Bundan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır
28 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib.
Qəbul zamanı çıxış edərkən bir sıra vacib məqamlara toxunan ölkə başçısı xüsusi nümayəndə təyin olunan Məsim Məmmədova müvafiq tapşırıqlarını vermişdir. Cənab Prezident ölkəmizin son illərdə daxili və xarici siyasətində əldə edilən uğurlardan geniş bəhs edərək bildirmişdir ki, hazırda Azərbaycan bütün sahələrdə böyük nailliyyətlər əldə edib. İqtisadi sahədə əldə edilmiş uğurlar digər sahələrin də inkişafına mühüm təkan vermişdir. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbəmizdən sonra dövlətimizin tarixində yeni bir mərhələnin başlanğıcı qoyulmuşdur. Hazırda qalib dövlət kimi qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş və erməni vandallığı nəticəsində dağıdılmış yaşayış yerlərinin yenidən bərpası və qurulmasıdır.
Sevindirici haldır ki, bu istiqamətdə hazırda çox böyük işlər görülür. Bütün infrastruktur yenidən qurulur, müasir tələblər səviyyəsində tikinti-quruculuq və bərpa işləri ən müasir tələblər səviyyəsində aparılır. Aparılan quruculuq və bərpa işləri bütün azad edilmiş ərazilərimizlə yanaşı Laçın rayonunda da geniş vüsət almaqdadır. İnşası davam edən Laçın hava limanının istifadəyə verilməsi isə gələcəkdə Laçın rayonunun əhəmiyyətini, eyni zamanda turizm potensialının inkişafına əlavə təkan verəcəkdir.
Cənab Prezidentin də qeyd etdiyi kimi Laçın rayonunda aparılan genişmiqyaslı işlər bizə deməyə əsas verir ki, quruculuq işləri yekunlaşdıqdan sonra Laçın şəhəri nəinki ölkəmizin, dünyanın ən gözəl şəhərlərindən biri olacaqdır.
Cənab Prezidentin xüsusi olaraq vurğuladığı əsas məsələlərdən biri isə ekologiya ilə bağlı oldu. Dövlətimizin başçısı qeyd etdi ki, bundan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır. Biz keçmiş köçkünləri qaytaracağıq, infrastruktur yaradacağıq və orada iş yerləri yaradılacaq, çox gözəl imkanlar yaradılacaq. Ancaq qayıdacaq hər bir keçmiş məcburi köçkün özü də bilməlidir, siz də mənim nümayəndəm kimi bilməlisiniz, biz ətraf mühiti qorumalıyıq.
Çünki ölkəmizin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulur, qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir. Yəni, siz mənim nümayəndəm kimi və bütün vətəndaşlar bilməlidirlər ki, burada qayda-qanun var, özbaşına heç kim heç bir iş görə bilməz. Qaydalar nədir, qanunlar nədir, hər kəs ona əməl etməlidir. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır. Yəni, bu hallara dözümlülük sıfır dərəcəsində olmalıdır.
Əminəm ki, öz dədə-baba torpaqlarına qayıdacaq bütün keçmiş köçkünlər, bax, bu amalla yaşayacaqlar. Dövlət orqanları onlara kömək etməlidir və nəzarət etməlidir ki, hər şey qayda-qanunla həll olunsun, tənzimlənsin. İnanırıq ki, Azərbaycanın öz imkanları hesabına işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri tezliklə yekunlaşacaq və soydaşlarımızın doğma yurdlarına Böyük Qayıdışı başa çatacaqdır.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri