26 avqust: Laçın şəhəri gününün siyasi-hüquqi mənası və tarixi ədalətin təntənəsi

26 avqust Laçın şəhəri günü yalnız xatirə və yubiley təqvimi deyil; bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpası, beynəlxalq humanitar hüququn tələblərinin xatırladılması və dövlətin bərpa-quruculuq iradəsinin nümayişidir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinin Laçın adlandırılması və şəhər statusu alması, 1930-cu ildə isə Laçın rayonunun inzibati ərazi vahidi kimi formalaşması bölgənin tarixi-siyasi kimliyinin əsas sütunlarıdır. Bu kimlik 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələrinin işğalı ilə kobud şəkildə zədələnsə də, 2020-ci ilin sonu və 2022-ci ilin avqustu tarixi ədalətin bərpası üçün dönüş nöqtəsi oldu. İşğal illərində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdü.

Təkcə insani itkilərlə kifayətlənməyən işğalçılar 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsini, 462 ticarət obyektini, 30 rabitə, 133 idarə və müəssisəni, 5 musiqi məktəbini, 1 internat və 1 orta texniki peşə məktəbini, həmçinin avtonəqliyyat və müxtəlif təyinatlı istehsal sahələrini talan edib məhv etdilər. 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidənin vandalizmə məruz qalması təkcə milli irsə deyil, ümumbəşəri mədəniyyətə qarşı cinayət idi. Beynəlxalq humanitar hüququn, o cümlədən Cenevrə konvensiyalarının açıq pozuntuları Laçında coğrafi adların qanunsuz dəyişdirilməsi, təbii resursların talanı, qeyri-qanuni məskunlaşma və demoqrafik tərkibin zorakı transformasiyası ilə özünü göstərdi.

Bu əməllər işğalın müvəqqəti xarakter daşıdığını və hüquqi legitimliyə malik olmadığını bir daha təsdiqləyirdi. Azərbaycan isə bütün dövrlərdə beynəlxalq hüquqa sadiqliyini qorudu və ərazi bütövlüyü çərçivəsində sülh və ədalət gündəliyini davam etdirdi. Vətən müharibəsində qazanılan Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci il 1 dekabrda Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi isə bu günün — Laçın şəhəri gününün məzmununu tarixi fakt kimi möhkəmləndirdi. Həmin gündən Laçın Azərbaycanın suveren idarəetmə məkanına qayıdaraq təhlükəsizlik, qanunçuluq və bərpa mərhələsinə daxil oldu. Dövlətin qəhrəman övladlarına ehtiramı ayrıca qeyd olunmalıdır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçının azad edilməsi uğrunda döyüş əməliyyatlarında igidlik göstərən 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olundu. Bu təltif yalnız fərdi şücaətin qiymətləndirilməsi deyil, həm də milli həmrəyliyin, ordumuzun peşəkarlığının və dövlətin qədirbilənliyinin rəmzidir.

26 avqustun Laçın şəhəri günü kimi təsis edilməsi Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri sisteminin mühüm hissəsinə çevrildi. Bu qərar tarixi yaddaşın institusional mühafizəsini təmin edir, şəhər günlərini təkcə təntənə yox, həm də planlı inkişafın rəmzinə çevirir. Sərəncam, eyni zamanda, Laçında görülən işlərin ideoloji çərçivəsini “azad et, bərpa et, məskunlaşdır” ardıcıllığını daha da sistemləşdirdi. Prezident İlham Əliyevin “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur…” fikri Laçının bərpa fəlsəfəsinin ideya yükünü açıqlayır. Bu yanaşma konkret layihələrdə yol-nəqliyyat, yaşayış, sosial və mədəni infrastrukturun qurulmasında öz əksini tapır; bərpa işləri zövqlə, planlı, uzunmüddətli dayanıqlılıq hədəfləri ilə icra olunur. Bərpa mərhələsinin hüquqi-siyasi məğzi ondan ibarətdir ki, Laçında tətbiq olunan hər bir layihə beynəlxalq hüquqa uyğun suveren səlahiyyətin həyata keçirilməsidir. Nəticə etibarilə, şəhərin hər bir küçəsi, hər bir sosial obyekt, hər bir tarixi abidənin restavrasiyası 1992–2020-ci illər arasında pozulmuş hüquqların real həyatda bərpasıdır. Bu, həm də beynəlxalq ictimaiyyətə işğalın acı nəticələrinin aradan qaldırılmasının mümkünlüyü barədə praktik mesajdır.

Laçına qayıdış prosesi “Böyük Qayıdış” təkcə humanitar aksiya deyil, dövlətin sosial ədalət və rifah strategiyasının əsas xəttidir. Laçın şəhərinə 571 ailənin, Zabuxa 217 ailənin, Susa 59 ailənin, Bəyliyə 89 ailənin daimi məskunlaşdırılması ardıcıllığın göstəricisidir. Qayıdanların mənzil, təhsil, səhiyyə, məşğulluq və təhlükəsizlik tələbatlarının paralel təmin edilməsi isə bir daha dövlətin gücünü nümayiş etdirir.

Nəhayət, 26 avqust həm də Laçının regional və beynəlxalq layihələrdə yeni statusunu xatırladır. Aeroportun istifadəyə verilməsi, magistral yolların inşası, şəhərsalma konsepsiyasında “15 dəqiqəlik şəhər” prinsipinin tətbiqi, mədəniyyət və turizm infrastrukturu, sənaye parkı və müəssisələrin yaradılması Laçını yalnız bərpa olunmuş şəhər deyil, gələcəyin dayanıqlı inkişaf məkanı kimi təqdim edir.
Beləliklə, Laçın şəhəri günü 26 avqust tarixə ehtiram, hüquqa sədaqət və gələcəyə inamın sintezidir. Bu gün Laçın Azərbaycan dövlətçiliyinin gücünü, xalqın iradəsini və beynəlxalq hüququn bərpaedici potensialını eyni məcrada birləşdirir.

Şahin Seyidzadə
Milli Məclisin deputatı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər