrac embarqoları ilə çətin duruma düşən Kreml Rusiya taxıl məhsullarının dünya bazarlarına çıxarılması şansı əldə edib. Və Kreml sahibi bütün bunlara görə borclu olduğu Türkiyə liderini indiki taleyüklü mərhələdə özündən narazı salmaqda maraqlı deyil".

Politoloqun fikrincə, Kreml sahibi indi Türkiyə liderinə önəmli geopolitik güzəştlərə hazır olsa da, bunun əvəzində Rusiya prezidenti Türkiyənin daha effektiv strateji tərəfdaşlığına da ümid bəsləyir. Xüsusilə də, Kreml sahibi Türkiyə liderindən Ukrayna savaşının Rusiyanın maraqlarına yaxın şərtlər çərçivəsində yekunlaşdırılması istiqamətində prinsipial dəstək gözləyir. Və prezident Vladimir Putinin Türk həmkarının bunu bacara biləcək imkanlara və təsir gücünə sahib olduğuna inandığı da bildirilir:

"Təbii ki, Kreml sahibi Türkiyə prezidentini narazı salacağı təqdirdə, rəsmi Ankaranın Rusiya siyasətində müəyyən dəyişikliklərin ola biləcəyini də mütləq nəzərə almaq məcburiyyətindədir. Hər halda, Türkiyə üçün prinsipial xarakter daşıyan məsələyə Rusiyanın müqavimət göstərməsi rəsmi Ankaranın sonrakı davranışlarına təsirsiz ötüşə bilməz. Və bu, Rusiya üçün o qədər də məmnunedici nəticələr doğurmaz.
Bütün bunları nəzərə aldıqda, hazırda Türkiyədən asılı vəziyyətə düşməkdə olan Kremlin rəsmi Ankaranın Rusiyadan üz çevirməməsi üçün əlindən gələn hər şeyi edəcəyini düşünmək olar. Bu baxımdan, Kreml sahibi Vladimir Putinin prezident Rəcəb Tayyib Ərdoğana Türkiyənin antiterror əməliyyatlarına Rusiyanın neytral qalacağını vəd edə biləcəyi qətiyyən istisna deyil. Və bu, o deməkdir ki, prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyadan öz əsas hədəfinə çataraq, dönəcəyini ehtimal etmək mümkündür".

Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyadan döndükdən qısa müddət sonra Türkiyənin Suriyada antiterror əməliyyatlarına başlaya biləcəyini düşünmək olar. Hətta Kreml buna qarşı çıxmış olsa belə, Türkiyə bu addımı atacaq. Ancaq Kreml sahibi ilə anlaşma bir tərəfdən Rusiyanın neytral qalmasını, digər tərəfdən isə Suriyadakı Əsəd rejiminin baş verənləri indiki kimi etirazla deyil, məhz sükutla müşahidə etməsini təmin edəcək.

Ona görə də hesab etmək olar ki, Soçidə keçiriləcək Ərdoğan-Putin görüşündə “taxıl dəhlizi”, ərzaq təhlükəsizliyi və Qara dənizdə gəmilərin hərəkəti ilə bağlı mövzular ikinci dərəcəli xarakter daşıya bilər. Çünki, rəsmi Ankara bu məsələləri İstanbul anlaşmasının imzalanmasına nail olmaqla, böyük ölçüdə reallaşdırıb:

"İndi rəsmi Ankara üçün Türkiyənin milli təhlükəsizlik maraqları daha ön planda yer alır. Əks halda, prezident R.T.Ərdoğan sadəcə, “taxıl dəhlizi” üzrə İstanbul anlaşmasının icrasını müzakirə etmək üçün Rusiyaya səfər etməzdi. Yəni, bu mövzu digər siyasi-diplomatik təmas variantları üzrə də nizamlana bilərdi. Halbuki, Ukrayna taxılı ilə yüklənmiş gəmilər hərəkətə başladığından artıq bu məsələ ətrafında elə bir ciddi problemin olduğunu iddia etmək də çətindir.
Belə anlaşılır ki, Türkiyə liderinin Kreml sahibi ilə birbaşa görüşüb, müzakirəsinə ehtiyac duyduğu daha fərqli və ciddi mövzular var. Həmin mövzuların sırasında Türkiyə ordusunun Suriyada keçirəcəyi anterror əməliyyatına Rusiyanın neytral qalması ilə bağlı məsələnin ön planda olduğu qətiyyən şübhə doğurmur. Eyni zamanda, Türkiyə prezidentinin Kreml sahibi ilə Cənubi Qafqazda baş verənləri və bu bölgədəki geopolitik prosesləri də müzakirə edəı biləcəyi qətiyyən istisna deyil.

Eyni zamanda, Kreml sahibinin də təşəbbüsü ilə Ukrayna savaşı ətrafında Türkiyənin vasitəçiliyi üzərindən sülh prosesinin intensivləşdirilməsi ilə bağlı mövzunun da müzakirəsi qaçılmaz görünür. Çünki, Kremlin Rusiyanın tamamilə çökə biləcəyini nəzərə alaraq, ən yaxın vaxtlarda Ukrayna savaşının öz şərtlərinə uyğun şəkildə dayandırılmasında maraqlı olduğu qətiyyən şübhə doğurmur. Və bu məsələdə Türkiyə həm Rusiyanın, həm də Ukraynanın güvənə biləcəyi yeganə dövlət statusuna da sahibdir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər