Rusiyaya qarşı sanksiyalar Ermənistana ciddi təhlükələr yaradıb - Prezident
Rusiyaya qarşı sanksiyalar Ermənistana ciddi risklər və təhlükələr yaradır.
Bunu jurnalistlərə Ermənistanın yeni seçilmiş prezidenti Vaaqn Xaçatryan deyib.
İxtisasca iqtisadçı olan Xaçatryan hesab edir ki, heç bir iqtisadi analitik ağlına da gətirə bilməzdi ki, Ermənistanın ən böyük ticarət tərəfdaşı olan Rusiya çox qısa müddətdə belə məhdudiyyətlərə məruz qala bilər. Mövcud vəziyyət heç bir iqtisadi çərçivəyə sığmır.
"Əlbəttə, biz bunun nəticələrini qismən proqnozlaşdıra bilərik, amma inanın ki, bunu tam qiymətləndirmək mümkün deyil. Biz iqtisadi sistemimizi, xüsusən də maliyyə baxımından hazırlamağı bacarmalıyıq ki, Ermənistanın sadə vətəndaşlarına və biznes qurmaq üçün Ermənistana köçmüş insanlara xidmət edə bilsin”, - Xaçatryan qeyd edib.
O hesab edir ki, sabah vəziyyət 180 dərəcə dəyişə də bilər. Amma maliyyə axınının məhdudlaşdırılması mütləq Ermənistana mənfi təsir göstərəcək. Xaçatryan bildirib ki, vəziyyət bir qədər 90-cı illərin əvvəllərini xatırladır. Onda müstəqilliyini elan etmiş Ermənistanın maliyyə sistemi yenicə formalaşırdı. Maliyyə axınları üçün isə cari elektron sistemlərdən deyil, “əllə” üsullardan istifadə olunurdu - pul çantalarda daşınırdı.
O, həmçinin qeyd edib ki, Ermənistanın maliyyə sisteminə xarici amillərin təzyiqi ilin sonuna qədər davam edə bilər.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar bir sıra anti-Rusiya sanksiyaları tətbiq edib.
Martın 8-də ABŞ Rusiya nefti, bir sıra neft məhsulları, mayeləşdirilmiş təbii qaz və kömür idxalına qadağa qoyub. Bunun ardınca Böyük Britaniya 2022-ci ilin sonuna kimi Rusiyadan neft və neft məhsullarının idxalını dayandıracağını açıqlayıb.