İranın qorxusu bir türk dünyasıdır

İranın qorxusu bir türk dünyasıdırMəhəmməd Rəhmanifər: “Vaşinqton hər zaman bu rejimi qoruyub”

İranda vəziyyət getdikcə gərginləşir. Fars-molla rejiminin aksiya keçirən dinc insanlara qarşı vəhşilikləri artır, artıq 500-ə yaxın iştirakçı öldürülüb. Amma insanlar hüquqlarını tələb etməkdə israrlıdırlar və aksiyaların masştabı gündən günə genişlənmir. Bir sözlə, İranda həyat sönüb, rejim hakimiyyətini qorumaqdan ötrü silaha, gücə və zora əl atıb.
Tarixçi və siyasi şərhçi Məhəmməd Rəhmanifər “Xalq Cəbhəsi”nə müsahibəsində bu mövzuya və İranın region və dünyada məkrli siyasətinə toxunub.

- Narkotika biznesi, siğə, insanların hüquqlarını pozmaq, asmaq, terror təşkilatları yaratmaq, işğalçı ölkəyə qucaq açmaq... Bunlar islam dini ilə necə bir yerə sığır?

- Hərə islamı bir cür anlayır və hərə bir cür düşünür. Əvvəlcə bilməliyik ki, bu molla rejiminin islamdan anlayışı nədir. Xomeyninin bir söz vardır ki, islamı qorumaq üşün yeri gələrsə, onun bəzi qaydalarını belə pozmaq gərəkir. Hətta son zamanlar İranda bəzi mollaların dilindən bu söz eşitmişik, deyiblər ki, yəni, islami inqilabı qorumaq üçün yeri gəlsə İmam Zamanın da qətl edilməsi vacibdir. İslamdan bir anlayış ortada var ki, əsas hər şeydən əvvəl bu rejimi qorumaqdır. Bu rejimi qorumaq uğrunda yeri gələndə islamın inandıqları 12-ci imamı da aradan götürmək vacib ola bilər. İslam deyəndə onlar bu rejimi ifadə etmək istəyiblər. Bu rejimi qorumaq uğrunda hər cinayətə əl qoya bilərlər. Son belə düşünürlər ki, bu gün İslam sadəcə İranda, bu rejimdə yaşayır və əgər bu rejim aradan qalxarsa, İslam da aradan gedər. 20 il öncə Səttərxan hərəkatı başalayanda bəzi ayətullahlar deyirdilər ki, biz Məşrutənin qarşısında Məşrurədən tərəfdarlıq edirik. O zaman bir Əllamə Naini vardı ki, özü molla sayılır, Nəcəfdə oxumuşdu. Məşrutə dönəmində fikir ortaya qoyan bir kitab yazmışdı. O kitabında yazır ki, əgər sizin məqsədiniz dini hökumətdə bir mollanın ölkəyə hakim olmasıdır, bu istikdadla eynidir. Dini istikdad fərdi istikdaddan daha pisdir, daha zərəlidir. Bunu 120 il öncə Naini dilə gətirib. Bu gün biz bunu yaşayırıq, İranda dini istikdad ortadadır. Odur ki, insanlara atəş açılır, 13 yaşlı uşaq öldürülür, gənc qızlar, oğlanlar öldürülür¸ çiyinlərində islami missiya daşıyır, elə bilir ki, bununla İslama xidmət edir. Onun üçün onlar geri addım atmayacaq, millətlərin yükü daha ağırlaşır. Çox mübarizə aparmaq, qan vermək lazımdır ki, bu rejim yox olsun. İslami İnqilabdan sonra ilk başda onlar islami və inqilabi dünyaya yaymağı məqsəd götürüblər. Hətta bu məsələdə çoxlu dartışmalar da oldu. O zaman bu inqilabçıların arasında bəziləri dedi ki, biz bu işi görsək, dünyanı qarşımıza alırıq və onlar bizim inqilabımızı yaşatmazlar. Hər halda bir rejim olaraq İran İslam Cümhuriyyəti molla rejiminin ideolojiləşdirdiyi islam məsələsidir. Zaman-zaman bu məsələdə daxildən uğursuzluğlara düçar oldular, xalq bu islama inanmadı. İran-İraq savaşında az, çox bu anlayışla insanları səfərbər edə bildilər. Amma yavaş-yavaş bunların özlərinin oğurluqları üzə çıxdı, camaatın zehni açıldı, dedilər, islam budursa, istəmirik. İslamdan uzaqlaşdılar. Pəhləvi dönəmində təbliğ olunan irançılıq, burada əslində fars irqçilik məsələsi durur, 150 il öncə yaranmış və yaşanmış bir düşüncə tərzidir. Bunun yaranmasında Qacar hakimiyyətinin son zamanlarında, bu düşüncə əsasında islamdan öncə İran böyük imperatorluqlar qurmuşdu və ərəblərin əli ilə İslam gəldi, bu imperatorluqlara son qoydu. Onun dalınca türklər, moğullar bu ölkəyə hakim oldular. Bunu hətta Qasim Süleymanin ölümündə bir video vardı, orada deyilirdi ki, yabancılar, ya yad xalqlar bizə hakim oldu. Burada türklər nəzərdə tutulub. Bu anlayış əsasında türk və ərəb düşmənçiliyi əsas məqsəd daşıyır. Belə təsvir edirlər ki, əgər türklər, ondan öncə ərəblər bizə hücum etməsəydilər biz geniş ölkəydik. Bu əsasda İran bölgədə çalışır ki, şiə düşüncəsi ilə qarışdırdığı bir fasçılığı yaysın. Sən buna sadəcə şiəlik deyə bilmirsən. Bu bir şuibiəlikdir ki, farçılıq ilə şiəliyin sintezindən yaranır. İranın bölgədə gücü o qədər də yoxdur. Ölkə öz içində güclü olmalıdır. İranda yaşayan fərqli xalqlar bu rejimi qəbul etmirlər. İranın öz içində bir boşluq var. İkincisi, içəridəki problemləri xaricdə yaratdığı olaylarla örtməyə çalışır. Məsələn, terror təşkilatlarından yararlanılr. Dünyada, bəzi bölgələrdə öz düşmənlərini yaratdığı terror təşkilatlarının vasitəsilə aradan götürür. İranın təkbaşına o qədər gücü yoxdur ki, istəklərinə çatsın. Məcburdur ki, terror təşkilatları qurub, işlərini irəli çəksin.

- Nüvə silahı əldə etmək istəyinin arxasında hansı məqsədlər dayana bilər?

- İran bu silahı İsraili, həm də Avropanı qorxutmaq üçün əldə etmək, öz varlığını sığortalamaq üçün istəyir. Elə düşünür ki, əlində nüvə silahı olarsa, heç kim ona toxunmayyacaq. İran Avropanın, İsrailin həqiqətən də düşmənidirmi? Bu məsələni ortaya qoymaq olar. Yəni son 40 ildə İran bütün ölkələrdən çox İsraillə xidmətdə olub. Bunu bəzən İsrailin rəsmilərinin də dilində eşidirik. Şimon Peres bir zaman demişldir ki, Əhmədi Nejad bir ordudan çox İsrailə xidmət etdi. İran indiyədək İsrailə qarşı heç bir iş görməyib, hətta zaman-zaman pərdə arxasında işbirlikləri üzə çıxıb. Amerika ilə də belədir, sözdə danışmaqlarına baxmayaraq, Vaşinqton hər zaman bu rejimi qoruyub. Xalq aksiyalar keçirəndə ABŞ sadəcə bir neçə bəyanat verməklə kifayətlənib, gülümsəyərək bu hadisələrin kənarından keçib. 2009-cu ildə Tehranda böyük aksiyalarda iştirakçıları şüarlar səsləndiridilər: “Obama, Obama ya onlarla ol, ya bizimlə ol“. Lakin Obama sadəcə gülümsədi, bir bəyanat verərək insanların öldürülməsini qınadı. İndi də iki aydır İran qarışıb, amma ABŞ sadəcə bəyanatlar verməklə məşquldur.

- Nədən ABŞ, Avropa İranın qarşısını kəsməkdən çəkinir...

- ABŞ-ın bu molla rejimini ortadan qaldırmaq fikri yoxdur. Bir sıra diplomatik oyunları kənara qoysaq, İran rəsmi Vaşinqtonun bölgədə istəklərini həyata keçirib. İran bölgəyə “xoxan” kimi göstərilib ki, ərəb ölkələri neftini satıb silahlar alsınlar. Bu proses əslində ABŞ-ın xeyrinədir. Bunu hələ də aydınlaşdıra bilmirik ki, İran rejimi ABŞ-ın düşmənidir, yoxsa onun, İsrailin çıxarları uğrunda çalışır. Əgər ortada İran olmasaydı, ərəb ölkələri İsrailə bu qədər yaxınlaşa bilərdirmi? Bunu soruşmalıyıq. İran sözdə həm ərəbləri, həm İsraili təhdid edir. Beləliklə düşünürəm ki, İsrailin çıxarları uğrunda ya oynayır, ya çalışır. ABŞ-ın İrana ordu çəkməsi söz konusu ola bilmir. Bir də İranda yaşayan millətlərin talesizliyidir ki, hər zaman bunlar ayağa qalxanda, ABŞ-da demokratlar iş üstündə olub. İstər Klinton, istər Obama, istər Baydenin dönəmində. Bəlkə Tramp iş üstündə olsaydı, onun hakimiyyəti dönəmində bu aksiyalar başlasaydı vəziyyət də fərqli olardı. Pompeo onun xarici işlər naziri idi, düşünürəm ki, onlar ciddi bir müdaxilə haqda düşünərdilər. Amma indiki iqtidardan bunu gözləmirəm.

- Azərbaycana diş qıcımaq İrana necə başa gələ bilər?

- İran Azərbaycanın varlığını qəbul edə bilmir. Əgər Azərbaycanın çevrəsində bir Türkiyə, bir Güney Azərbaycan olmasaydı İranın Azərbaycanla heç bir dərdi olmazdı. Şübhəsiz, sizə deyirəm ki, Azərbaycanla Ermənistan arasında bir münaqişə olsaydı İran Azərbaycana dəstək verərdi. Deyərdi ki, bunlar mənim dindaşımdır, məzhəbimiz, dinimiz birdir. Amma İranın qorxusu bir türk dünyasıdır, bir Güney Azərbaycanın varlığıdır. İran qorxur ki, Güney Azərbaycan ayrılsın və Bütöv Azərbaycan yaransın. Burada İran sadəcə İsraili bəhanə edir, içəridə Güney Azərbaycanlıların qabağını alsın, oaradakı coşqunu yatırsın. Onları inandırsın ki, Quzey Azərbaycan İsrail ilə iş aparır və s. Siz də burada onların siyasətlərini yürüdürsüz, fəallarımızı qorxutmaq üçün əlində vasitə olur. İran İsrailin düşməni obrazından çıxış edərək inqilab keşikçilərini Azərbaycana qarşı hazırlayır. İran Azərbaycanda savaş törədə bilmir, amma arzu edir. İran Xomeynini sevən yerli azərbaycanlıları Quzey Azərbaycana qarşı yönləndirir. İranın ən böyük arzularından biri budur ki, o qədər gücü olsaydı Azərbaycana qarşı bir savaş cəbhəsi açardı. Ya da Səudiyyə Ərəbistanına qarşı. Necə ki, son zamanlar İran hər ikisini təhdid edir. Amma əslindəı İran öz gücünü də bilir. Bilir ki, indiki durumda bunların heç biri ilə savaşa bilməz. Güney Azərbaycan türkləri son 120 ildə 4 inqilab yaşadıb. Bunlarla yanaşı düşüncə tərzləri də yenilənib. Baxın, Səttərxan Hərəkatında Güney Azərbaycan türkləri özlərini İran üçün fəda etdilər. Bunu deyəndə elə düşünüblər ki, Azərbaycanın xoşbəxtliyi İranın xoşbəxtliyi ilə gerçəkləşə bilər. Amma ondan 40 il keşdikdən sonra Seyid Cəfər Pişvəri hərəkatı baş verdi, ondan bir 20 il öncə Xiyabani hərəkatını, 1979-cu ildə Müsəlman Xalq Cəbhəsi və Şəriətmədari hərəkatını görürük. Son 30 ildə biz Güney Azərbaycan Milli Hərəkatının yaranması və gündən-günə genişlənməsini görürük. Artıq Güney Azərbaycan türklərinin bir çoxu Güney Azərbaycanın müstəqilliyi uğrunda mücadilə etməkdədirlər. Onlar düşünürlər ki, Güney Azərbaycanın müstəqilliyi Bütöv Azərbaycanın təşəkkülü ilə mümkündür. Azərbaycan Prezidenti İlham Əliyevin son zamanlar verdiyi dəstəklər onları ruhlandırıb, həm də arxalarında güclü Azərbaycan dövlətinin olduğunu qəbul edirlər.