Peyğəmbər müqəddəs deyil - Elşad Miri gündəmi silkələdi
Avrasiya.net Kult.az-a istinadən ilahiyyatçı Elşad Miri ilə müsahibəni təqdim edir:
- Elşad bəy, 1400-ildir dəyişilməyən ənənvi islamı, deyəsən, siz dəyişərək modernləşdirmək, liberallaşdırmaq istəyirsiniz…
- Əvvəlcə onu bilməliyik ki, mənim dediklərimi 1400 il ərzində deyə bilən olub, ya olmayıb? Olubsa, niyə indiyə qədər bizə çatmayıb? Cavab verim: Əlbəttə ki, olub. Bizə məlum olan mənbələrdən dolayı elə bilirik ki, sanki bunlar yenilikdir, mən də özümdən nələrisə uydururam. Əsaslandığım yeganə yer isə Qurandır, bizi ayıran yer də rəvayətlər. 21-ci əsrdə yaşayırıq. Təsəvvür edin ki, bu cür müasir bir əsrdə dövlət qurumu Elşad Mirinin “İslamda yoxdur” kitabını qadağan edir. Buna görə də Azərbaycan cəmiyyəti, oxucusu fikirlərimdən məhrum olur, həqiqətləri görə bilmir. Yenə yaxşıdır ki, internet əsridir, bir şəkildə çatdırıram. İndi dediyim məsələ də belə, mənim düşüncəmdə olan insanlar həmişə olub, sadəcə, onlara da bir şəkildə dövrə uyğun maneələr törədilib.
- Əgər dedikləriniz və sizdən əvvəl bunları deyənlər də doğru deyirsə, bütün bu qadağaların, qorxunun səbəbi nədir?
- Əlbəttə ki, ticarət anlayışı, mənfəət. Bu, keçmişdə də belə olub.
- Eyni fikri ateistlər də Peyğəmbər üçün deyirlər. Məsələn, donuz ona görə haram buyurulub ki, Peyğəmbər donuz saxlamırdı, donuz saxlayanların da təsərrüfatına mane olmaq üçün haram hesab edilib…
- Bu kimi söhbətlərin hamısı uydurmalardır. Donuzun konkret olaraq niyə haram olmasını mən də bilmirəm. Amma onu bilirəm ki, yəhudiliyin özündə belə qadağan olunub. Onun yağından-filandan qidalanmağa icazə verilmir. Xristianlıq isə bunu müəyyən formada dəyişməyə çalışdı. Amma bu gün insan ürəyinin klapanı ilə bağlı ondan istifadə olunur. Allah donuzun murdar olduğunu demir, sadəcə, qidada istifadə etməməyi bildirir, deyir, başqa cür istifadə edə bilərik. Allahın qoyduğu bütün qadağalar universaldır.
- Elşad bəy, islamda din xadimi anlayışı varmı?
- Xeyr, birmənalı şəkildə yoxdur.
- Onda belə çıxır, axund və mollalar fırıldaqçılıqla məşğuldur?
- Belə deyək, bu gün bunu bilərək edən var, bilməyərək edən var. Bu, artıq xüsusi bir peşədir. Mollalar nə işlə məşğuldur? Məsələn, ölüyə Quran oxumaq. Axı ölüyə Quran oxumaq dində yoxdur. Quran dirilər üçündür, ölülər üçün yox. Yasin surəsində də bu açıq-aşkar deyilir. Bəs bunun özü artıq bizə nəsə demirmi? Yas mərasimi qurulur. İslamda varmı? Yoxdur. Üç, yeddi, cümə axşamı mərasimləri olur. İslamda varmı? Yoxdur. Özlərinə uyğun ənənə formalaşdırıb, ondan da yaxşı mənada bəhrələnirlər, mənfəət əldə edirlər. Din xadimləri anlayışının bu gün həyata keçirdikləri din biznesidir. Yas məclislərinə gələn adamların hansı biri onları dinləyir, ya elə ərəbcə başa düşür? Toyla bağlı necə biznes anlayışı varsa, yasla bağlı da elədir. Qəbir üstüdür, baş daşıdır, yasdır... - hamısı biznesdir.
- Elşad bəy, dində qadının açıq-saçıq geyinməsinin cəzası varmı?
- Qurani-Kərimə əsaslansaq, heç bir cəza yoxdur.
- Bəs onda hicab nə üçündür?
- Hicab tamamilə başqa mövzudur. Əvvəla, bunu geniş izah etməliyəm. Quranda “Əhzab“ və “Nur” surəsindən gətirilən məsələdir. “Xımar” sözü işlənir. O, insanın baş örtüsü məsələlərindəndir. Bir yerdə də “hicab” sözü var, o da bildiyimiz hicab kimi deyil. Ona qalsa, Quranın gəldiyi dövrdə kişilər də örtünürdü. İndi başqa cür istifadə olunur, amma qumdan qorunmaq üçün əmmamə qoyurdular. Hələlik bunu deyə bilərəm ki, bu baş örtüsü anlayışı bizim nə əxlaq, nə namusla əlaqələndirə biləcək məsələdir. Baş örtüsü olan adamlara da hörmətlə yanaşıram, başımızın tacıdırlar, o cümlədən, örtməyənlər də. İnsanlara başının üstündəki yox, içindəkinə görə dəyər vermək lazımdır.
- Elşad bəy, əgər Allah hər şeyi görür və bilirsə, hər şey onun iradəsi ilə olursa, o istəsə, hər kəsin qəlbinə iman sala bilərsə, demək ki, ateistlər də onun nəzərindədir? Demək, Allah özü istəmir ki, ateist imana gəlsin, bu, ssenaridir...
- Gözəl sualdır. Bir intellektual xanım var idi, dedi, mən Quranı üç dəfə oxuyub ateist olmuşam, o da bu sualla bağlı məntiq yürütdü və haqlı idi də. Əgər belə bir ssenari yazılıbsa, demək, hər iki tərəf mükafatlandırılmalıdır. Təəssüflər olsun ki, sizin dediyiniz məsələ bütün Quran tərcümələrində belə yazılıb, insanlar da yanlış anlayır. Allah istədiyini deyil, istəyənə hidayət verər, istəyənə də zəlalət yolunu göstərər.
- Bəs qədər, tale, alın yazısı, imtahan olunmaq?
- İmtahan olunmaq başqadır. Tale, qədər, alın yazısını insanlar özündən uydurub. Allah bizim üçün heç bir zaman yaxşılıq və pislik yazmır, o, sadəcə, seçim şansı verir. Biz də bu seçimlərə uyğun olaraq hərəkət edirik. Dinin məqsədi bizi firavan etməkdir. Əgər bir din bu gün insanı firavan eləmirsə, demək, dinin özündə problem var. Peyğəmbərə istinad edilən gözəl ifadə var: Çətinləşdirməyin, asanlaşdırın; nifrət etdirməyin, sevindirin. Amma bugünkü din anlayışı, məsələn, qadınları məxluq kimi təqdim edir.
- “Qadınlar sizin tarlanızdır” ifadəsi?
- Tərcümədə o cür təqdim ediblər. Orada tarla məsələsi deyil, qadınların uşaq dünyaya gətirmək anlayışı ilə bağlı məsələdir. Tarla aşağılamaqdır. Bu gün analarımız, qızlarımız, yoldaşlarımız tarlamızmı olurlar? Bunu intim hadisə kimi təqdim edirlərsə, onda belə çıxır, kişilər də qadınların tarlasıdır?
- Peyğəmbərlərin dövründə səhabələri, ətrafı həmişə məhərrəm ayında toy ediblər, amma indi bu ay haram hesab olunur...
- Məhərrəm ayı 12 aydan biridir. Yanvar nə qədər haram və ya müqəddəsdirsə, məhərrəm ayı da o qədər müqəddəsdir.
- Bəs müqəddəs günlər? Dini şəxslərin doğulduğu, öldüyü günlər müqəddəs hesab olunmurmu?
- Olunmamalıdır. Sonradan uydurulub. Müqəddəs insan da yoxdur. Yəni, bunlar fərdi məsələdir. Mənim həyatımda, misalçün, doqquz sentyabr önəmli gündür, ona görə müqəddəsdir. Xüsusi günlər hamı üçün dəyərli olur. Tutalım ad günü, toy günü. Bunu ilahiləşdirmək gərəksizdir. Allah heç peyğəmbərləri müqəddəs insan kimi təqdim etmir. Qurana baxsaq, onların da səhvinin olduğunu deyir. Peyğəmbərin dövründən çox sonra baş verən Aşura böyük bir zülmdür, faciədir, bunu birmənalı qeyd edək, heç kim dana bilməz. Amma həmin günü sadəcə, islam tarixi ilə bağlı anlayış kimi qəbul edə bilərik, daha islamlaşdırıb təqdim eləmək olmaz. Heç bir yerdə, heç bir şəkildə hansısa gündə toy edib-etməməklə bağlı qadağa yoxdur.
- Belə çıxır, bu da bir biznesdir?
- Bəziləri bunu məzhəbləşdirib edir. Vəssalam.
- Dində siğə var? Yaxud, əqd özü siğə demək deyilmi?
- Əqd - söz müqaviləsidir, buna müvəqqəti nikah deyirlər. Bu bizim dilimizdə, qanunlarımızda da var. Dini anlayış deyil heç də.
- Siz bu anlayışı qəbul edirsiniz?
- Xeyr, bu, zinadır. Qurani-Kərimdə ayə var ki, zinanı nəinki edin, heç yaxınlaşmayın da.
- Evlənmək şəraiti olmayan adamlar cinsi ehtiyacını necə ödəsin?
- Başqa yolu yoxdur, evlənməlidir. Bu gün qanunvericilik də buna icazə verir ki, 18 yaşında ailə həyatı qura biləsən. Ən gözəl yol budur.
- Bəs maddi imkana görə evlənə bilməyənlər necə dözsün?
- Dözülməyəcək bir məsələdirmi?
- Qismən, bəli. Daha dəqiq, bir yaşdan sonra buna görə insan orqanizmində də tibbi baxımdan problem yarana bilir…
- Tibbin üstünə atmayaq. Adamdan adama, cəmiyyətdən cəmiyyətə dəyişir. Doğru yanaşma deyil. Bu günə qədər intim proses olmadan ölən insan olmayıb.
- Homoseksuallara münasibətiniz necədir? Din onları öldürməyi buyururmu? Onları da Allah elə yaratmayıbmı?
- Zinaya necə baxırıqsa, bu da elə. Buna heç kim haqq qazandıra bilməz, zinadır. Amma bu gün fərqli yerə çəkirlər. LGBT kimi qurumlar var ki, onlar da fərqli təqdim edirlər. Qurana baxanda isə öldürülmə cəzası-filan yoxdur. Bu gün bir şəxs homoseksual olduğunu özü etiraf eləməsə, necə biləcəksən? Zina edən etdiyini deməsə, necə bilmək olar? Özlərindən anlayış çıxarıblar: Daş-qalaq etmək. Quranda “daş-qalaq” anlayışı yoxdur. Bu anlayış yəhudilikdən gəlib. İsa Peyğəmbərin “Günahsız kimdirsə, ilk daşı o atsın” ifadəsi var. Məsələnin ikinci tərəfi odur ki, islam deyir, belə bir hadisə olduqda dörd nəfər şahid yoxdursa, yəni, şəxs özü bəyan etmirsə, cəza yoxdur. Yox, varsa, edirsə, o zaman cəmiyyətdəki ictimai əxlaq anlayışını, asayişi pozduğuna görə cəza mexanizmi var. “Nur” surəsinin ikinci ayəsində “cəldə” deyilən cəza növüdür. İnsanın dərisinə vurmaqla bağlı cəzadır.
- Homoseksualları da Allah yaradıb?
- Amma Allah onları LGBT fərdi kimi yaratmayıb, bu, artıq seçimdir.
- Bəs transgenderlik, ümumiyyətlə, özündən asılı olmayan hormon pozuntusu?
- Bu kimi məsələlər qida, mühit kimi amillərlə bağlıdır.
- Daş-qalaqdan danışmışkən, Şeytanı daşlamaq necə?
- Birinci, Şeytan niyə Kəbənin yanındadı? Başqa yerdə yoxdurmu? Şeytan, əslində, bir sifətdir, xüsusiyyətdir. Daşın üzərinə daş atmaqla ənənə formalaşıb. Quranda varmı? Xeyr, yoxdur. İyirmi-otuz il əvvəl bir dənə idisə, indi üç ədəd ediblər. Mən də orada olanda bilmədən bu ritualı həyata keçirmişəm. Amma yenə düşünürdüm ki, niyə? Mifik və əsassız yanaşmadır. Həccə gedəndə gördüm ki, ordakı prosesləri bir günə etmək olar, bəs niyə həftələrlə qalınır. Çünki dini turizmdir, başqa heç nə. “Həci”, “məşədi” anlayışı yaradıblar. Bunlar nə tituldur axı?!
- Belə bir ifadə var ki, Şərq insanı həmişə özü üçün xilaskar gözləyir. Zühur olacaqmı, Mehdi gələcəkmi?
- Quranın heç bir yerində Mehdiylə bağlı nəsə yoxdur. Qərbdə gözlənilmirmi? Gözlənilir. İsa Peyğəmbərin gələcəyi gözlənilir. Bəs yaxşı, insanlar necə düşünür? Mehdi necə gələcək? Qəbul ediləcəkmi? Əlində qılıncla gələcək, lazerlə gələcək, göydənmi düşəcək? Gəlib nə edəcək? Bunlar möcüzəvi söhbətdir. Quranda möcüzə yoxdur. Şiələrin gözlədiyi Mehdiylə sunnilərin gözlədiyi başqadır. Hərəsi fərqli bir şey deyir. Niyə kimisə gözləyirik ki, bizim eləməli olduğumuzu edəcəklər? Bu, tənbəllikdir.
- Elşad bəy, ruhlara da inanmırsınız?
- Xeyr. Bu, spirtualizmlə bağlı məsələdir. Qurani-Kərimdə ruh və cəsəd anlayışı yoxdur. Ruh sözü keçir, amma bunlar Allahın vəhyi və vəhyi gətirən mələklə bağlıdır. Bədən və ruh anlayışı Qədim Yunanıstanda orfizmlə əlaqələndirilən məsələdir. Bunu dinin çatışmayan cəhətləri ilə ortaya atmağa çalışırlar. Ölən insanlarla bizim aramızda bir bərzəx var.
- Duaların gücü necə, varmı?
- Bu, dua yazmağa qədər gedib çıxır. Bunun üzərində də biznes var. Qorxu, sevgi, bərəkət duası yazırlar. Duanın gücü onun insana verdiyi ümiddir. O, səndə hədəf müəyyənləşdirir, yəni, sən yalnız deyilsən, tək deyilsən, tənha deyilsən. Amma necə deyərlər, səndən hərəkət, məndən bərəkət. Duanın psixoloji gücü var. Əgər tək dua ilə olsaydı, elə işlərimiz ancaq bununla bitərdi.
- Konkret deyək, Quran müqəddəsdirmi?
- “Müqəddəs Quran” anlayışı yoxdur. Bizdə kitabi-müqəddəs, yəni, müqəddəs kitab deyiləndə “Tövrat” nəzərdə tutulub. Müqəddəs adlandırılanda kitaba toxunmaq olmaz. Quran bu gün telefonda da var. Quran üçün xüsusi dəstəmaz almaq, hansısa ritualları etmək gərəksizdir. Bu mənim həyat kitabımdır, yolumdur, naviqatorumdur. Vacib olan onun içindəkidir.
- Azərbaycanca namaz qılmaq olarmı?
- Bəli, insanlar öz dillərində namaz qıla bilərlər. Allah bizə 6236 ədəd mesaj (ayə) göndərib. Bunu ancaq anlamadığımız dildəmi oxumalıyıq? Namaz ancaq ərəblər üçün deyil axı.
- Amma görünür, ərəbcə daha yaxşıdır oxumaq, çünki siz də tərcümədə səhv olduğunu deyirsiniz…
- Bu da maraqlı yanaşmadır. Əgər həqiqətən tərcümələrin üzərindəki xətalar qalxmış olsaydı, bu gün bunları danışmazdıq. Ərəb dili müqəddəs dil deyil. Məsələn, heç Musa Peyğəmbər ərəb dilində danışmayıb. İsa Peyğəmbər ibrani dilində danışıb. O zaman o dillər niyə müqəddəs olmasın?
- Quranı həm də poetik kitab hesab edirlər. Ədəbiyyatla dinin vəhdətində toqquşan bir məqam var ki, şair-yazıçıların Allaha ərkyana xitabı və yaradıcı üsyanı olur. Burada yanlış nəsə var?
- Quranda “Şüara” surəsi şairlərdən bəhs edir. Amma Quranda şair məsələsinin hansı mənada istifadə edilməsini dəqiq bilmirəm. Üsyan məsələsi isə qınanılan məsələdir. Mən nəyimə üsyan edəcəm? Quranda Adəmin özünün Allaha üsyan etməsi var. Valideyn olaraq övladlarımızın bizə üsyanı necədirsə, necə təsir edirsə, bəndənin də Allaha üsyanı o cürdür.
- Cənnət və cəhənnəm anlayışı Quranda necədir? Daha dəqiq, cənnət insanların bildiyi huri mələklər, təbiət, axar çaylar, şərab, cəhənnəm isə qaynar qazandırmı?
- Əlbəttə ki, yox. Biz bu məsələləri müqayisəsiz deyə bilmirik. Allah bizə deyir ki, xəyalınıza belə gətirə bilməyəcəyiniz nemətlər var. Amma tərcümələrdə deyilir ki, kişilərə hurilər veriləcək. Bəs qadınlara nə veriləcək?
- Qılman…
- Bir kişiyə yüz minlərlə huri verilirsə, qadına da bu qədər hurimi veriləcək? Bu hansı təfəkkürdür? Burada içki qadağandır, özümü saxlayıram, amma orada içəcəm? İçki burada məni daha fərqli insana çevirirsə, meymuna döndərirsə, orada olsa, çevirməyəcəkmi?
- Nar məməli qızlar məsələsi bəs?
- Yoxdur Quranda belə bir şey. Yenə də tərcümənin problemləridir. Əmin olun, belə şeylər ola bilməz. Allah bizimlə bu cür danışmır. Tərcümə edənlərin fantaziyalarıdır. Məhəmməd Peyğəmbərin də adına belə şayiələr var. Guya doqquz yaşlı qızla zihafa girir. Bu təfəkkürdən çox şey gözləmək olmaz. Oradakı huri anlayışı köməkçi mənasındadır. İntimə bağlamaq doğru deyil. Anlayışla bağlı ifadələrdir.