"Artıq İranda həyat normal axarına dönür”

Artıq üç həftəyə yaxındır ki, İran daxilində sular durulmur, iqtisadi-sosial çətinliklər yaşayan narazı əhali ölkənin əksər şəhərlərində etiraz aksiyası keçirir. Bu azmış kimi, ABŞ və İsrail də açıq-aşkar əhalini iğtişaşlara səsləyir, hökuməti isə aksiyalara müdaxilə etdiyi təqdirdə ağır bədəl ödətdirəcəkləri ilə təhdid edirlər. Çox təəssüf ki, sivil etiraz aksiyaları sonradan əndazəni aşaraq iğtişaşlara çevrildi, dövlət və özəl sektora aid saysız-hesabsız əmlaka dağıdıcı ziyanlar vuruldu və nəticədə təhlükəsizlik qüvvələri ilə toqquşma yaşandı, çox sayda insanlar həyatını itirdi.

Bu arada, İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu çərşənbə axşama günü Tehrandan qayıdıb və fürsət bilib müsahibə üçün görüş istədim, o da sağ olsun, razılaşdı. Sırf İrandakı məlum vəziyyətlə bağlı söhbətləşdik. Nə danışdı, nələr dedi, buyun birlikdə oxuyaq:

- Bu günlərdə mən də İranda idim, hadisələrlə yaxından tanışam. Dekabrın 28-dən başlayaraq İranda valyuta ilə bağlı bir sıra siyasətlər icra olunub, nəticədə bəzi tacirlər etiraz aksiyaları keçirməyə başlayıblar. Siyasət nədən ibarət idi, İran dövlətinin ayırdığı subsidiyalar nəticəsində məhsullar müştərinin əlinə çox ucuz qiymətə çatır. Hansı ki, o məhsullar xaricdən baha qiymətə alınır və bu səbəbdən də dövlət büdcəsi zərər edir. Ona görə də dövlət bu qərara gəldi ki, subsidiyalar şirkətlərə deyil, elə məsrəf edən insanların özlərinə verilsin. Nəticədə Tehrandakı Böyük bazarda çalışan tacirlər dükanlarını bağlamaqla etirazlarını bildirdilər. Bunan sonra Prezident Məsud Pezeşkian həm Ticarət Palatasının nümayəndələri, həm də tacirlərlə görüş keçirərək dövlətin iqtisadi siyasəti barədə məlumat verdi və qarşı tərəfin fikir və təkliflərini dinlədi. Nəhayət, vəziyyət normala döndü: bağlanmış iş yerləri açıldı, bazarlar fəaliyyətinə davam etdi.

- Bəs necə oldu ki, dinc aksiyalar iğtişaşa çevrildi?

- Nümayişlər başlayandan bir neçə gün sonra Vaşinqtonda İran əleyhinə təhdidlər səsləndi, Amerikada fəaliyyət göstərən İran müxalifləri bu ölkənin hakimiyyəti ilə birləşərək anti-İran bəyanatlar verməyə, sıravi iranlıları küçələrə çıxaraq etiraz etməyə çağırdılar.

Qeyd edim ki, 8-9 yanvar tarixlərində aksiyaların gedişatında çox anormal hadisələr yaşandı - odlu silahdan və partlayıcı maddələrdən istifadə olundu. O gecə iqtisadi obyektlərə, banklara, məscidə, kitabxanaya, hətta xəstəxanaya partlayıcı maddələr atılıb. Biz düşündük ki, bunlar sadə aksiya iştirakçılarının işi ola bilməz və əminik ki, Amerika və İsrailin təxribatının göstəricisidir. Təəssüf ki, bu iki gün ərzində ölüm halları da baş verdi, həm sıravi vətəndaşlar, həm də təhlükəsizlik qüvvələri arasında təlafatlar oldu. Polislərin həlak olmasına gəlincə, aksiyalarda nizam yaradan polislərin üstündə silah olmur, onların işi prosesi nəzarət aldında saxlamaqdır. Bir məqamı da qeyd edim ki, vətəndaşlar arasında həlak olanların əksəriyyətinin məhz başının arxasından zərbə aldığı üzə çıxıb. Hazırda bizdə silahlardan və partlayıcı maddələrdən necə istifadə edildiyinə dair videogörüntülər də var. Dövlət bu istiqamətdə İranla həmsərhəd ölkələrin hökumətləri ilə əməkdaşlıq nəticəsində çox sayda təxribatçı və iğtişaşçını saxlayıb. Hətta bir əməliyyat zamanı qonşu ölkələrin birindən İrana keçirilməyə çalışılan yükün içində 1300 silah aşkarlanıb.

- Hansı ölkədən..?

- Ölkənin adını demək istəmirəm. İranla çox yaxşı əlaqələri olan ölkədir. Məlumat gəldi ki, yükün içində silah gizlədilib və əməliyyat keçirib qarşısını aldıq...

Xoşbəxtlikdən xalq özü başa düşdü ki, onların iqtisadi tələblərindən sui-istifadə olunur. Ona görə də həmin cərəyanlardan uzaqlaşdılar və vəziyyət tədricən sabitləşməyə başladı. Amma təəssüflər olsun ki, ABŞ və İsraildən gələn təhdidlər hələ də davam edir və bu, bizi narahat edir. Bu səbəbdən də İranda sosial şəbəkələrdə, internetdə və mobil rabitədə bəzi məhdudiyyətlər yaranıb. Səbəb də budur ki, bəzi xarici qüvvələrin həmin kanallardan sitifadə edərək iğtişaşları qızışdırmaq, təxribat törətmələrinin qarşısını almaq asan olsun.

- Dünən Tramp jurnalistlərin sualına cavab olaraq dedi ki, İranda edamlar dayandırıldığı üçün daha ora hücum etmək fikrində deyillər. Amma İran yenə narahatdır?

- Hər halda, Trampın ölkəmizə qarşı etdiyi düşmənçilik və atdığı məntiqsiz addımlar çox tanışdır, bizim üçün prioritet olan məsələlər milli maraqlarımızı qorumaqdır. Amerika və İsrail başda olmaqla, bir sıra xarici ölkələr İrana qarşı çoxlu təxribatlardan istifadə etməyə çalışırlar. Ona görə də baş verəcək hadisələrin qarşısını almaq üçün hazırlıqlı olmalıyıq.

- Bəzən ittihamlar səslənir ki, hökumət etirazçılarla danışıqları davam etdirməyib?

- İranda sosial aksiyalar keçirmək vətəndaşların qanuni haqqıdır və konstitusiyada təsbit olunub. Ən yüksək səviyyədə - Prezident Pezeşkian aksiya iştirakçıları, tacirlər, Ticarət Palatasının üzvləri və sairlə görüşlər keçirib, problemləri, təklifləri dinləyib və çıxış yolu tapmaları üçün nazirlərə, valilərə tapşırıqlar verib ki, məsələləri imkanları daxilində həll etmək üçün hər kəs öz bölgəsində və sektorunda nümayəndələrlə görüşüb şikayətləri dinləsinlər. Təbii ki, bu addımlar atıldı. Amma razılaşın ki, heç bir dövlət öz ərazisində vətəndaşlara mənfi təsir göstərən qanunsuzluqların, təxribat və terror hallarının yaşanmasına icazə verməz. Bir misal çəkim: axşam saatlarında bir ata üç yaşlı qızı qucağında aptekə girib ki, dərman alsın. Bu vaxt bir neçə etirazçı içəri girərək “niyə bu vaxtı aptek fəaliyyət göstərir” deyə qışqırıb və odlu silahdan istifadə ediblər. Nəticədə həmin üç yaşlı körpə həlak olub. Eləcə də, xəstəxanaya partlayı atılması nəticəsində biri xəstə, digəri tibb personalı olmaqla iki nəfər dünyasını dəyişib. Hər halda, ABŞ və İsrail bütün vasitələrdən yararlanaraq çalışırlar ki, İrana iqtisadi və məişət sahəsində daha çox təzyiq göstərsinlər. Məsələn, iğtişaşlar zamanı Rəşt şəhərindəki bazara atılan partlayıcılar nəticəsində iki yüz dükan yanıb. Bu o deməkdir ki, artıq həmin dükanlar işləmir və nəticə etibarı ilə zərər dükan sahibləri ilə yanaşı, sıravi insanlarlın çiyninə yüklənib. Bir yandan deyirlər ki, guya xalqın rifahının yüksəlməsini istəyirlər, digər yandan da sanksiya tətbiq edirlər, iğtişaşlar zamanı iqtisadi-ticarət obyektlərinə hücumlar olunur ki, əhali daha çox təzyiq altında olsun.

- Üç gün əvvəllə müqayisə etsək, aksiyalarda səngimə müşayiət olunur?

- Əlbəttə. Yanvarın 11-dən başlayaraq nümayişlər azalıb. İnternetə və sosial şəbəkələrə qoyulmuş məhdudiyyətlər də tədricən aradan qaldırılır. Bilirsiniz ki, internetin olmaması səbəbindən aviareyslər uçuşları dayandırmışdı, indi onlar da yavaş-yavaş fəaliyyətlərini bərpa edirlər. Mən üzüm ikinci gün Azərbaycana məhz təyyarə ilə uçmuşam. Banklar da adi qaydada işləməyə başlayıb, bu səhər özüm sistemə daxil olub, yoxlamışam. Bir sıra idman yarışları, hansı ki, aksiyalar zamanı dayandırılmışdı, fəaliyyətlərini bərpa ediblər. Yəni İranda həyat öz normal axarına dönür. Ona görə də, ölkə daxilində niyyətlərinin baş tutmadığını görən qüvvələr indi də təxribatçı fəaliyyətlərini xaricdə gücləndiriblər. Bunlardan biri xarici mətbuatda yalan və əsassız xəbərlərin yayılması, digəri davamlı təhdidlər səsləndirmələridir. Eyni zamanda, başqa ölkələrə İrana qarşı münasibətini dəyişməsi üçün təzyiq göstərməyə başlayıblar...

- Tramp İranla alver edən ölkələri 25 faiz əlavə rüsumla hədələdi. Araşdırma apardım ki, İranın ən çox hansı ölkələrlə ticarəti var, əksəriyyəti qonşu ölkələr olmaqla, ilk yerdə Çin, sonra da sıralamasıyla İraq, Birləşmiş ərəb Əmirlikləri, Türkiyə və sairdir. Azərbaycan təxminən 464 milyon dollarlıq qarşılıqlı ticarət həcmi ilə siyahıda 11-ci pillədə qərarlaşıb. Belə çıxır ki, bu ölkələr ya İranla əlaqələrini kəsməklə özlərini ziyana salmalıdırlar, ya da Vaşinqton 25 faiz rüsum tətbiqi ilə onlara zərər verəcək. Hansı ki, İranla əlaqələri kəsmək 25 faizlik rüsumdan daha ziyanlı görünür...

- Bunlar yeni deyil, indiyədək tətbiq edilmiş sanksiyaların bir həlqəsidir. Amma bunlar hər zamankı kimi fayda verməyəcək. İranın sanksiyalarla bağlı uzunmüddətli təcrübəsi var. Bu gün İranda hansısa dükana girsəniz qətiyyən hiss etməzsiniz ki, orada sanksiya var. İranda 90 milyondan artıq əhali yaşayır, anlamaq olar ki, pul dəyərdən düşə, bahalaşma ola və digər bəzi problemlərin yaranması təbidir. İran gündə iki milyon barel neft ixrac edir, ildə 100 milyard dollar həcmində barteri var. Adlarını sadaladığınız ölkələrdən eləsi var ki, ötən il onunla 30 milyard dollar həcmində ticarət mübadiləmiz olub. Yenə deyirəm, inlar hər gün çalışırlar ki, İrana təzyiq göstərsinlər: bunlar bir gün tariflər, yeni rüsumların tətbiqi və ya digər sanksiyalar olur, amma hamısı uğursuzdur. Əslində istəmirik belə sanksiyalar olsun, çünki sonda sıravi vətəndaşlar əziyyət çəkir. Adi dərman idxalına belə maneələr qoyurlar. Amma dövlətimiz yenə çalışır ki, öz qüvvəsi ilə maneələri aşsın, daha çox vəsait ödəməklə də olsa, əhalini bütün tələbat məhsulları ilə təmin etsin.

- Deyilənə görə, İranın şimal-qərbində - Azərbaycan vilayətlərində etiraz aksiyaları keçirilməyib, keçirilibsə də çox zəif olub. Səbəb nədir, bəlkə Prezident Pezeşkian əslən Azərbaycan türkü olduğu üçündür...

- Səbəb budur ki, hadisələr başlayarkən prezident Pezeşkian özəl sektor təmsiçiləri ilə bir araya gələrək çıxış yolunu müzakirə elədi. Nəticədə bazar və dükanlar fəaliyyətini bərpa etdi, amma sonradan bəzi şəhərlərdə yenə kimlərsə gəlib təözyiq göstərdilər ki, işləmək olmaz, iş yerlərini bağlamalısınız və sair. Yəqin bilirsiniz, İranın ən böyük bazarlarından biri Təbriz bazarıdır. Onlar təxribata uymadılar, dedilər yox, danışıblar, problemlər həll olunacaq. Ümumiyyətlə, insanlar artıq gerçəkliyi başa düşür, son günlər hökuməti dəstəkləyən kütləvi mütinqlər keçirilir. Təkcə Tehranda keçirilən mitinqdə üç milyon insan iştirak edib. Bu da onu göstərir ki, İranı daxildən təhlükəyə salmaq o qədər də asan deyil. Təbii ki, insan həyatının itirilməsi xoşagələn hal deyil, istər etirazçı olsun, istər təhlükəsizlik əməkdaşı, hər biri İran vətəndaşıdır.

- Belə bir statistika varmı ki, ən güclü aksiyalar hansı bölgələrdə olub?

- Bir neçə şəhərdə, Tehranda, Məşhəddə, Kürdüstan vilayəti tərəflərdə. Təəssüf ki, terror təşkilatlarından PKK-nın qolu olan PJK sərhədyanı ərazilərə müxtəlif yollarla silah keçirir, hətta aksiyaların iğtişaşlara çevrilməsində də rol oynayıblar. Videogörüntülər də isbatlayır ki, o bölgədə silahdan istifadə daha çox olub.

- Maraqlıdır, bütün bu proseslər gedən vaxt ərzində İranla birbaşa qonşu olan ölkələr necə mövqe tutdu?

- Sevindirici haldır ki, qonşu ölkələr bu prosesə çox ehtiyyatla yanaşdılar. Hətta bəzi dövlətlər çox müsbət və konstruktiv yanaşma nümayiş etdirdilər, bəzi ölkələr isə, hansı ki, xarici qüvvələr bu aksiyalara müdaxilədə onların ərazisindən istifadə edə bilərdilər, bu şəraiti yaratmadılar. Hər hansı ölkədə mövcud sabitlik və ya qeyri-sabitlik elə vəziyyətdir ki, heç vaxt konkret mövqedə qalmır. Məsələn, tutaq ki, İranda yaranan qeyri-sabitlik asanlıqla qonşu ölkələrə və bütün regiona yayıla bilər. Bu da heç bir ölkə üçün arzulanan hal deyil. Həm də regionda keçmişdə yaşanan təcrübələr bütün ölkələrə məlumdur – ABŞ-ın təcavüzünə məruz qalmış İraq, Əfqanıstan, Suriya və digər ölkələrdə, aradan on il keçməsinə baxmayaraq, hələ də vəziyyət sabitləşməyib.

- Şahın nəvəsi aktivləşib ABŞ-da, İranın sadə insanları onun barəsində nə düşünürlər? Rəcəvi soyadlı bir qadın da var, səhv etmirəmsə, Almaniyadadır...

- Şahın nəvəsindən danışmağa dəyməz, heç bir təsirə malik deyil. Güman ki, ondan sui-istifadə edirlər. Xarici telekanallardan birində onun barəsində belə bir söz dedilər ki, Rza Pəhləvi indiyədək bütün xərclərini anasından alır, bu halda o ölkəsinə nə fayda verə bilər. Qadına gəldikdə, onlar vaxtilə fəaliyyət göstərmiş silahlı terror qrupunun təmsilçisidir və onlara münasibət hər yerdə mənfidir. Onların təşkilatı 1980-ci illərdə İraqda çox sayda zorakılıq əməlləri həyata keçirib, hətta səkkiz illik müharibə zamanı Səddam Hüseynin tərəfində İrana qarşı vuruşublar. Ona görə də onlara İranda həm sadə insanlar arasında, həm də iqtidar düşərgəsində çox mənfi münasibət mövcuddur. Bu qrup əslində Avropaya da başağrısı verib. Hətta belə bir fikir vardı ki, Albaniya ərazisində düşərgə yaradaraq onları ora toplasınlar.

- Bayaq subsidiyalardan söz açdınız, necə verilir əhaliyə, işləyən və ya işləməyən məsələsi var axı...

- Fərq qoyulmur, İrandakı hər ailədən bir nəfərə bank kartı verilir. Məsələn, hər ay həmin karta 500 manat vurulur və kartın sahibi onunla istənilən ərzaq və digər zəruri məhsulu ala bilər...

Hafta.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər