Daha 50 vətəndaşımız Odessadan təxliyə olunur
“Gecə Odessada sakit keçib. Rusiya tərəfindən hücum gözlənilsə də, axşam hər şey qaydasında idi. Dünən təxliyə üçün azsaylı vətəndaşımız müraciət edib. Bu gün isə bir avtobusla vətəndaşlarımızı yola salmağı planlaşdırırıq”.
Bu barədə Odessa Azərbaycanlılarının Diasporu “Birlik” ictimai təşkilatının sədr müavini Anar Ağazadə məlumat verib.
“Vətəndaşlarımız tərəfindən son günlərdə müraciətlərin sayı azalıb. Bu gün 50-yə yaxın soydaşımızın təxliyəsi planlaşdırılır. Yəqin ki bu, nisbi-sakitliyin nəticəsidir. Nikolayev şəhərinə dünən hücum gözlənilirdi, hələlik ordan da bir xəbər yoxdur. Odessada yaşayan azərbaycanlılar həmçinin humanitar yardım qərargahlarına da köməklik edirlər. Bizim öz xəttimizlə indiyə qədər minə yaxın vətəndaşımız təxliyə olunub. Üstünlük əsasən qadın, körpə və tələbələrə verilir”,- diaspor nümayəndəsi bildirib.
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin yaydığı son məlumata görə, 8 mart 2022-ci il tarixinədək Azərbaycana 4375 nəfər (son sutka ərzində 1237 nəfər olmaqla) təxliyə edilib. Onların arasında çarter reysləri ilə təxliyə edilənlər 2298 nəfər, quru yolu ilə isə 2077 nəfər təşkil edib. Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 12 çarter reysi təşkil olunub.