Xarici jurnalistlər Qarabağdakı məskunlaşma və dağıntılara baxdılar
Tərəfsiz (Parlament) Jurnalistləri İctimai Birliyinin təşkilatçılığı ilə üç ölkədən – Macarıstan, Bolqarıstan və Özbəkistandan olan jurnalistlərin Azərbaycana səfəri başa çatıb. Macarıstanın ən böyük çap media orqanı olan "Magyar Hirlap" qəzetinin redaktoru Zsolt Sütö Nagy, Bolqarıstanın Dövlət xəbər agentliyinin, “24 chasa” qəzeti və BTV kanalının təmsilçisi Nahidə Deniz, Özbəkistan Jurnalistlər Birliyinin üzvü, “Yoshlar” telekanalının baş redaktoru Həmzə Jumayev Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər, həmçinin Bakıda bir sıra görüşlərdə iştirak ediblər.
Xarici jurnalistlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində görüşdə olublar. Komitə sədri Rövşən Rzayev qonaqlara ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti, erməni işğalı nəticəsində doğma torpaqlarından didərgin düşən soydaşlarımızın üzləşdikləri çətinliklər, onların problemlərinin həlli istiqamətində Azərbaycan hökumətinin gördüyü tədbirlər, həmçinin 44 günlük Vətən müharibəsindən sonra yaranmış vəziyyət, işğaldan azad olunmuş ərazilərə qayıdış prosesi barədə məlumat verib.
Dövlət başçısının rəhbərliyi ilə hazırda işğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə öz doğma yurdlarına qayıdışının başlandığı bildirilib. Qonaqlar indiyədək Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yeni salınan yaşayış məntəqələrinə 8 min nəfərin köçürüldüyü barədə məlumatlandırılıb. Həmçinin bu ərazilərdə işğal dövründə ermənilərin yerləşdirdiyi mina və partlamamış hərbi sursatlarla bağlı təhlükənin qayıdışa ciddi maneə olduğu da diqqətə çatdırılıb.
Xarici jurnalistlər Bakıda Mətbuat Şurasının sədri və İdarə Heyətinin üzvləri ilə görüş keçiriblər. Şuranın sədri Rəşad Məcid qonaqlara mətbuatının hazırkı durumu, tarixi və inkişaf xüsusiyyətləri barədə geniş məlumat verib. Görüşdə Mətbuat Şurasının beynəlxalq media qurumları ilə əlaqələrindən danışılıb, türk dövlətlərinin media orqanları ilə münasibətlərin əhəmiyyəti vurğulanıb.
Cəbrayıla səfər zamanı xarici media nümayəndələri orada aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar, şəhərdə məskunlaşan sakinlərlə söhbət ediblər. Xarici jurnalistlərə bildirilib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə ilk köç karvanı cəmi bir neçə gün əvvəl gəlib. Bu müddətdə Cəbrayıl şəhərinə 77 ailənin, yəni 241 nəfərin daimi məskunlaşması təmin edilib.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri bu günədək çətin şəraitdə yaşadıqlarını, hazırda hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını bildiriblər.
q
Jurnalistlər Cəbrayılda erməni vandallığının izləri ilə də yaxından tanış olub, dağıdılan, yerlə-yeksan edilən bəzi kəndlərə baş çəkiblər. Vaxtilə rayonun ən böyük yaşayış məntəqəsi olmuş Böyük Mərcanlı kəndininin xarabalıqları xarici jurnalistlərdə erməni vandallığının miqyası barədə fikir formalaşdırıb. İşğaldan öncə 7 min nəfərdən çox sakini olmuş kənddə bircə salamat tikilinin qalmaması, xüsusilə qəbiristanlığın dağıdılması, məzarların təhqir olunması, başdaşılarının sındırılması əcnəbi jurnalistləri dəhşətə gətirib.
Onlar dağıntıların miqyasının bu qədər böyük olduğunu təsəvvür etmədiklərini vurğulayıblar.
Sonra media nümayəndələri Füzuli şəhərinə səfər edərək burada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.
Füzuliyə qayıdan sakinlərin məşğulluğunun artırılması üçün aparılan genişmiqyaslı tədbirləri, yaşayış üçün yaradılan şəraiti müşahidə ediblər.
Yerli sakinlər bildiriblər ki, doğma rayona qayıdış illərlə çəkdikləri iztiraba, yurd həsrətinə son qoyub.
Keçmiş məcburi köçkünlər Füzulini yenidən qurub-yaradacaqlarını, əvvəlkindən daha gözəl, abad vəziyyətə gətirəcəklərini qeyd edərək, dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayıblar.
İndiyədək Füzuli şəhərinə 820-dən çox ailənin (3100 dən çox sakin) daimi məskunlaşması təmin edildiyi, bu şəxslərin son illərdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşdıqları bildirilib.
Qonaqlar Füzulidə inşa olunmuş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbə də baş çəkib, müəllim və şagirdlərlə söhbətləşiblər. Özbəkistan Respublikasının maliyyə dəstəyilə tikilmiş məktəbdəki şərait əcnəbi jurnalistlər tərəfindən yüksək qiymətləndirilib.
Səfər zamanı xarici KİV nümayəndələri Füzuli rayonu ərazisindəki minalanmış sahələri də müşahidə edib, oradan fotoşəkillər çəkiblər.
Xarici jurnalistlər Bakı səfəri zamanı müasir toy mərasiminə də şahidlik edib, Azərbaycan xalqının maraqlı adət-ənənələri il tanış olublar.
Qeyd edək ki, səfər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən “Köçkünlüyə son: məskunlaşma prosesinin xarici mediada təbliği” layihəsi çərçivəsində reallaşdırılıb. Səfərdən sonra xarici media nümayəndələri təmsil etdikləri media qurumlarında məskunlaşma prosesinə dair materiallar paylaşacaqlar. Bundan əlavə, layihə çərçivəsində “İrəvana doğru” populyar internet proqramı çərçivəsində məskunlaşma prosesinə dair müzakirələr təşkil edilib.