Xarici səyyahlar Qarabağ səfərində
Azərbaycanda olan dünya səyyahlarının işğaldan azad olunan ərazilərə səfəri davam edir. Səfərin ikinci günü səyyahlar Xocavənd və Füzuli rayonlarına üz tutublar.
Avrasiya.net xəbər verir ki, 20-dən çox ölkədən 40-a yaxın səyyah heyətinin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veleydir.
Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır. Səyyahlar səfərin marşrutuna uyğun olaraq ikinci gün Xocavənd və Füzuli rayonlarında olacaqlar. Onlar qədim yaşayış məskəni Azıx mağarası, Xocavənd və Füzuli rayonlarında işğal zamanı ermənilər tərəfindən törədilən vandalizm və azad olunan ərazilərdə tikinti quruculuq işləri ilə tanış olacaqlar.
Qeyd edək ki, ötən 1 il ərzində dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil edilib.
Bu səfərlərdə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100-dən çox beynəlxalq səyahətçi iştirak edib. Bu sayca 4-cü analoji səfərdir. Bu dəfə heyətdə daha çox ölkədən nümayəndələr iştirak edirlər.