"Qubadlının işğaldan azad edilməsi tarixi hər zaman qürur və fəxarət hissi ilə xatırlanacaq"
Strateji əhəmiyyəti ilə seçilən Qubadlı rayonunun işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsində qələbə əldə olunması baxımından mühüm önəm kəsb edirdi. Qubadlı əməliyyatı İkinci Qarabağ döyüşlərinin ən gərgin döyüşlərindən olmuşdur. 2020-ci il oktyabrn 25-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz böyük qəhrəmanlıq və fədakarlıq nümayiş etdirərək Qubadlı şəhərini və ətrafda yerləşən kəndləri işqaldan azad etmişdir. Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Bu baxımdan Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Qəhrəman Azərbaycan Ordusu bu peşəkarlığı və fədakarlığı göstərərək ilk növbədə, şəhərə hakim olan yüksəklikləri ələ keçirdi. Ətrafda yerləşən kəndlər, o cümlədən, Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi.
Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırdı. Şəhər işğaldan azad ediləndən sonra məlum oldu ki, ermənilər Xanlıqda istehkamlar və hərbi baza qurublar. Eyni zamanda, xaricdən gələn ermənilər üçün, elə xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salmışdılar. Bununla belə, Xanlıq kəndində qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri burada qanunsuz yollarla yerləşdirmişdilər. Bu da əlbəttə ki, müharibə cinayəti sayılır. Cenevrə konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Ermənistan bu cür cinayət əməllərinə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirıb.
K.Bayramov qeyd edib ki, bu gün Qubadlı yeni inkişaf dövrünü yaşayır. Qubadlı şəhəri və işğaldan azad edilən 41 kənd yenidən qurulur. İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimizdə bərpa-quruculuq işləri sürətlə aparılır. Prezident İlham Əliyevin işğaldan azad edilmiş digər ərazilərə olduğu kimi, Qubadlıya səfərləri də bir çox önəmli təməlqoyma və açılış tədbirləri ilə əlamətdar olması bir daha həmin rayon və bölgələrdə bərpa və yenidənqurma işlərinin böyük vüsətlə həyata keçirildiyindən xəbər verir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə – keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir. Ali Baş Komandan İlham Əliyev Qubadlıda rayon ictimaiyyəti ilə keçirdiyi görüşlərdə məhz, hər bir yaşayış məntəqəsinin işğaldan azad edilməsinin tarixi hadisə olduğunu bildirdi. Şəhidlərimizi hörmətlə yad etdi. Azad edilmiş bütün şəhər və kəndlərimizdə bərpa işləri başa çatandan sonra onların adlarının məktəblərə və küçələrə veriləcəyini də nəzərə çatdırdı.
Deputat diqqətəı çatdırıb ki, Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərdə tutur. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə də artırıla bilər. İşğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin mülki dövriyyəsi,eləcə də, qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq, ümumilikdə isə gömrük nəzarətinin tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində 27 oktyabr 2021-ci il tarixində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradılıb.
K.Bayramov əlavə edib ki, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib.
Sərəncama əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günüdür. Bu əlamətdar günün təsis olunması Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Zəfər tariximizin ən qürurverici hadisələrindən olan Qubadlı zəfəri Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olaraq hələ uzun illər xalqımızın yaddaşında qalacaqdır.