"Qarabağ və Şərqi Zəngəzurda sosial dəstək proqramına QHT-lər də cəlb olunmalıdır" - QHT sədri
Avrasiya.net Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın vəkili Könül Quliyevanın təbliğat və təşviqat kampaniyası çərçivəsində İTV-nin radiosunda çıxışını təqdim edir"
Hörmətli radio dinləyicilərini qarşıdan gələn Prezident seçkilərində vəkili olduğum Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın adından salamlayır və onun belə bir məsuliyyətli dövrdə bir sıra məsələlərə münasibətini əks etdirən fikirləri sizinlə bölüşürəm.
Qeyd edildiyi kimi mövzumuz müasir dövlətimiz və cəmiyyətimiz üçün mühüm aktuallıq kəsb edən Böyük Qayıdışa dair Dövlət Proqramı ilə bağlıdır.
30 ildən çox həsrətində olduğumuz əzəli torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanın başçılıq etdiyi rəşadətli Ordumuzun parlaq qələbəsindən sonra qarşılaşdığımız yeni reallıqda bu Proqramın icrası olduqca böyük əhəmiyyətə malikdir. Çünki işğal dövründə bütün sosial, iqtisadi, mədəni və mülki infrastrukturu vəhşicəsinə məhv edilmiş ərazilərin bərpası və yenidən qurulması, Böyük Qayıdış proqramının reallaşdırılması Azərbaycan dövləti, Azərbaycan xalqı üçün sözün həqiqi mənasında taleyüklü məsələdir. İşğaldan azad olunmuş ərazilərin bərpasının, dayanıqlı və hərtərəfli inkişafının, milli iqtisadiyyata inteqrasiyasının və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi yeni reallıqda Azərbaycan dövlətinin daxili və xarici siyasətinin məntiqli davamıdır.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”nda bu ərazilərdə qabaqcıl standartlara uyğun təhsil müəssisələrinin yaradılması, yaşayış məntəqələrində müasir təhsil infrastrukturunun qurulması xüsusi olaraq qeyd edilmişdir. Əlbəttə ki, təqdirəlayiqdir. Amma təhsil, bildiyimiz kimi, elmə söykənir. Düşünürük ki, bu bölgədə təhsil ocaqları ilə yanaşı Azərbaycanda elmin inkişafına dəstək verə biləcək, bölgənin tarixi və arxeologiyası, ədəbi mühiti və incəsənəti, iqtisadi və mədəni həyatı ilə bağlı ciddi araşdırmalara təkan verəcək hər hansı bir elmi müəssisə və ya təşkilatın fəaliyyət göstərməsi də mühüm əhəmiyyət kəsb edə bilər. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan və Gəncə bölmələri kimi fəaliyyət göstərə biləcək Qarabağ Bölməsinin yaradılması, bu bölgədə müxtəlif elm sahələri üzrə ciddi araşdırmaların aparılması barədə də düşünməyə dəyər. Çünki 30-illik əsarətdən azad edilmiş Qarabağ ərazisi bu gün, bir qərinəlik sükutdan sonra çox zəngin elmi məlumatlar mənbəyidir.
Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi, yerli əhalinin əmək məşğulluğunun təmin edilməsi istiqamətində müəyyən addımların atılması da nəzərdə tutulmuşdur. Düşünürük ki, yeni inşa edilmiş və ya bərpa olunmuş şəhər və kəndlərə qayıdan əmək qabiliyyətli vətəndaşların, xüsusilə də gənclərin peşə və ixtisaslarına, bacarıq və maraqlarına uyğun işlə təmin edilməsi, bu ərazilərdə əmək bazarının formalaşması gündəlikdə duran və təxirəsalınmaz aktual məsələlərdən biridir. Kütləvi informasiya vasitələrində və sosial mediada ailələrin doğma yurdlarına qayıdışı, mənzillərlə təmin edilməsi geniş şərh olunur, yüksək əhval-ruhiyyə ilə qeyd edilir.
Lakin yaşayış yerini dəyişməklə iş yerini itirən əmək qabiliyyətli ailə üzvlərinin məşğulliyəti barədə demək olar ki, danışılmır. Əlbəttə hər bir kəsə bəllidir ki, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yaradılması ilə əmək qabiliyyətli ailə üzvlərinin işlə təmin olunması imkanı gerçəkləşir. Amma bu prosesin nə cür baş verdiyi, bu əraziyə köç edənlərə hansı imtiyazların tətbiq edildiyi və ümumiyyətlə vakant iş yerləri barədə məlumatlar geniş ictimaiyyətə açıqlanmır. Digər məsələ bu ərazilərdə yaşayan vətəndaşların işlə təmin olunmasında güzəştli vergi sisteminin tətbiq edilməsi ilə bağlıdır. Təhsil və səhiyyə işçilərinin əmək haqqından tutulan vergilərin azaldılması bu sahədə çalışanların fəaliyyətini stimullaşdıra bilər.
Hörmətli radio dinləcilirəri, əziz seçicilər, “Böyük Qayıdışa dair Dövlət Proqramı”nda işğaldan azad edilmiş ərazilərdə yerli əhaliyə sosial dəstək mexanizminin geniş tətbiqi ilə bağlı tədbirlərin təşkili və keçirilməsi də nəzərdə tutulmuşdur. Bu mexanizmlərin açıqlanmasına və izahına ehtiyac var: əhali ona göstəriləcək sosial dəstəklə bağlı nəzərdə tutulmuş tədbirlər barədə məlumatlandırılmalıdır. Bu istiqamətdə məqsədli maarifləndirmə işinin təşkili, bu işə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti təmsilçiləri – ictimai qurumlar və qeyri-hökumət təşkilatları fəal şəkildə cəlb olunmalıdır. Ümumiyyətlə, bu gün ölkədə fəaliyyət göstərən QHT-lərin Nizamnamələrində onların yerlərdə və xarici ölkələrdə filiallar və nümayəndəliklər yaratmaq hüququ təsbit edilmişdir. Bəs bu hüquqdan istifadə edən QHT-lərin sayı kifayət qədərdirmi?
“Böyük Qayıdışa dair Dövlət Proqramı”nın icrası fəaliyyəti əhalinin sosial problemlərinin həlli, əhalinin maarifləndirilməsi, xeyriyyəçiliklə bağlı olan təşkilatlar üçün bu istiqamətdə geniş imkanlar yaradır. Dövlət Böyük Qayıdışın gerçəkləşdiyi geniş coğrafi ərazidə qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin yaradılmasına həm mənəvi, həm də maddi dəstək göstərməkdə maraqlı olmalıdır. Çünki vətəndaş cəmiyyəti qurumları Dövlət Proqramının icrası ilə bağlı müəyyən funksiyaları öz üzərinə götürə bilər... Və götürməlidir də. Sadəcə, onlara dövlət tərəfindən müəyyən dəstək göstərilməlidir.
Əziz dinləyicilər maarifləndirmə işindən söz düşmüşkən... “Böyük Qayıdışa dair Dövlət Proqramı”nın icrası ilə bağlı mütəmadi olraq televiziya efirində və sosial mediada xəbər formatlı xüsusi verilişin yayımına da ehtiyac var. Ölkə əhalisi işğaldan azad edilmiş ərazilərdə nail olunması hədəflənən məqsədlər, həyata keçirilən yenidənqurma və bərpa işləri, həmçinin mövcud vəziyyət, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri barədə gündəlik məlumatlarla təmin olunmalıdır.
Yeni yaradılan və ya bərpa olunan yaşayış məntəqələrində əlçatan və keyfiyyətli tibb xidmətləri infrastrukturunun qurulması Dövlət Proqramında başlıca fəaliyyət istiqamətlərindən biri kimi yer almışdır. Qabaqcıl standartlara uyğun səhiyyə xidmətlərinin formalaşması, müasir tələblərə uyğun xəstəxana və klinikaların, poliklinika və tibb məntəqələrinin yaradılması, onların peşəkar kadr potensialı və ən mükəmməl tibbi-texniki avadanlıqla təmin edilməsi gündəlikdə duran aktual məsələlərdəndir ki, onların da həllinə tam ciddiliklə yanaşılmalıdır.
Məsələn Kəlbəcərdə yerləşən “İstisu” sanatoriyasının və bu kimi müalicəvi əhəmiyyətə malik digər məkanların yenidən qurulmasına xüsusi diqqət yetirilməli, bu işə xarici ölkələrin təcrübəli mütəxəssisləri cəlb olunmalıdırlar. Ancaq dərman istehsal edən əczaçılıq müəssisələrinin yaradılması məsələsi də nəzərdən qaçmamalıdır. Qarabağ torpağı təbii sərvətlərlə zəngindir. Burada xalq təbabətində geniş istifadə olunan dərman bitkiləri var və yerli əhali əsrlər boyu müxtəlif xəstəliklərin müalicəsində bu bitkilərdən faydalanıb. Niyə də bu bölgədə müalicəvi bitkilərdən dərman istehsal edən müəssisə yaradılmasın?! Ölkə əhalisinin tələbatını ödəməklə yanaşı, bu müəssisə təbii xammaldan hazırlanan dərman məhsullarını xarici ölkələrə də ixrac edə bilər. Yerli əhali də yeni iş yeri ilə təmin edilmiş olar.
Əziz seçicilər digər mühüm məsələ işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən yeni dövlət idarəetmə modelinin, yeni yaradılmış iqtisadi rayonlarda bərpa, tikinti və idarəetmə xidmətləri göstərən müvafiq publik hüquqi şəxslərin iş təcrübəsinin, bu ərazilərdə fəaliyyət göstərəcək sahibkarların stimullaşdırılması məqsədilə vergi-gömrük güzəştləri və digər dövlət təşviqlərindən istifadə ilə bağlı mexanizmlərin ölkə miqyasında tətbiq edilməsi imkanlarının öyrənilməsi və reallaşdırılmasından ibarətdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında uğurla sınaqdan çıxmış hər hansı bir idarəetmə modeli respublikanın digər bölgələrində də tətbiq edilə bilər.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından, zəngin təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə, bölgənin hərtərəfli inkişafının təmin edilməsi ilə bağlı tədbirlərin vahid proqram əsasında həyata keçirilməsi sözsüz ki, təqdirəlayiqdir. Lakin bu proqramın icrasına dair hesabatlılığın təmin edilməsi, ölkə əhalisinin görülən işlər barədə mütəmadi olaraq məlumatlandırılması heç də az əhəmiyyət kəsb etmir.
Böyük Qayıdışla bağlı hazırda görülən işlər və gələcəkdə həyata keçiriləcək quruculuq prosesini həm ölkə əhalisinin, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla əslində Azərbaycan dövlətinin iqtisadi qüdrətini, sülhə, əmin-amanlığa və tərəqqiyə sadiqliyini bir daha nümayiş etdirmiş olarıq.