"Şuşa yerli və beynəlxaq səviyyəli tədbirlərə ev sahibliyi edir"
«Şuşa mədəni ənənələrini bərpa edir. Ölkəmizin mədəniyyət paytaxtında yerli və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi artıq, xəyal deyil. Aprelin 22-də Şuşa daha bir mötəbər tədbirə ev sahibliyi etdi. Bu əzəmətli tədbirin Şuşa şəhərində keçirilməsi tarixi bir hadisə kimi yadda qaldı. Ulu Öndərin davamçıları Dünya Azərbaycanlılarının V Qurultayını Azərbaycanın mədəniyyət paytaxtında keçirdilər. Qurultayın adı «Zəfər qurultayı»dır və bu, təbiidir. Çünki, tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları bir araya gəlir, qurultay keçirir. Ötən qurultaylardan fərqli olaraq, dəvətlilər bu dəfə qalib xalqın nümayəndələri kimi məhz, Şuşa şəhərində bir araya gəldilər. Şuşada iki gün ərzində keçirilən tarixi Zəfər Qurultayına dünyanın 65 ölkəsindən diaspor nümayəndəsi qatılmışdı. Göründüyü kimi, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində diaspor təşkilatlarının fəaliyyəti yeni reallıqlar fonunda uğurla davam edir.
Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə təkan olub. Qurultayda Şuşanın erməni vandalları tərəfindən dağıdılmış tarixi binalarının qarşısında quraşdırılmış tribunadan, həm dünya azərbaycanlılarına, həm, ermənilərə, həm də, illər boyunca işğala havadarlıq edən qüvvələrə önəmli mesajlar çatdırılıb.»
Avrasiya.net xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Azərbaycan torpaqları və bu torpaqlarda yaşayan soydaşlarımız, tarix boyu erməni təcavüzkarlarının təzyiqlərinə, məkirli siyasətinə və insanlıq əleyhinə yönəlmiş amansız cinayət əməllərinə məruz qalıb. Beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pərdələmək və Azərbaycanı bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Azərbaycan təkcə Ermənistanla müharibəni aparmayıb, eyni zamanda Ermənistanın himayədarları ilə də müharibə aparıb və nəticədə Qələbə qazanıb. Məhz, ona görə də, bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb.
Deputat vurğulayıb ki, Azərbaycan Vətən müharibəsində qalib gələn və hazırda şərtləri diktə edən tərəfdir. Odur ki, Ermənistan hakimiyyəti, eləcə də Qarabağda sülhməramlı missiyanı həyata keçirən Rusiya tərəfi Azərbaycanın tələblərinə daha diqqətli yanaşmalı, mövcud problemlərin aradan qaldırılması, o cümlədən, nəqliyyat infrastrukturunun bərpası kimi aktual məsələlərə töhfə verməyə çalışmalıdır. Çünki, müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. İnformasiya təxribatları bu gün də davam edir. Azərbaycan təkcə döyüş meydanında və diplomatik masada qalib deyil, eyni zamanda informasiya və media müstəvisində də qalibdir və hələ də aktiv mübarizə aparır. Postmüharibə dövründə göstərilən səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır.
K.Bayramov hesab edir ki, bütövlükdə müharibədə uğradıqları məğlubiyyətin ağır yükünü təkcə Ermənistanın bugünkü nəsli deyil, gələcək nəsli də daşıyacaq. Bu baxımdan da nə qədər ki, gec deyil, Ermənistan artıq aqressiv siyasət yürütməkdən əl çəkməli, region dövlətləri ilə ortaq nöqtələr tapmalıdır. Yalnız, belə olan halda Ermənistan düçar olduğu iqtisadi və siyasi çətinliklərin məngənəsindən yaxa qurtara bilər. Ermənistanın bu duruma düşməsinin əsas səbəbi isə onun rəhbərlərinin apardığı işğalçılıq siyasəti, Azərbaycanın məqsədyönlü siyasi kursu və möhtəşəm qələbəsidir.
Ölkə Prezidenti hər zaman bildirirdi ki, biz heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik. Beləliklə də şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. 20 faizə yaxın ərazimizin 27 ildən çox işğal altında qalması o torpaqlarımızın iqtisadi potensialından istifadəsinə imkan verməyib.
Artıq işğaldan azad olunan ərazilərimizin mövcud potensialını, xammal və təbii ehtiyatlarını və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyə yaxın artacağı proqnozlaşdırılır. Bu, o deməkdir ki, çox qısa zamanda həmin ərazilərimizdə yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik.
Xaricdə yaşayan azərbaycanlılarla bağlı düşüncələrini bölüşən,millət vəkili hesab edir ki, həmyerlilərimiz öz tarixi Vətəni ilə sıx bağlı olmalıdırlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, sözün hər mənasında çox yaxşı olar.
Zəfər Qurultayının bağlanış mərasimində iştirakçıların Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti qəbul olunub. Müraciətdə bildirilib ki, Qurultayın Şuşada keçirilməsi ciddi ictimai-siyasi hadisədir. Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən Azərbaycan Ordusunun «Dəmir yumruq» əməliyyatının incəlikləri dünyanın müxtəlif hərbi mərkəzləri tərəfindən öyrənilməkdədir. Bağlanış mərasiminin sonunda Zəfər Qurultayı iştirakçılarının Dünya Azərbaycanlılarına, UNESCO-ya və BMT-nin Ətraf Mühit Proqramına (UNEP), eləcə də, Ermənistanın işğalı nəticəsində Azərbaycanda yaranmış mina problemi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciətləri və Qurultayın qətnaməsi qəbul edilib.