"Biz hər hansı formada işğalın, ekspansiyanın, təcavüzün əleyhinəyik"
Rusiyanın separatçı "Donetsk və Luqansk Xalq Respublikaları"nın müstəqilliyini tanıması əlbəttə, ilk növbədə beynəlxalq hüququn kobud şəkildə pozulması kimi dəyərləndirilməlidir. Sözün düzü, belə bir hadisənin baş verəcəyi barədə öncədən də ehtimallar irəli sürülürdü, lakin heç kim proseslərin bu məcraya yönələcəyini gözləmirdi. Suveren Ukraynanın ərazisinin bir hissəsinin “müstəqilliyini” tanımaq beynəlxalq hüququ nəzərə almamaqdır və işğalın başqa bir formasıdır. Biz istənilən ölkənin ərazisinin, xəritəsinin bu və ya digər üsullarla, “hibrid müharibə” metodları ilə dəyişdirilməsinin əleyhinəyik.
Azərbaycanın həm Rusiya ilə, həm də Ukrayna ilə normal münasibətləri var. Hər iki ölkə ilə bir çox sahələrdə yaxından əməkdaşlıq edirik. Bu əməkdaşlığımız hər iki ölkə ilə bundan sonra da davam edəcək. Eyni zamanda hər bir postsovet ölkəsi kimi Ukraynanın da suverenliyini tanıyır və ərazi bütövlüyünü dəstəkləyirik. Azərbaycan kifayət qədər müstəqil siyasət yürüdən bir ölkədir. Üstəlik də separatçılıqdan, qonşu Ermənistanın terrorçu siyasətindən uzun illər əziyyət çəkmiş və hələ də çəkməkdə olan bir ölkədir. Ona görə də biz hər hansı formada işğalın, ekspansiyanın, təcavüzün əleyhinəyik. Bütün ölkələr bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri