Gülnarə Hüseynova: "Uşaqlarda özünəinam hissi artırılmalıdır"

Gülnarə Hüseynova: "Uşaqlarda özünəinam hissi artırılmalıdır"Son zamanlar cəmiyyətimizdə yaşanan sosial problemlər, pandemiya, postmüharibə dövrü, qlobal qiymət artımı və s. cəmiyyətimizin gündəlik həyatına da təsirsiz ötüşmür, müəyyən neqativ məqamları ortaya çıxarır. Bu məsələdə ən çox zərər çəkənlər isə gənclərimizdir.

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Azərbaycan Millli Elmlər Akademiyasının əməkdaşı, “Sübhnur” Tədris Mərkəzinin təsisçisi və direktoru Gülnarə Hüseynova maraqlı nüanslara diqqət çəkib.

- Gülnarə xanım, siz ailə sevgisindən uzaq qalan uşaqlara, yaşlı insanlara müəyyən yardımların olunması ilə bağlı bir çox sosial layihələrin həyata keçirilməsində iştirak etməklə yanaşı, xeyriyyə tədbirlərinin könüllü təşkilatçısısınız. Sizi bu cür xeyriyyə tədbirləri keçirməyə sövq edən səbəb nə idi?

- Mən Akademiyada Həmkarlar təşkilatının üzvüyəm. Biz əvvəllər də institut əməkdaşları ilə birlikdə bir çox uşaq evlərində olurduq. Uşaq evləri, qocalar evinə sovqatlar aparan qrupda aktiv şəkildə iştirak edirdim. Sonralar fikirləşdim ki, mən bu layihəni İnstitutdan kənarda, öz şəxsi çevrəmdə tanıdığım insanlarla da birlikdə edə bilərəm. Düzü o evlərdə olan uşaqların, qocaların hər səfərimizdə bizə necə ümidlə baxdıqlarını görəndə, belə görüşlərin mütəmadi, daha çox, daha əhatəli təşkilatlar müstəvisində həyata keçirilməsini zəruri saydım. Müşahidələrimdə və apardığım söhbətlərdən gördüm ki, işdən kənarda çevrəmdə olan insanlar da bu prosesə qoşulmaq istəyirlər. Beləcə, institutdan kənarda insanlara yardım etmək istəyən şəxsləri bir araya gətirdim. Və biz könüllü olaraq öz hesabımızla humanitar, xeyriyyə işləri həyata keçirtdik.

Bir hadisə mənə xüsusilə stimul verdi. 2018-2019-cu ildə şəhid ailələri qalan yataqxanada oldum. Mən özüm onlara yaxınlaşdım, görüşlərimiz oldu. O qadınlar gözləri yaşlı məni qucaqlayıb, “nə yaxşı bizim də qapımızı döyüb bizim halımızı soruşan, eşidən oldu”-deyirdilər. O, qadınlar, şəhidlərin ailə üzvləri deyirdilər ki, onlara heç nə lazım deyil, sadəcə bir şəhid ailəsi kimi qapılarının döyülüb hallarının soruşulması, dərdlərinə qulaq asmağımız onları ruhlandırır, yaralarını sarıyır. Mən o zamanlar o insanlara bacardığım qədər, kiçik bir məvaciblə olsa da müəyyən sovqatlar apardım. Mənimlə birlikdə ətrafımda olan qadınlar, valideynlər, xeyriyyəçi insanlar belə görüşlərdə çox iştirak etdik. Əslində bu cür paylaşmalar, insanların bir-birinin dərdinə şərik olması, ondan “necəsən” -deyə soruşması özü böyük bir vəhdəti yaratmaqla yanaşı, gələcəyimuz üçün çox böyük mənəvi əhəmiyyəti olan örnəkdir. İnsanlar nə qədər çox paylaşarsa, nə qədər bir-birinə qarşı diqqətli olarsa sevgi bir o qədər çoxalar. Məncə bu cür könüllü ianələr, xeyriyyə işləri çoxalmalıdır. Bəlkə də, hər rayonda bir qədər diqqətdən kənar qalan insanlar qayğı, sevgi ilə əhatələnsə, heç kəs ümidsiz qalmaz...

Biz sonralar bir çox tədbirlər keçirtdik. Talasimiya, leykoz xəsətəsi olan uşaqlara yardımlar etdik. Eyni zamanda paytaxtda bir sıra uşaq evlərinə, uşaq-ana sığınacaqlarına yardımlar apardıq. Onlarla görüşlərdə insanların hansı problemlərlə, hansı dərdlərlə üz-üzə qaldığını gördük. Bir çox hallarda “maddi dəstəklə onları o çətin durumdan çıxarmaq olar”- deyə düşünürəm. Amma hər bir insanın qəlbində bir humanistlik, yardımlaşmaq istəyi olsa çox gözəl olar. Biz uşaqlara yardımlar aparanda gördük ki, onları adi bir hədiyyə ilə sevindirmək, üzlərini güldürmək mümkündür. Əlbəttə ki, hər bir insana diqqət, qayğı, sevgi lazımdır. Və biz də onu o uşaqlara, qocalara verməkdə xəsislik etmədik.

- Bəzən belə qeydlər edirlər ki, əvvəllər insanlar bir-birinə qarşı daha diqətli, bir-biri ilə yardımlaşmada daha aktiv idi. İndi insanların passivləşdiyi deyilir. Bu cür yanaşmalar nə ilə bağlıdır?

- Yəqin ki, bu məsələnin də köklü səbəbləri var. Bizim xalqımız istiqanlıdır və humanistir. Ancaq uzun illərdir torpaq itkisi ilə çox faciələr yaşadıq. Bir qədər dərdlərdən qovrulduq. Təbii ki, başqa səbəbləri də var.

Adi bir misal: bəzən görürsüz ki, avtobusda sürücü siqaret çəkir. Mən buna etiraz edirəm, amma maraqlıdır ki, başa heç kim narazılığını bildirmir. Bilmirəm, insanar sanki robotlaşıb, heç kəs neqativ məsələ barədə danışmaq istəmir. Sanki nədənsə çəkinirlər, yaxud da belə hallar sadəcə çəkilərək sosial şəbəkədə paylaşılır.

Amma hesab edirəm ki, kömək, yardımlaşmaq hissimiz ölməyib. Əvvəllər bizdən böyüklər bunu edibsə, indi bizdə edə bilərik.

Bir məqamı da qeyd etmək istərdim: çox təəssüf ki, biz bir-birimizin uğurunu görəndə bir xoş söz deməyə xəsislik edirik. “Çox sağ ol”, “nə gözəl”, “afərin”, “bunu davam et” demirik. Bu steriotipi yox etməliyik.

- Gülnarə xanım, necə hesab edirsiz, iqtisadi böhran, müharibələr, pandemiya, sosial problemlər fonunda insanların daha çox nəyə ehtiyacı var?

- İnsan hər zaman sevgiyə, diqqətə, qayğıya, nəvazişə ehtiyac duyur. Bizim ən böyük çatışmayan cəhətimiz budur...

Qeyd etdiyim kimi mən Tədris Mərkəzinin rəhbəriyəm. 2020-ci ildə açmışam. İlk missiyam o mərkəzdə uşaqların istedadlarını üzə çıxarmaqdır.

İnsanların içindəyəm və görürəm. Bəzi qeyd etdiyim neqativlər bizim gündəlik həyatımızda var.

Bir çox hallarda valideynlərimiz onun davasını edir ki, mənim uşağım mütləq oxumalıdır. Yaxud, istedadı oldu-olmadı, deyir ki, filankəsin uşağı rəqsə gedir, sən də getməlisən və sair. Sanki valideynlər də bir yarışa çıxıblar. Axı sən uşağına niyə cəza verirsən. Zatən Allah hər bir uşağı fitri istedad yaradıb. Sən öz uşağını azad, özgüvən böyüt yetər. Ona “Sən hər şeyi bacaracaqsan, sən hər şeyə qaidirsən” deməklə onu ruhlandır. Sən uşağının istedadını ortaya çıxara bilmirsənsə, qoy bunu məktəb üzə çıxarsın. Bütün hallarda hər birimiz şükr etməliyik, pozitiv olmalıyıq. Heç nəyə neqativ olmalı deyilik.

- Maraqlıdır, indiki gənclər dəyərlərə, ənənələrə necə yanaşır?

- Mən əvvəllər gənclərin ağsaqqallara olan münasibətinə çox yaxşı baxırdım. Əgər müəllim mənə bir iş deyərdisə, onu sevə-sevə yerinə yetirirdim. İşimə aid olmasa belə onu edirdim. Amma sonradan müşahidə etdim ki, bəli, gənclərimiz dəyişib. İndiki gənclərə bir söz demək olmur. Əgər xahiş etsən ki, tutaq ki, bu kitabı kitabxanaya apar, sənə deyəcəklər ki, bu mənim işim deyil. Hətta bunun üçün qarşılıq istəyir. Deyim ki, bu dəqiqə 50 faiz gənclərimiz çox sosialdır. Yəni onlar deyirlər ki, artıq liderəm, yəni sənin 40 yaşında etdiyini mən 20 yaşında edəcəm. Tutaq ki, mərkəz də açacam, hər bir şey edəcəm, bir sözlə aktivdirlər. 50 faiz gənclərimiz isə özünə qapanıqdır. Onlar heç kimi düşünmürlər, pozitiv düşünmürlər. Ola bilər ki, belə gənclər ailədə nəvaziş, qayğı görməyblər. Bir tərəfdən də pandemiya bu özgüvəni azaltdı. Amma bir çoxlarının bilik bacarıqları üzə çıxdı. Ona görə də mən valideynlərə həmişə tövsiyə edirəm ki, birinci növbədə uşağınıza bilik verin və qoy övladınız özün güvənsin.

Bir çox hallarda biz xəbərlərdə gənclərin intihar etməsi hadisələri ilə rastlaşırıq. Mən bunun da səbəbini öz güvənin olmaması ilə əlaqələndirirəm. Bir tərəfdən də qidalarımız, hava zəhərlənməsi də buna təsir edir.

Bu yaxınlarda zəngilanlıların Ağalı kəndinə köç oldu. İnanın ki, bu dədqiqə desələr ki, Gülnarə xanım gedin orda tədris mərkəzi açın, bunu sevə-sevə edərəm. Amma bizdə kontingent şəhərin mərkəzində olmaq istəyir.

Özgüvəni aşağı olan insan uğurlu ola bilmir. İnsan o zaman uğurlu ola bilir ki, biliyi potensialı ortadır, amma özgüvəni aşıb-daşır. Bəli o insan “işin arxasınca gedirəm, bu gün alınmasa da sabah alınacaq” deyir. Çünki bu insanın daxilində özgüvən var.
Hər iş şüurla əlaqədardır. İntiharın səbəbi odur ki, insanlar özlərinin gələcəyini görə bilmirlər. Yaxud da kimdənsə asılıdırlar.

Bu yaxınlarda bizim gənc alimimiz (xəyanatə uğramış ailə səbəbi üzündən) həblərdən istifadə edərək intihar etdi. Mən bunu yaxşı qarşılamadım. Axı sən layihələrini, xalqın, çevrən üçün edə biləcəyin müsbət işlərin yarımçıq qoydun. Onun bu özgüvənsizliyi, inamsızlığı faciəyə gətirdi. Bir alim özünə çıxış yolu tapmalıydı. Ümumiyyətlə həmişə bir çıxış yolu var, intihar heç də çıxış yolu deyil.

- Gənclərə nə tövsiyə edərdiz. Ümumiyyətlə ictimai mühitdə görünən insan necə olsun?

- Hər bir insan nümunəvi olmalıdır. İnsanlar bir-birinə oturuşu, duruşu, nəvazişi, diqqəti, ədəb-ərkanı ilə nümunə olmalıdır. Bunu oxumaqla, kitabla da əldə etmək olmur. Belə deyilir ki, birinci növbədə insanın daxili aləmi zəngin olmalıdır. Zənginlik pul, var-dövlətlə seçilmir. Sən bir toy məclisinə gedəndə qızıl, zinyət əşyaları taxa bilərsən, amma bu sənə heç nə verməz. Amma daxilin zəngin olarsa, sənin nurun zəngn, dolu bir insan kimi göstərər. İnsan özünəetibarı, sevgini də illərlə qazanır. Nümunəvi olmaq lazımdır. Danışığınla, əməlin üst-üstə düşməlidir. Cəmiyyəti də insanlar özləri formalaşdırır. Bu proses ailə, məktəbəqədər hazırlıq, ətraf mühit, dərsliklər, öyrənməklə, özgüvənlə inkişaf edir... Uşaqlar, övladlar öz ailəsinə, ətrafına baxıb tərbiyə olacaq...