Sizin Reklam Burada

Referendum keçirək, Əliyevə status verək - Ağazadə

Referendum keçirək, Əliyevə status verək - AğazadəÜmid Partiyasının sədri İqbal Ağazadənin Axar.az-a müsahibəsi:

- Dünyanın bir çox ölkəsində siyasi partiyaların yaranma prinsipində ideologiya əks olunsa da, onların əksəriyyəti ideoloji mübarizə aparmır. Azərbaycanda siyasi partiyaların platformasındakı əsas ideoloji xətt nədən ibarətdir?

- Tamamilə doğru deyirsiz ki, dünyada siyasi partiyaların demək olar ki, heç biri ideoloji mübarizə aparmır. Ümumiyyətlə, dünya dövlətləri ideolji yox, daha çox hüquqi müstəvidə mübarizə aparır. Çünki istənilən ideologiya ona zidd olan qurumu, qrupu və təşkilatı da formalaşdırır. Dövlət ideoloji olanda mütləq onun müxalifəti də formalaşır, həm də dövlətə qarşı. Siz elə bilirsiz ki, ABŞ-da Demokratlarla Respublikaçılar fərqli ideologiya uğrunda mübarizə aparır? Təbii ki, yox, hər kəs ABŞ üçün çalışır. Buna görə də bu gün kim desə ki, biz ideoloji cəhətdən bu xətti tuturuq, bizim ideoloji yolumuz budur, yanlış olar. Dünyada və Azərbaycanda bütün siyasi partiyaların ideoloji təsnifatlarına diqqət yetirsək, görərik ki, klassik bölgüdə sol ideologiya əsas götürülür. Çünki seçici ilə, insanla işləyir. İnsan problemləri də daha çox sol bölgüyə düşür. Amma buna görə hər kəsi solçu elan etmək düzgün deyil. Bir siyasi partiya, hətta ifrat sağçı, mühafizəkar, sağ mərkəzçi partiyalar seçicinin maraqlarından və sosial mənafeyindən kənar şüar səsləndirəndə səs toplaya bilmir. Buna görə də bu tarixi təsnifat və bölgü artıq arxivə verilib.

- Qarabağın azad olunması Azərbaycanda partiyaların platformasının məzmununu və siyasi-ideoloji xəttini hansı istiqamətdə dəyişdi?

- Qarabağ heç vaxt siyasi ideologiya olmayıb. Qarabağ milli problem olub və siyasi partiyalar bu və ya digər şəkildə, hər hansı bir platformada bu problemin həlli yollarını göstəriblər. Qarabağ probleminin həll olunması Azərbaycanda siyasi institutların yükünü azaldıb.

- Azərbaycanda siyasi partiyalar üçün bundan sonra hansı dönəm başlayır?

- İlham Əliyev beynəlxalq konyukturadan düzgün, böyük məharətlə istifadə edərək, Azərbaycanı 200 illik bir problemdən qurtardı. Qarabağ problemi olmayacağı təqdirdə siyasi partiyalar üçün fəaliyyət göstərmək daha asandır. Siyasi partiyalar bundan sonra birbaşa seçiciyə xitab edəcək. Azərbaycan vətəndaşlarının sosial cəhətdən güvənli yaşayışını təmin etmək, təhsilini, səhiyyəsini yaxşılaşdırmaq, milli təhlükəsizliyinin prinsiplərini həm coğrafi, həm də demoqrafik təhdidlərdən qorumaq, Ordunu gücləndirmək və yüksək hazırlıq vəziyyətində saxlamaq hədəflərimizin əsasını təşkil edir. İndi siyasi partiyaların fəaliyyəti üçün daha açıq bir meydan yaranıb. Partiyalar bu sahədə özünü göstərməlidir. Qarabağın azad olunması siyasi partiyaları böyük bir yükdən xilas etdi.

- Qarabağdan sonra əsas hədəf nədir?

- İndi daha çox Böyük Qayıdış - Azad olunmuş torpaqlara insanların köçürülməsi, onların sosial rifah halının yaxşılaşdırılması, iş yerlərinin açılması müzakirə oluna bilər. Lakin böyük hədəf - hüquqi dövlətin yaranması və təşəkkül tapmasıdır. Təbii ki, bu istiqamətdə siyasi partiyaların fərqli baxışları ola bilər. Hakim Yeni Azərbaycan Partiyası sosial problemlərin həlli, hüquqi dövlətin, demokratiyanın təşəkkül tapması, söz azadlığının qorunması istiqamətində platforması ilə, Ümid Partiyası isə baqşa bir platforma ilə çıxış edə bilər.

Bu, ideoloji fərq yox, problemlərə fərqli tərəfdən yanaşma formasıdır. Siyasi partiyaların indi hədəfi dövləti sərhədləri çərçivəsində qorumaq, hüquqi dövlət halına gəlməsinə nail olmaq, daxildə insanların sosial vəziyyətlərinin yaxşılaşdırlmasıdır.

- Qarabağın işğaldan azad olunması qalib xalq olaraq milli kimliyimizin formalaşmasına necə təsir edəcək?

- Əlbəttə ki, məğlub olaraq milli kimlik formalaşdırmaq çox çətindir. Çünki milli kimliyin formalaşması prosesində təkcə dövlətin müstəqil olması faktoru deyil, digər faktorlar da rol oynayır. Sovet dövründə nə qədər basqılar olsa da, xalqımız milli kimliyimizi sıradan çıxmağa qoymadı. Burada Hüseyn Cavidin, Əhməd Cavadın, Üzeyir Hacıbəylinin, sonrakı mərhələlərdə Bəxtiyar Vahabzadənin, Xudu Məmmədovun, Sabir Rüstəmxanlının çox böyük rolu var. Məsələn, ədəbiyyat, musiqi, tarixi filmlər milli kimlik üçün obraz yaradır. Ötən əsrin 70-ci illərində Sovet dövrünün azacıq imkanları çərçivəsində “Babək”, “Dədə Qorqud”, “Qanlı zəmi”, “Axırıncı aşırım”, “Koroğlu” kimi tarixi filmlərlə milli kimliyimizi formalaşdıra bildik.

Qarabağın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası milli kimliyin formalaşması istiqamətində yeni bir mərhələ açdı. Millət özünə güvənir, bu qalibiyyət insanları yeni qəhrəmanlıq əsərləri yaratmağa sövq edir. İndi bizim istinad edə biləcəyimiz minlərlə qəhrəmanımız var.

Bu qəhrəmanlar hər birimizin qohumu, tanışı, qonşusudur və gənclərimiz bu qəhrəmanlara oxşamaq istəyir. Gənclərimizin qəhrəmanlara oxşamaq istəməsi isə milli kimliyimizi formalaşdırır.

- Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq ərazisini tam bərpa etdi, sərhədlərinə çıxdı və bütöv halda seçki keçirdi. Ancaq bəzi siyasilər nədənsə bu faktı deyil, ölkədə sosial problemləri qabardırlar...

- Mən 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin, 1991-ci ildə müstəqilliyimizin bərpa olunmasını tarixin bir fürsətləri və imkanları hesab edirəm. Baxmayaraq ki, millət Cümhuriyyətin elan olunmasının mahiyyətini bir o qədər də dərk etmədi. O dövrdə insanların düşüncəsində müstəqilliyin işarəsi belə olmadan, bir qrup insan Azərbaycanın müstəqilliyini elan etdi.

1991-ci ildə isə biz Cümhuriyyəti quranlara minnətdar olaraq onun sərhədləri çərçivəsində müstəqilliyimizi elan etdik.

Bu gün Azərbaycanda sosial vəziyyətdə ağırlıq, müəyyən çətinliklər, problemlər mövcuddur, korrupsiya və rüşvətxorluq var. Mən sizi əmin edirəm ki, yüz ildən sonra tarix nə korrupsiyadan, nə də sosial vəziyyətdən yazacaq. Yüz ildən sonra tarixə Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi yazılacaq.

Bu gün müxalifətçilik edərkən bir az da bu prizmadan yanaşmaq lazımdır. Siz elə bilirsiz ki, Cümhuriyyət dönəmində korrupsiya, rüşvətxorluq, qeyri-peşəkar idarəetmə sistemi olmayıb? Olub, lakin bu gün tarix yazılanda o hissələrə kimsə toxunmur.

İlham Əliyevin də gördüyü iş korrupsiyadan, rüşvətdən, insan haqlarının pozulmasından milyon dəfə üstün bir işdir. İlham Əliyev minlərlə insanın şəhid olduğu, əlil olduğu, döyüşdüyü, evindən didərgin düşdüyü demək olar ki, hər bir azərbaycanlının birbaşa ailəsinə təsir edən bir problemi həll etdi. Tarix İlham Əliyevə bu yerdən qiymət verəcək.

- İlham Əliyevdən öncəki prezidentlərin Qarabağın işğaldan azad edilməsi üçün də fürsətləri var idimi?

- Bu və ya digər formada olub. Hansısa səbəblərdən qərar verilməyib və ya şərtləri münasib saymayıblar. İlham Əliyev isə tarixi fürsətdən böyük ustalıqla, məharətlə istifadə etdi. Biz dünyadan təcrid olunmuş vəziyyətdə yaşamırıq ki, dünyada baş verən proseslərdən kənar əlahiddə iş görək. Dünyanın özünün də şərtləri buna imkan verməlidir.

Mənim İlham Əliyevdən əvvəlki bütün prezidentlərə bir sayğım, hörmətim var. Hər birinin Azərbaycan tarixində öz rolu və yeri var. Heç kim deyə bilməz ki, bu insanların Azərbaycan tarixində bir rolu olmayıb. 1918-ci ildə Cümhuriyyət necə elan olundusa, 2023-cü ildə də Azərbaycan bütün ərazilərində süveren hüququ bərpa olundu. 2023-cü il oktyabrın 15-də Xankəndidə keçirilən parad mənə elə bir sevinc, qürur hissi verdi ki, onu təsvir edə bilmərəm – ömrüm boyu belə sevinc, qürur yaşamamışam. Bu, 104 ildən sonra böyük bir qürur idi - Xankəndidə parad 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin vaxtında keçirilmişdi.

Mən istəmirəm ki, sosial vəziyyət, korrupsiya və rüşvətxorluq, hər hansı bir məmurun özbaşınalığı İlham Əliyevə bağlansın. Ona görə də təklif etmişdim ki, referendum keçirilsin, bu qalibiyyəti Azərbaycan xalqına bəxş edən bir Liderin yeri, ayrıca statusu təsbit olunsun.

Mən bilmirəm hakimiyyət, Milli Məclis İlham Əliyevə nə verəcək? Lakin açıq şəkildə deyirəm ki, Ümid Partiyası hakimiyyətə nə vaxtsa gəlsə, Azərbaycanın ən ali ordenini İlham Əliyevə verəcək. Biz qəhramanlarımızın qədrini bilməsək, bu millət üçün qəhramanlıq edən insanlar olmayacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər