Aİ Rusiyaya qarşı beşinci sanksiyalar paketi hazırlayır
Avropa İttifaqı (Aİ) Ukraynaya hücumla əlaqədar Rusiyaya qarşı beşinci sanksiyalar paketi üzərində işləyir.
“Report” xəbər verir ki, bu barədə bazar ertəsi Aİ-dəki diplomatik mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.
“Biz beşinci sanksiyalar paketi üzərində işləyirik, bir çox yeni adlar təklif olunur”, - “Reuters” Aİ rəsmisindən sitat gətirib.
Bundan əlavə, Aİ diplomatları agentliyə bildiriblər ki, Baltikyanı ölkələr, o cümlədən Litva Moskvaya qarşı neft embarqosunda israrlıdır. Almaniya Avropada enerji qiymətləri yüksək olduğu üçün tələsik addımlar atmamaq barədə xəbərdarlıq edir.
Qeyd edək ki, bu gün Brüsseldə Aİ ölkələrinin xarici işlər və müdafiə nazirlərinin planlaşdırılmış görüşü keçiriləcək, əsas mövzu Ukraynadakı vəziyyət olacaq. Görüşdə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Josep Borrell nazirlərə münaqişənin inkişafı üçün mümkün ssenarilərin təhlilini təqdim edəcək.