“Kəpəz"in uğurları üçün əlimdən gələni edəcəyəm”
![]()
"Kəpəz" futbol klubunun yeni mövsümdə ilk qolunun müəllifi olan Məqsəd İsayev Patriot News.az saytına müsahibə verib. Təcrübəli futbolçu həm şəxsi hədəfləri, həm də komandanın hazırkı durumu barədə fikirlərini bölüşüb.
– Kəpəzin yeni mövsümdə ilk qolunun müəllifi kimi nə hisslər keçirdiniz?
– Açığı, qol vurmaq hər futbolçu üçün xüsusi bir duyğudur. Daha da önəmlisi odur ki, bu qolla mövsümün ilk qolunu komanda adına mən vurmuş oldum. Bu, həm məsuliyyəti artırır, həm də mənə əlavə motivasiya verir. İnanıram ki, bu qolların davamı gələcək.
– Komanda ardıcıl iki qarşılaşmada məğlub oldu. Sizcə, səbəblər nədir?
– Futbolda belə hallar olur. Bəzən oyunda üstün olursan, amma nəticə alınmır. Bizim də bəzi məqamları tamamlamağa ehtiyacımız var. Əsas odur ki, komanda olaraq toparlanırıq və qarşıdakı oyunlarda bu uğursuz seriyanı qırmaq əzmindəyik.
– Siz Zirə klubundan Kəpəz klubuna keçmisiniz. Bu dəyişiklik karyeranıza necə təsir etdi?
– Zirə mənim üçün önəmli klub olub, orada yaxşı təcrübə qazandım. Kəpəz isə mənim üçün yeni bir səhifədir. Burada həm özümü daha çox göstərmək, həm də komandanın uğurlarına töhfə vermək istəyirəm.
– Növbəti turda keçmiş komandanız Zirəyə qarşı oynayacaqsınız. Bu oyun sizin üçün nə ifadə edir?
– Mənim üçün xüsusi görüş olacaq. Zirədə dostlarım, tanışlarım var. Amma meydanda yalnız Kəpəzin uğurları barədə düşünəcəyəm. İstəyirəm ki, bu oyunda komanda olaraq qələbə qazanaq.
– Azarkeşlərin dəstəyi haqqında nə deyə bilərsiniz?
– Kəpəzin azarkeşləri çox emosional və sadiqdirlər. Onların dəstəyi hər zaman bizə güc verir. Meydanda onların sevgisini hiss edirik. İnanıram ki, azarkeşlərimizlə birlikdə daha böyük uğurlara imza atacağıq.
– Şəxsi məqsədləriniz və gələcək planlarınız nələrdir?
– Əsas məqsədim daim stabil oyun göstərməkdir. Qol vurmaq, məhsuldar ötürmələr etmək və komandanın nəticələrinə müsbət təsir göstərmək istəyirəm. Kəpəzin uğurları üçün əlimdən gələni edəcəyəm.
Son xəbərlər
