Daha 25 ailə Füzuliyə yola DÜŞDÜ
Sentyabr 7-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Avrasiya.net xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 102 nəfər köçürülüb. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 95 ailənin, yəni, 349 nəfərin daimi məskunlaşması təmin edilib.
Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran şanlı Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.