Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib
Müstəqillik tarixində respublikamız əksər region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda sıx əməkdaşlıq əlaqələri qurmağa nail olub. Bu kontekstdə Azərbaycanın keçmiş ittifaq respublikalarının iştirakı ilə yaradılan Müstəqil Dövlətlər Birliyində təmsilçiliyi də diqqət çəkir.
Oktyabrın 8-də Moskvada keçirilmiş Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev Azərbaycan-MDB əməkdaşlığının uğurla inkişaf etməsindən məmnunluğunu bildirib və keçmiş müttəfiq respublikaların birgə keçdikləri yolda, o cümlədən də İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasında Azərbaycanın mühüm rol oynadığını qeyd edib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib.
MDB dövlətləri arasında əməkdaşlığın mühüm bir istiqamətini humanitar-mədəni sahə təşkil edir. Bütün bunlar isə xalqları bir-birlərinə daha yaxın edir və onları zənginləşdirir. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Prezident İlham Əliyev bununla bağlı çıxışında bildirib: “Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”.
Həmçinin III MDB Oyunlarına ev sahibliyi hüququnun ölkəmizə verilməsi də təşkilat daxilində Azərbaycana inamın yüksək olmasının təsdiqidir. Növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək.
MDB dövlət başçılarının Zirvə görüşündə noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsinə bir daha dəstək ifadə olunub.
Bütün bunlar Azərbaycanın ən müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etmək gücündə və imkanında olduğunu təsdiqləyir.
Riyad RÜSTƏMLİ,
ADPU-nun rektor köçəkçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru