İrana qarşı hərbi müdaxilə həmişə açıqdır

İrana qarşı hərbi müdaxilə həmişə açıqdırVüqar Dadaşov: “İndiki vəziyyətdə ABŞ-a İranla danışıqlardan çıxmaq yox, onu uzatmaq daha sərfəlidir”

İranın nüvə silahı əldə edəcəyi ilə bağlı məsələ zaman-zaman dünyanın müzakirə mövzularından birinə çevrilsə də, hələ ortaq məxrəcə gəlinməyib. Bu məsələ ilə bağlı son günlər verilən rəsmi açıqlamalar vəziyyətin daha da gərginləşə biləcəyindən xəbər verir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İspaniyanın “Pais” qəzetinə müsahibəsində deyib ki, İranın nüvə proqramı ilə bağlı öhdəliklərindən tədricən imtina etməsi onun nüvə silahı hazırlaması demək deyil. “Bu gün 2015-ci ildəkindən xeyli çox, İranda əhəmiyyətli dərəcədə artmış nüvə proqramımız var. Bu artım təkcə kəmiyyət deyil, həm də keyfiyyət xarakterlidir", deyə Qrossi bildirib.

O fikirlərini belə davam etdirib: “Bu o demək deyil ki, İran nüvə silahı istehsal edir”, deyə BAEA-nin sədri, İranda 60 faizlik zənginləşdirilmə işinin hədəf və məqsədi barədə şübhələrin olmasına eyham vurub.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru işarə edib ki, İran tədricən nüvə proqramı ilə bağlı öhdəliklərini tərk edir.

Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan nüvə sazişi ilə bağlı məsələlərin 96%-ni özündə əks etdirən saziş layihəsinin əldə olunduğunu açıqlayıb.

"Reuters" xəbər agentliyi yüksək vəzifəli Avropa İttifaqı rəsmisinə istinadən məlumat yayıb ki, İranın nüvə sazişinin yenilənməsi üzrə danışıqlar yekunlaşmaq üzrədir, lakin bu danışıqların Tehranla digər dövlətlər arasında razılaşmaya gətirib çıxaracağı bəlli deyil.

Mənbə qeyd edib ki, danışıqlarda ciddi irəliləyiş əldə olunub.

"Dohada danışıqların bir raundunu keçirdik, bu da nəticə vermədi. Biz Tehrandan və amerikalılardan bəzi ideyalar gözləyirik”, - Aİ rəsmisi bildirib.

Fransanın xarici işlər naziri bəyan edib ki, razılaşmanın bərpasına bir neçə həftə qalıb və İran sazişi imzalayıb-imzalamayacağına qərar verməlidir.

Onu da qeyd edək ki, İranın nüvə proqramını məhdudlaşdıran saziş 2015-ci ildə imzalanıb. ABŞ-ın sabiq prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra müqavilədən çıxdığını elan edib. Bayden prezident seçildikdən sonra nüvə sazişinin bərpa ediləcəyini bildirib.

Vyanada bir sıra danışıqlar aparılsa da, mart ayından etibarən müzakirələr dayandırılıb. Buna səbəb Tehranın Vaşinqtondan İslam İnqilabı Keşikçiləri Korpusunu ABŞ-ın terrorçu təşkilatlar siyahısından çıxarmaqda israr etməsi olub.

Sazişin tərəfləri Almaniya, İngiltərə, Çin, Fransa və Rusiyadır.

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani ötən həftə keçirdiyi həftəlik mətbuat konfransında deyib ki, İranın nüvə proqramı üzrə saziş əldə etmək üçün şərait mövcuddur.

“Düşünürük ki, sazişin əldə olunması üçün ABŞ hökumətinin qərar qəbul etməsindən başqa əsaslı problem yoxdur”, - XİN rəsmisi bildirib.

O, İranın nüvə imkanlarının çox yüksək olduğunu qeyd edib: “Dəfələrlə qeyd etdiyimiz kimi, İranın nüvə texnologiyası tamamilə dinc xarakter daşıyır və Beynəlxalq Atom Enerjisi Agentliyinin daimi nəzarəti altındadır. Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin tez-tez və çoxsaylı səfərlərində, təşkilatın çox saylı hesabatlarında İranın nüvə texnologiyası və fəaliyyətinin sülhməramlı olduğu təsdiqlənib. Kütləvi qırğın silahları məsələsinə gəlincə isə, Ali Rəhbərin kütləvi qırğın silahlarının yaradılmaması ilə bağlı fətvası var. Bu barədə İranın baxış və mövqeyində heç bir dəyişiklik olmayıb”.

İranın keçmiş xarici işlər naziri Kamal Xərrazinin Tehranın atom bombası yaratmaq üçün texniki imkanları barədə bəyanatının yayılmasından bir neçə saat sonra keçmiş İran diplomatı Məhəmməd Cavad Laricani də televiziya proqramında deyib ki, İran nüvə silahı yaratmaq qərarına gəlsə, heç kim onun qarşısını ala bilməz.

“Xamneyinin fətvasına görə, bizə atom silahları da daxil olmaqla, kütləvi qırğın silahlarının istehsalına icazə verilmir, lakin nə vaxtsa bunu etmək istəsək, təbii ki, heç kim bizə mane ola bilməz. Özləri də bunu bilirlər”,- deyə o əlavə edib.

Laricani deyib ki, inanıram, nüvə danışıqları zamanı yaranan lənglik tez bir zamanda bərpa olunacaq və bu güc bombardman etməklə məhv edilə biləcək bir şey deyil”.

İyunun 28-də "Böyük yeddilik" (G7) dövlətlər qrupu Almaniyanın cənubunda keçirdikləri üç günlük toplantının sonunda qəbul etdiyi bəyanatda isə deyilir ki, İran heç vaxt nüvə silahı əldə etməməlidir.

"Biz İranın heç vaxt nüvə silahı əldə etməməsi ilə bağlı açıq öhdəliyimizi bir daha təsdiqləyirik. Diplomatik həll İranın nüvə proqramını məhdudlaşdırmağın ən yaxşı yoludur"-deyə, bəyanatın İranla bağlı olan hissəsində bildirilib.

Mövzu ilə bağlı politoloq Vüqar Dadaşov “Xalq Cəbhəsi”nə bildirib ki, son məlumatlara əsasən İranın Avropa ölkələri ilə yeni nüvə müzakirələri bitmək üzrədir. Bəzi analitiklərin və hətta Avropa İttifaqın İranla yeni nüvə razılaşmasının imzalanacağına inamsızlığı var: “Sözsüz ki, belə ehtimalı istisna etmək düzgün olmazdı. Sazişin mümkünlüyünə ABŞ-İsrail, ABŞ-Avropa ölkələri, Qərb-İran və Qərb-Rusiya kontekstindən baxmaq lazımdır. Əvvəla, beynəlxalq geosiyasi situasiya elə bir vəziyyəti ortaya çıxarıb ki, İranla razılaşmaya ümumən Avropa ölkələri çox maraqlıdır. Bunun bir neçə səbəbi var. Birinci səbəb sözsüz ki, Rusiyanın Ukraynada təcavüzkar müharibəsi fonunda İran və Rusiyanın daha çox yaxınlaşmasına imkan verməməkdir. Qərb dünyasının narahatçılığı bu günlərdə Tehranda keçirilən İran, Rusiya və Türkiyə Prezidentləri - İbrahim Rəisi, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Tehran sammitindən sonra daha da artıb. Rusiya da Tehran sammitini təbliğ etməklə onun əhəmiyyətini artırmağa çalışır. Putin isə az qala İranı Rusiyanın müttəfiqi kimi təqdim edir. Bütün Qərb dünyasının Rusiyaya qarşı olduğu bir dövrdə ona İran vasitəsi ilə əlavə nəfəs vermək təbii ki, avropalıların planında ola bilməz. Bu birinci məqam. Digər tərəfdən Avropanın Rusiya qazına alternativ axtardığı bir dövrdə və eləcə də Aİ-nın rəsmilərinin açıqlamalarına görə, Azərbaycanın müəllifi olduğu enerji proyektlərinə üstünlük veriləcəyi barədə açıqlamaları onu deməyə əsas verir ki, İran da Azərbaycan vasitəsi ilə öz enerji resurslarını realizə etməyə imkan qazanır, bu isə o deməkdir ki, İran həm də ağır iqtisadi vəziyyətini düzəltmək şansı əldə edir, ən başlıcası isə İran Qərb və Rusiya qarşıdurmasında Qərbə rəqib olmaq fikrində deyil. O ki, qaldı yeni nüvə razılaşmasının özünə, əvvəla qeyd etmək lazımdır ki, 2015-ci ildə imzalanmış həmin o nüvə razılaşmasının qüvvədə qalmasına həm Avropa və həm də İran çox maraqlı idi və məlumdur ki, ABŞ Tramp adminstrasiyası bu razılaşmadan çıxmaqla onu əhəmiyyətsiz hala saldı. Trampın qərarına zamanında Demokratlar Partiyası da qarşı çıxmışdı. Hazırda da Demokratların nümayəndəsi prezident Co Bayden baxmayaraq ki, İranla yeni nüvə razılaşmasının əleyhinədir. Bir məqam da ondan ibarətdir ki, köhnə nüvə razılaşması İranı daha çox sıxırdısa, yeni razılaşmada İranın maraqları daha geniş nəzərə alınır. Odur ki, İranla yeni nüvə razılaşmasının imzalanmasına ümid var sözsüz ki, ABŞ razı olarsa”.

V.Dadaşovun fikrincə, yeni sazişin taleyi sözüz ki, ABŞ-dan daha çox asılıdır. Hələ bu ilin may ayında Vyanada keçirilən görüşün nəticəsi olaraq bəlli idi ki, İranla yeni nüvə sazişin mətni hazırdır və İran rəsmlərinin o zaman verdiyi açıqlamalara görə sazişin imzalanmasına ABŞ mane olur. Vyana görüşü öncəsi İranın Ali dini rəhbəri Xameneyi "İrana nüvə silahı yox, nüvə enerjisi lazımdır" açıqlaması ilə İranın yeni sazişin imzalanmasına maraqlı və hazır olduğunu göstərir. Təbii ki, ABŞ-ın sərt mövqeyi hansı ki, sazişin imzalanmasını mümkünsüz edəcək əslində İsrailin mövqeyidir. İranla yeni nüvə sazişinin imzalanması artıq İsrailin İrana "nüvə" bəhanəsi ilə hərbi, siyasi müdaxiləsini mümkünsüz edir: “Məsələnin həll edilməməsi İrana qarşı hərbi müdaxiləni həmişə açıq saxlayır. İndiki vəziyyətdə ABŞ-a İranla danışıqlardan çıxmaq yox, onu uzatmaq daha sərfəlidir. Yeri gəlmişkən, İranla yeni nüvə sazişi ətrafında danışıqların uzadılmasın ABŞ-ın maraqlarına xidmət etməsi fikrini elə ABŞ prezidenti Co Bayden özü səsləndirib. Nəzərdən qaçırmayaq ki, bundan əvvəl Co Bayden çıxışında İranın nüvə silahı əldə etməyə imkan verməmək üçün hərbi müdaxilə variantını da mümkün olduğunu deyib. Əslində, indi Avropa ölkələri ilə İran arasında gedən danışıqlarının bir təsiredici mənası yoxdur, əgər Avropa yeni sazişi imzalamaq istəyirsə İranla yox, ABŞ-la danışıb onu razılığa gətirməlidir. Qısası yeni sazişin taleyi məhz ABŞ-ın mövqeyindən asılıdır. Bu mövqeyi isə dəyişdirə biləcək yeganə qüvvə Avropa ölkələrinin birlikdə və israrlı tələbləri ola bilər. Əgər ABŞ-la İsrail arasında İranın vurulmasına qərar verilibsə, hansı ki, belə razılaşmanın mövcudluğuna inam çoxdur, o halda İrana hərbi müdaxilənin legitimliyi üçün İranla yeni nüvə sazişinin imzalanması mümkünsüz görsənir hərçənd ki, ABŞ istənilən vaxt, istənilən dövlətə heç bir əsas olmadan da hərbi müdaxilə edib”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər