Mollaların əksəriyyəti İran agenturasının əməkdaşıdırlar

Mollaların əksəriyyəti İran agenturasının əməkdaşıdırlarFazil Əliyev: “İrandan buradakı agentura şəbəkəsi üzvlərinə, qüvvələrinə əmr edilib ki, bundan sonra açıq fəaliyyət göstərsinlər”

Gürcüstan Cənubi Qafqazın ən çox müsəlman əhalisi olan yeganə xristian dövlətidir. Bu ölkənin İslam dininə etiqad edən vətəndaşlarının əhəmiyyətli hissəsini isə etnik azərbaycanlılar təşkil edir. 2021-ci ilə aid statistik məlumatlara əsasən Gürcüstanda yaşayan etnik əhalinin sayı 440 min nəfərə yaxındır və onlar əsasən Kvemo-Kartli (Borcalı) regionunda məskunlaşıblar. Qeyri-rəsmiumatlara görə isə bu rəqəm 1 milyondur. Gürcüstandakı soydaşlarımız qonşu Türkiyə ilkə normal münasibətdədirlər. Lakin qonşu İran soydaşlarımıza ideoloji təsir göstərməkdədir. Fars-molla rejimi Gürcüstanda yaşayan soydaşlarımız arasında öz təsir imkanlarını genişləndirmək üçün müxtəlif təsirli üsullardan istifadə edir. O da aydındır ki, İran agenturasının təsiri altına düşən soydaşlarımız da az deyil. Gürcüstandakı soydaşlarımızdan aldığımız məlumatlara görə, İranın Gürcüstanda güclü dini təşkilatları var: “Zeynəb”, “Fatimə” təşkilatları şiə adı altında gizləniblər. Şiəlik adı altında dindarlar çoxalıb. Amma bu, şiəlik deyil, irançılıqdır.

Gürcüstan Naminə Siyasi Partiyanın sədri Fazil Əliyev “Xalq Cəbhəsi”nə bu mövzu ilə bağlı müsahibə verib.

- İranın Gürcüstanda dini təsiri nə yerdədir. Həqiqətən İran müsəlmanlara, xüsusən soydaşlarımıza İslam ideologiyası aşılıyır?

- Gürcüstan müstəqillik əldə etdikdən sonra İran, İraq və Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanları din sahəsinə təsir göstərməyə başladılar. O cümlədən Türkiyədən nurçular, FETO-çular axın etdi. Bunların içində ən aktivi fars-molla rejiminin agentləri və FETOçular oldu. Bəlkə də bu sahəyə, fəaliyyətlərinə azı yüz milyon dollar yatırım ediblər. Məscid, mədrəsələr tikdilər, gəncləri Quma apardılar, guya dini təhsil verdilər. İllərdir bu təhlükənin olduğunu deməyimizə baxmayaraq Qafqaz Müsəlmanları İdarəsi heç bir ölçü götürmədi. Səhv etmirəmsə, QMİ Gürcüstanda 2008-ci ilə kimi fəaliyyət göstərdi. Saakaşvili dönəmində bu idarənin fəaliyyətinə xitam verildi. Bundan sonra ölkədə dini təşkilatlar QHT kimi fəaliyyət göstərməyə başladılar. Erməni kilsəsi, gürcü pravoslav kilsəsi vahid çətir altında fəaliyyət göstərsələr də, islam dini daşıyıcıları olan 25-dən artıq QHT yönümlü təşkilatlar pərakəndə şəkildədirlər. Şiəçilik, vəhhabilik, sufilik, sələfilik və s. Bir-birləri ilə yola getmirlər, qarşıdurmadadırlar. İranın nəzarətində olan mədrəsələrdə fars dili öyrədilir, türkçülüyə nifrət aşılanır. 7, 8, 10 yaşlı uşaqları mədrəsələrə aparıb onları farslaşdırırlar, beyinlərinə fars ideologiyası yeridirlər. Məşhəd, Kərbəla gürcü müsəlmanlarına müqəddəs yer, müqəddəs vətən kimi təqdim olunur, hüseynçilik ideologiyası aşılanır, Aşura kimi mərasimlərə götürülür, bir sözlə həmin uşaqların, gənclərin beyinləri zəhərlənib. İranın Gürcüstanda on minlərlə yetişdirməsi var, ölkə dini fəlakətlə üz-üzədir. Harada savadsız, aztəminatlı gənclər var İranın buradakı mollaları onları ələ alırlar. Onlar üçün savadlı din xadimi yetişdirmək arxa plandadır, əsas məqsəd ovu fars ideologiyasını daşısın, türkçülüyə nifrət etsin. İran Gürcüstandakı soydaşlarımız arasında potensial terrorçu yetişdirir.

- Gürcüstanda İranın nəzarəti altında fəaliyyət göstərən mədrəsələrə dövlətin təsiri, nəzarəti varmı?

Hələ bu vaxta kimi parlamentdə Milli və dini azlıqlar haqqında qanun qəbul edilmədiyindən bu sahədə onlarla aparılan işlər qeyri-qanunidir. Gürcüstanda Dini məsələlər üzrə bir agentlik yaradılıb, ölkə konstitusiyasında din dövlətdən ayrı göstərilib. Hökumət yalnız onları maliyyələşdirir. Amma bu vaxtadək hakimiyyət, hökumət İranın ölkədə agentura şəbəkəsini yaratmasına, mədrəsələrdə dərslərin necə keçirildiyinə, islam dini çətiri altında gənclərə nə aşıladığına mane ola bilmir. Həmin mədrəsələrdə keçirilən dini dərsliklərə belə müdaxilə oluna bilməz. Bu dərsliklər harada hazırlanır, kim tərəfindən yazılır, necə yazılır,buna nəzarət olunmur. Çünki qanun buna izn vermir. Ona görə də, İran ölkədə istədiyi, özünəsərf bir formada dini tədris edir. Fars-molla rejimi gənclərimizi asanlıqla zombiləşdirir. Bundan başqa bir növ fars-molla rejimi ilə Gürcüstan hökumətinin mövqeyi üst-üstə düşür. Bizim dinimizdən, mədəniyyətimizdən istifadə edərək hərə öz maraqlarına xidmət edir. İrana nə lazımdır, türkə, türkçülüyə qarşı, regionda mövqeyini gücləndirmək üçün farspərəst, radikal təfəkkürlü hərbi bazarlara oxşar zombiləşmiş dəstələr yaratsın. Hakimiyyət də elə bil bunlarla razılığa gəlib ki, biz sizin fəaliyyətə yaşıl işıq yandırırıq, siz də seçkilərdə bizim xeyrimizə məscidlərdə, mədrəsələrdə, mərasimlərdə adamlar arasında təbliğat aparın. Bu hər iki tərəfə sərf edir. Bundan başqa ölkədə sünni şiə məsələsi, söhbəti qabardılır. Mənim yaşadığım küçədə vəhhabilər və şiələr yaşayır. Orada sünni şiə qarşıdurması oldu, hətta bir gənc dünyasını dəyişdi. Ara, sıra qan davası düşüb, hər an belə təhlükələr gözlənilir. Gürcüstanda azərbaycanlıların yaşadığı hər bölgədə, hər rayonda belə qarşıdurmalar gözlənilir. Çünki, ortada fars-molla rejimin maliyyələşdirdiyi mollalar var, yüz min dollarla vəsait xərclənir, mədrəsə, məscidlər tikdirilir. Bizim soydaşlarımız arasında isə savadsızlıq artır, ziyalılarımız da fars-molla rejiminin Gürcüstandakı rıçaqlarını təsir edə bilmirlər.

- İranın mədrəsələr, mollaları Gürcüstanda yaşayan soydaşlarımıza nə verib, nə alıb?

Heç nə verməyib, əksinə onların beyinlərini zəhərləyib. Narkomanlarımızın sayını artırıb. Mədrəsə və məscidlərin koordinasiyasını milliyətcə fars olan İranın Gürcüstandakı “Əl Mustafa” Universitetinin nümayəndəsi Həsən Yusifzadə həyata keçirir. Bu adam Azərbaycandan qaçan agent Ocaq Nicatın rolunu oynayır. İranın Gürcüstandakı səfirliyinin nümayəndələri, xüsusi xidmət orqanlarının polkovnikləri fəal iş aparırlar. Dini mərasimlərdə, Aşura günündən bir gün öncə keçirilən "Tasua" yürüşündə onlar kütlənin önündə gedirlər, arxada bizim din xadimlərimiz, mollalar gəlir. Gürcüstanda dini sahədə özbaşınalıqdır, çünki bu sahədəki fəaliyyət qanunla tənzimlənmir. Dünənin əyyaşı bu gün özünə şeyx adı verib fəaliyyət göstərə bilir, hətta məscidə rəhbərlik edir. Artıq məlumatlar alırıq ki, mədrəsələr bankdan kreditlər götürür. Ölkədə məscidlərin demək olar ki, hamısı şəxslərin əmlakıdır. Ponçiala küçəsində əvvəl bir məscidimiz vardı, akademikimiz, yüzlərlə professorumuz, ziyalımız vardı. Amma indi beş məscid var, ziyalılarımız azalıb, narkomanların sayı artıb. Qumda dini təhsil alıb geri qayıdanlar elə bil bu sayın artmasına səbəb olub. Gürcüstana İrandan narkotik idxalı artıb, din adamlarının çoxu narkotik istifadəçisidir. Ponçialada ildə 25-30 ton narkotik satılır. 1200 sakin narkotik istifadəsi və satışına görə həbsdədir. Bunların 200-300-ü keçmiş namaz qılan, möminlərdir. Həbs olanların əksəriyyəti İran vətəndaşlarıdır. İran Gürcüstana iki şey ixrac edir - savadsız, agent mollalar və narkotika.

- SEPAH-ın bu sahəyə hansısa təsiri varmı?

SEPAH-ın Gürcüstana böyük təsiri var. İranın Gürcüstandakı səfirliyindəki SEPAH-ın nümayəndələri birbaşa şeyxlər, axundlarla əlaqəlidirlər, dostdurlar. SEPAH-ın Gürcüstandakı axund və molla dostları normal şəraitdə yaşayırlar, Allahşükür Paşazadəyə oxşayırlar, hamısı milyonçudur, dəbdəbəli villalara sahibdirlər. Kənd, rayon mollaları haradan bu qədər varlanırlar ki, belə təmtəraqlı yaşayırlar. İran agenturasının əməkdaşına çevrilən mollanın tez bir zamanda həyatı dəyişir. Azərbaycanın Gürcüstanda dinlə apardığı iş sıfıra bərabərdir. Bu sahə ilə bir sıra layihələr, təkliflər vermişik, amma yaxına buraxmırlar. Biz çalışırıq ki, İran kimi ölkənin agenturasının qarşıdurma yaratmaq cəhdlərinin qarşısını alaq. Buna gücünüz çatır. Şəxsən mən Gürcüstanın güc strukturlarına, hüquq-mühafizə orqanlarına, Baş Prokurorluğa rəsmi müraciətlər etmişəm ki, İran başda olmaqla digər xarici ölkələrin burada açdığı məscid və mədrəsələrin fəaliyyəti, orada keçirilən dərslər yoxlanılsın. Kimlərin İran agenturadı ilə əlaqələri yoxlanılsın. Bizdə çox böyük şübhələr var ki, İranın, fars-molla rejimin Gürcüstanda güclü, eyni zamanda təhlükəli agentura şəbəkəsi var. Bu günlərdə hüquq mühafizə orqanları bəyanat verdilər ki, Tiflisdə bir İran vətəndaşı İsrail vətəndaşını öldürmək istəyir, bu o deməkdir ki, İranın agenturası iş başındadır. Marneulidəki vətənpərvər, millətini və xalqını sevən mömin qardaşlarımızdan aldığım məlumatdan belə qənaətə gəldim ki, Qasim Süleymaninin öldürülməsindən sonra İrandan buradakı agentura şəbəkəsi üzvlərinə, qüvvələrinə əmr edilib ki, hamı bundan sonra açıq fəaliyyət göstərsinlər. Bundan əvvəl gizlin iş görürdülərsə, indi çəkinmədən kartları açsınlar. Farslaşma ideologiyası, türkçülüyə nifrəti açıq şəkildə təşviq etsinlər. Çünki, hakimiyyətdən, hökumətdən çəkinmirlər, meydan onlarındır. Amma biz buna imkan verməyəcəyik. Onların baş qaldırmalarına imkan verə bilmərik. Açığı, bu sahədə meydanda tək mübarizə aparırıq, heç yerdən dəstəyimiz yoxdur. Amma vətənimiz, millətimizin təhlükəsizliyi üçün çalışmalıyıq, fəaliyyətimizi birləşdirməliyik. Nə vaxta kimi davam edəcəyini zaman göstərəcək.