"Xankəndidə keçirilən parad «dəmir yumruğ»un yerində olmasını bir daha nümayiş etdirdi"
“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı düşünülmüş siyasət və müasir orduquruculuğu sayəsində dünyanın ən güclü ordularından birinə çevirilən Azərbaycan Ordusu 44 gün ərzində şanlı Zəfərə imza atmaqla tarixi ədaləti bərpa etdi. Rəşadətli Ordumuz qarşısında diz çökən düşmən kapitulyasiya aktı imzalamağa məcbur oldu və bir güllə belə atmadan Ağdam, Kəlbəcər və Laçın rayonları düşmən tapdağından azad edildi. Bu üç rayonun itkisiz işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diplomatik müstəvidə əldə etdiyi möhtəşəm uğurun göstəricisidir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin məhz 2023-cü ildə tamamlanması “Heydər Əliyev İli”nə ən böyük töhfədir. Dövlətimizin başçısı İlham Əliyev Xankəndidən xalqa müraciətində böyük qürur hisi ilə bildirdi ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr uğurla icra edildi.”
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Ermənistan üçtərəfli Bəyanat imzalanarkən Qarabağdan çıxmasını üzərinə vəzifə olaraq götürdü, lakin, 3 ilə yaxın müddət ərzində yenə bu öhdəliyini icra etmədi, qoşunlarını Qarabağdan çıxartmadı. Bu ilin sentyabr ayının 19-da başlamış və 24 saatdan da az davam edən lokal xarakterli antiterror tədbirləri zamanı düşmənə növbəti dəfə sarsıdıcı zərbə vuruldu. Azərbaycan Ordusu yüksək peşəkarlıq göstərərək hərbi obyektləri sıradan çıxarıb, strateji yüksəklikləri ələ keçirdi və nəticədə düşməni təslim olmağa məcbur etdi. Bu, özü ilə birlikdə qondarma rejimin də birdəfəlik sonunu gətirdi. 8 Noyabr - Zəfər Günü Vətən müharibəsində qazanılmış tarixi Zəfərimizə həsr olunmuş möhtəşəm hərbi paradın Xankəndi şəhərində keçirilməsi dövlətimizin başçısının təbirincə desək «dəmir yumruğ»un yerində olmasının göstəricisidir.
Deputat diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi. Ancaq özlərinin etirafına görə 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olmuşdur. Dövlət başçımızın qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsindən sonra biz bir gün dayanmadan ordu quruculuğu prosesini sürətləndirirdik və bunu gizlətmirdik. Dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürdük. Sərhəddə mövqelərimizi tədricən yaxşılaşdırdıq və müxtəlif tədbirlər nəticəsində Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq. Bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət bizim nəzarətimizdədir. Keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində biz öz sərhədimizi tam olaraq qoruyuruq.
K.Bayramov əlavə edib ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfərlə Azərbaycan tarixində yeni mərhələ başladı. Bu mərhələ artıq azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə davam edir. İşğaldan azad olunmuş torpaqlarımıza yeni həyat qayıdır. Bu gün azadlığına qovuşmuş torpaqlarımızda şəhər və kəndlərimiz yenidən qurulur, yeni yollar çəkilir, Böyük Qayıdış mərhələli şəkildə həyata keçirilir”. Xankəndidə Zəfər Günü münasibətilə hərbi paradın keçirilməsi hər bir azərbaycanlıda sözlə ifadə olunmayacaq qədər böyük qürur hissi yaşatdı. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bu günkü Azərbaycan, məhz,Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.