İlhan Aşkınla “Qürbətdən Qarabağa”

İlhan Aşkınla “Qürbətdən Qarabağa”Bu yazımda sizə qəlbi Azərbaycanla bir vuran, Azərbaycana sevgisi ümmanlar qədər dərin, ən şad gününü- doğum gününü Vətənin müdafiəsi naminə öz sağlamlıq və əzalarını qurban verənlərə hədiyyələr təqdim etməklə taclandıran bir şəxsiyyət İlhan Aşkından söhbət açmaq istəyirəm.

İlhan Aşkın Avropada Azərbaycan bayrağının dalğalanmasına, onun adından cəməyyətlərin yaradılmasına səbəb olan şəxslərdəndir.

Bir an belə olsun yorulmadan xüsusi ilə Hollandiyada açılan dərnəklərin ən fəal üzvlərindən biri olan və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıran Vətən sevdalısı Avropada keçirilən mitinqlərin önündə gedirdi. Əgər qəlbin Vətən sevgisi ilə döyünürsə fəaliyyətində yorulmazsan. O da yorulmaq bilmədi. Gərgin iş rejimi və möhtəşəm cəhdlərin ardınca Hollandiya Türk-Azərbaycan Dərnəyinin sədri olan İlhan bəy yerli bələdiyyələr ilə əməkdaşlığı genişləndirərək idman, dil kursları kimi müxtəlif kurslar təşkil edir gəncləri mütəmadi dərnəyə səsləyirdi. Haqq səsin varsa o səsin qarşısını almağa cəhd edən mərdimazarlar da hökmən olacaqdır. Zaman-zaman Hollandiya qəzetləri və televiziyaları dərnəyin fəaliyyəti ilə bağlı xəbərlər və onun çalışqanlığı şübhəsiz ki, ermənilərin də diqqətini cəlb edirdi. Neçə dəfə dərnək daşqalaq edilib, pəncərələri sındırıldı. Bir mitinqdə etdiyi çıxışa görə onu məhkəməyə verdilər və həbs olunmasını istədilər. İlhan Aşkın isə soy adında olduğu kimi ilk günki qədər böyük eşq və həvəslə heç bir təhdiddən qorxmur, fəaliyyətində yorulmurdu.

Azərbaycanı sevən İlhan Aşkın bu gün daha bir mühüm işə imza atdı. Budur Türkiyə-Azərbaycan qardaşlığı, budur öz soykökünə bağlılıq və səxavət nümunəsi. Səxavət əbədi olaraq xatırlanacaq bir şeydir. Səxavətli davrandığınız insanlar bunu ömürləri boyu xatırlayacaqlar. Və eyni sürprizlə, bəzən də göz yaşları ilə. Gündəlik həyat dünyası səxavətdən uzaqdır ancaq o bunu bacardı. Əvvəlcə yüzlərlə əlil arabasını Türkiyənin İğdır şəhərinə apardı. Minlərlə avroya başa gələn və Avropada iş adamları tərəfindən maliyyələşdirilən bu arabalar “Qürbətdən Qarabağa” şüarı ilə Azərbaycanımıza göndərildi.

İlhan Aşkın artıq doğma diyarda, isti ocaqdadır. Öz həmşəhərlisi, “MİMAR” Dərnəyi Başqanı, Azərbaycanımızda yaşayıb fəaliyyət göstərən Yılmaz Okukluya Bakıdakı isti münasibət və fəaliyyətindəki dəstəyə görə minnətdarlığını bildirən Vətən fədaisi ad günündə də ürəyindəki bayrağı dalğalandırıb qazilərimizi və idmançılarımızı sevindirdi. Onu gah gülərüz və şad bir veteranın yanında ya da Azərbaycanımızın şanlı bayrağını dəfələrlə ən mötəbər yarışlarda və olimpiadalarda ən yüksək zirvəyə qaldıran paraolimpiya çempionu və rekordçuları Oloxan Musayev və Elvin Aslanov kimi aslanlarımızın yanında görəndə müharibədən sonrakı zəfərin ardınca bəxş olunan sevinc, ümid və coşğu ilə bu mənzərəni seyr edir siz dəyərli oxucularımıza təqdim edirəm.

Elsevər Məmmədov
jurnalist