Şuşaya həyat yenidən qayıdır
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
“Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər” – cari ilin 10 may tarixində Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vurğulamışdır.
Bildiyimiz kimi cari ilin 10 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşaya səfər etmiş və səfər çərçivəsində bir sıra infrastrultur layihələrinin təməlqoyma mərasimində iştirak etdikdən sonra işğaldan azad edilmiş Şuşa şəhərinə köçmüş sakinlərlə görüşərək onlara dövlətimiz tərəfindən inşa edilmiş yaşayış evlərinin açarlarını təqdim etmişdir. Sakinlərlə görüşdə çıxış edən dövlətimizin başçısı bir sıra məqamlara toxunmuş və mühüm mesajlar vermişdir. Tədbirdə çıxış edən cənab Prezident sakinləri Şuşa şəhərinə köç etmələri münasibətilə ürəkdən təbrik edərək Azərbaycan dövləti tərəfindən ötən müddət ərzində Şuşada və işğaldan azad edilmiş digər ərazilərimizdə həyata keçirilən quruculuq işlərindən bəhs etdi. Cənab Prezident çıxışı zamanı Şuşa şəhərində ötən müddət ərzində aparılan genişmiqyaslı işlər nəticəsində Şuşa şəhərinin soydaşlarımız üçün ən yüksək səviyyədə qurulmasından danışaraq qeyd etdi ki, artıq may ayının 10-dan başlayaraq Şuşalılar öz doğma yurdlarına qayıtmağa başlamışdır. Qeyd etməliyik ki, müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olan Şuşa şəhərinə sakinlərimizin köç etməsinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə təsadüf etməsi isə mühüm tarixi əhəmiyyət kəsb edirdi.
2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi və davamında həyata keçirilən antiterror əməliyyatları zamanı Azərbaycan xalqı öz dövlət başçısı və ordusu ətrafında sıx birləşərək parlaq qələbənin qazanılmasında önəmli rol oynamış oldu. Döyüş meydanında qazanılmış zəfər nəticəsində qısa vaxt ərzində işğal altındakı torpaqlarımız düşməndən azad edildi. Bununla da milli suverenliyimizin tam bərpası nəticəsində üçrəngli dövlət bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə dalğalanmağa başladı. Hər qarışı bizim üçün əziz olan işğal altındakı ərazilərimiz içərisində xüsusilə Şuşanın işğaldan azad edilməsi mühüm əhəmiyyətə malik idi. Təsadüfü deyil ki, məhz Şuşanın azad edilməsi nəticəsində mənfur düşmən ağ bayraq qaldırmağa və kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Lakin təssüf hissi ilə qeyd etməliyik ki, işğal altında olduğu 28 il ərzində Şuşa şəhəri də digər işğal altında olan ərazilərimiz kimi erməni vandalizminin qurbanına çevrildi. Mənfur düşmən ötən 28 il ərzində Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində yerləşən yaşayış evləri, inzibati binalarla yanaşı tarixi-dini abidələrimizi dağıtmış, bununla kifayətlənməyərək hətta Şuşanı erməniləşdirməyə də çalışmışdır. Sakinlərlə görüşdə bu məsələyə toxunan cənab Prezident qeyd etmişdir ki, “Ermənilər Şuşanı viran qoyub, onu erməniləşdirməyə çalışıblar. Bu gün Aşağı Gövhər Ağa məscidinin təmiri ilə tanış olarkən orada içəridəki sütunların birində xaç gördüm. Yaxşı, məsciddə xaç ola bilər? Buna göz yumanlar, bu gün bizi hansısa cinayətlərdə, yaxud da ki, əməllərdə ittiham edənlər bunu görmürlərmi”?
Böyük qürur hissi ilə qeyd etməliyik ki, mənfur düşmən öz məkrli planlarını tam şəkildə həyata keçirə bilmədi və Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli ordumuzun sayəsində Şuşa şəhəri bu gün azaddır. Şuşanın gözəl təbiəti, əlverişli relyefi ölkəmizin turizm sahəsinin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə o cümlədən Şuşa şəhərində genişmiqyaslı tikinti quruculuq işləri geniş vüsət alıb. Ölkə başçısının aradan keçən müddət ərzində Şuşa şəhərinə dəfələrlə səfər etməsi və görülən işlərlə yerində tanış olması mühüm tarixi hadisə olmaqla yanaşı, eyni zamanda cənab Prezidentin diqqət və qayğısının bariz sübutudur. Görülmüş genişmiqyaslı işlər bizə deməyə əsas verir ki, artıq erməni vandalizminə məruz qalmış torpaqlarımıza o, cümlədən Şuşaya həyat yenidən qayıdır.