Zəngilan və Qubadlıda seçicilərin fəallığı müşahidə olunur
İşğaldan azad olunan Zəngilan və Qubadlı rayonlarında növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə başlayıb.
Avrasiya.net xəbər verir ki, qeydiyyata alınan seçicilər 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi nəzdində yaradılan 4 məntəqədə səsvermədə iştirak edəcəklər. Məntəqələrdən 3-ü Zəngilan, 1-i isə Qubadlı rayonu ərazisində yaradılıb.
Zəngilan və Qubadlı rayonlarının işğaldan azad edilən ərazilərində ümumilikdə 2919 seçici qeydiyyata alınıb. Qeydiyyata alınan seçicilər 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin nəzdində yaradılan 4 məntəqə üzrə səsvermədə iştirak edəcəklər.
Səsvermə məntəqələri bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.
Zəngilan rayonu Ağalı kəndində yaradılan 33 saylı məntəqə üzrə 971 nəfər, Alıbəyli kəndində “DOST” Aqroparkın binasında yaradılan 61 saylı məntəqə üzrə 615 nəfər, Ağbənd qəsəbəsində “KALYON” Şirkətinin inzibati binasında yaradılan 62 saylı məntəqə üzrə 561 nəfər, Qubadlı rayonu Xanlıq kəndində “POLATYOL” şirkətinin inzibati binasında yaradılan 63 saylı məntəqə üzrə isə 1387 nəfər səsvermə hüququndan istifadə edə biləcəklər.