8 noyabr – Şuşa şəhəri günü
44 günlük Vətən müharibəsinin hər günü şanlı zəfər tariximizin mühüm hissəsini təşkil edirdi. Ancaq tariximizə Zəfər Günü kimi əbədi həkk olunmuş Qarabağımızın incisi, mədəniyyətimizin beşiyi olan Şuşanın fəth olunması hərb tariximiz üçün xüsusi səhifə idi. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır və Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir. 44 gün içində hər gün irəli gedən, bir əsgəri belə fərarilik etməyən Orduya sahib olduğumuz üçün fəxr edirik.
Vətən müharibəsi və əldə edilən tarixi Zəfər bir çox gerçəklikləri, həqiqəti gün üzünə çıxardı. Zəfərə aparan yol ölkəmizdə milli həmrəyliyi daha da gücləndirdi, gücümüzə güc qatdı. Azərbaycan ərazisində yaşayan bütün xalqlar “Dəmir Yumruq” ətrafında sıx birləşərək tarixi qələbənin qazanılmasında böyük rol oynadılar. Bu qələbə bir daha xalq-iqtidar-ordu birliyinin yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirmiş oldu. Nəhayət, Vətən müharibəsindəki Qələbəmiz imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək. Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik.
Şuşa şəhərinin azad edildiyi 08 noyabr tarixi xalqımızın yaddaşında silinməz iz buraxmaqla yanaşı eyni zamanda bu gün Möhtərəm cənab Prezidentin müvafiq sərəncamına əsasən “Şuşa Şəhəri Günü” kimi tarixə düşmüş oldu. Qeyd etməliyik torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən müharibəsindən və Şuşanın işğaldan azad olunmasından artıq beş il müddət ötür. Ötən müddət ərzində görülmüş işlər və əldə edilən nəticələrə baxsaq əminliklə deyə bilərik ki, bütün bunlar Azərbaycanın gücünü və potensialını nümayiş etdirir. Erməni vandalları tərəfindən tamamilə dağıdılmış ərazilərə qısa müddət ərzində həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. İşğaldan azad edilmiş digər ərazilərimiz kimi Şuşanın da baş planı hazırlanmış və bu istiqamətdə işlər planlı şəkildə icra edilməkdədir.
Bu gün azad edilmiş və qələbə rəmzimiz olan Şuşa inkişaf və tərəqqi dövrünü yaşayır. “Böyük Qayıdış” istiqamətində həyata keçirilən bütün işlər dövlət başçımızın birbaşa diqqəti və nəzarəti altında icra edilməkdədir. Cənab Prezidentin vaxtaşırı işğaldan azad edilmiş ərazilərimizə səfərləri, görülən işlərlə yaxından tanış olması və yeni layihələrin təməlqoyma mərasimlərinin keçirilməsi olduqca əhəmiyyətlidir. Bu günün reallığı bir daha sübut edir ki, ötən müddət ərzində Möhtərəm cənab Prezident İlham Əliyevin dediyi sözlər, verdiyi vədlərin hamısı əməli təsdiqini tapıb. İnanırıq ki, Möhtərəm cənab Prezidentin rəhbərliyi altında Azərbaycan bundan sonra da daha böyük zirvələr fəth etməklə tarixi qələbələr əldə edəcəkdir.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
Son xəbərlər
