Şimali Kiprdən gələn şəhid ailələri Şuşada
Şimali Kipr Türk Cümhuriyyətdən gələn şəhid ailələrinin Qarabağa səfəri başlayıb.
Avrasiya.net xəbər verir ki, bu, Şimali Kiprdən olan şəhid ailələrinin Azərbaycana geniş tərkibli ilk səfəridir.
Şəhid ailələrinin Qarabağa səfəri Şuşa şəhərindən başlayıb. Şəhid ailələrinə Şuşanın qədim tarixi, mədəniyyəti və burada doğulan məşhur şəxsiyyətlər barədə ətraflı məlumat verilib. Həmçinin Şuşanın işğal altında olduğu uzun müddət ərzində ermənilərin şəhərdəki tarixi abidələrə və maddi-mədəniyyət nümunələrinə qarşı törətdikləri vandalizm aktları qonaqların diqqətinə çatdırılıb.
Qonaqlarla ünsiyyətdə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan əsgərlərinin Şuşanı işğaldan azad etmək üçün böyük əzmlə keçdikləri çətin yollardan, qazanılan tarixi zəfərdən söz açılıb. Onlar həmçinin şəhər işğaldan azad edildikdən sonra Şuşada aparılan bərpa-yenidənqurma işləri ilə tanış olublar, tarixi məkanlara baxıblar.
Qeyd edək ki, şəhid ailələrinin təmsilçiləri Qarabağa səfərləri çərçivəsində Xocalı və Ağdamda da olacaqlar.