Soydaşlarımızın yurd-yuvalarına qayıtmaları üçün kompleks tədbirlər görülür
12 aprel müşavirəsi ölkədaxili və xarici milli çağırışlar kontekstində mühüm bir hadisə kimi yadda qaldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə görülmüş işlər, buraxılan nöqsanlar təhlil olunmuş,eyni zamanda, gələcək fəaliyyətimiz üçün praktiki addımların atılması müəyyən edilmişdir.
Ölkə Prezidenti müşavirədə perspektivlərdən bəhs edərkən Azərbaycanın daha da güclənəcəyini, Ermənistanın isə inkişafının özündən və qonşu ölkələrlə münasibətindən asılı olduğunu bildirib. Məlum olduğu kimi, aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazinin birgə keçirilən görüşündə sülh müqaviləsinin hazırlanmasına dair razılıq əldə olunub. Ölkə başçısının çıxışında qeyd etmişdir ki, Müharibədən sonrakı dövrdə qarşıda duran əsas vəzifələrdən biri Ermənistanla münasibətləri normallaşdırmaq, sülh müqaviləsinin imzalanmasıdır. Bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, yeni əməkdaşlıq formatlarının yaradılması, kommunikasiyaların açılması və sair kimi mühüm addımların atılması üçün sülh müqaviləsinin imzalanması mütləqdir.
Azərbaycan Prezidentinin öz çıxışında toxunduğu incə bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır. Prezidentimiz dedi ki, bu gün Azərbaycan güclü, Ermənistan isə zəif tərəfdir. Ermənistanın bütün davranışı da məhz bu amillərə söykənir. Həqiqətən də əgər biz bir xalq olaraq 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən bizə qarşı aparılmış etnik təmizləmə və işğal siyasətini, Xocalı soyqırımını, digər qətliamları unutsaq, tarix bunu bizə bağışlamaz. Azərbaycan 30 il ərzində tam siyasi və iqtisadi müstəqilliyə nail oldu. Bu müstəqillik bizə 44 günlük Vətən müharibəsində qalib gəlmək və gələcək ordu quruculuğunu da öz gücümüzə əsaslanaraq aparmaq imkanı verib.
Prezident Hadrutda yaradılan komando birliklərinə və xüsusi təyinatlıların formalaşdırılmasına diqqəti çəkərək Azərbaycan ordusunun daima güclü olmasının vacibliyini qeyd etdi.
Dövlət başçısı İlham Əliyev müşavirədəki yekun nitqində qarşıdakı bir-iki il üçün işğaldan azad edilmiş torpaqlarda görüləcək işlərin miqyasını açıqladı. Bu işlər nəqliyyat infrastrukturunun yenilənməsi, bərpası, qaz, enerji xətlərinin çəkilişi, şəhərlərin baş planlarının hazırlanması, ərazilərin minalardan təmizlənməsi və Böyük Qayıdışın tezliklə reallığa çevrilməsidir.
Zəngilanın Ağalı kəndləri bu il sakinlərini qarşılayacaq. Bu il, həmçinin “Ağıllı kənd” layihəsi çərçivəsində Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq kəndlər də bərpa ediləcək. Bir sözlə, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmaları üçün kompleks tədbirlər görülür. Hər zaman verilən vədin, irəli sürülən təşəbbüslərin gerçəkliyə çevrildiyinin şahidi olan xalqımız işğaldan azad edilmiş ərazilərimizlə bağlı bütün planların real həyatda öz əksini tapacağına əmindir.
Nəticədə 12 aprel müşavirəsi ölkədaxili və xarici milli çağırışlar kontekstində mühüm bir hadisə kimi yadda qaldı.
Vüqar Kərimov
Balaca Həmyə kənd tam orta məktəbin direktoru.