Sizin Reklam Burada

"Nə mən pula, nə də pul mənə işləyir" - Emin Əliyev

"Nə mən pula, nə də pul mənə işləyir" - Emin ƏliyevAzərbaycan Menecment və İnvestisiya Korporasiyasının direktoru Emin Əliyev Avrasiya.net-in suallarını cavablandırıb.

- Uğur sizin üçün nə deməkdir?

- Uğur nisbi anlayışdır. Birinə uğur kimi görünən iş digəri üçün gündəlik statistik hadisə hesab edilə bilər. Məncə, əsas budur ki, insan xoşbəxt olmağı bacarsın. Əsl uğur budur.

- Şəxsi inkişafınızda sizə daha çox nə kömək edir?

- Yoldaşlarımızın təşəbbüskarlıq və yaradıcılıqları əsasında təcrübə etdiyimiz yeni işlər, gəldiyimiz yeni nəticələr və s.

- Ən vacib hədəfinizlə aranıza məsafə qoyan şey nədir? Çata bilmədiyiniz hədəfiniz var, yoxsa, bütün hədəflərinizə çatmısınız?

- Hədəflərimizlə bizi ayıran şey, adətən bizim zamana münasibətimiz olur. Zamanımızın dəyərini bilsək, hədəflərə daha tez çatarıq. Əks təqdirdə hədəflər bizdən uzaqlaşmaqda davam edəcək. Biz, adətən, özümüzə mərhələli şəkildə hədəflər müəyyən edirik. O hədəfləri əldə edib-etmədiyimizi il sonu birlikdə təhlil edirik. Amma ən böyük hədəfim hələ gələcəkdədir, ömür vəfa etsə, ümid edirəm, ona da nail olaram.

- Həyatda sizə əsas nə motivasiya (ilham) verir?

- Faydalı bir insan olduğumu hiss etmək.

- Başqalarında axtardığınız 3 əsas keyfiyyət nədir?

- Dürüstlük, dürüstlük, dürüstlük!

- Səhvlərimizdən dərs çıxarırıqsa, niyə səhv etməkdən qorxuruq?

- Mən qorxmuram. İş yoldaşlarıma da qorxmamağı tövsiyə və təlqin edirəm. Səhvlərdən qorxmaq yalanlara yol açır, yalanlar isə məhvə.

- Çox sevdiyiniz və özünüzə bir növ şüar seçdiyiniz bir kəlam varmı?

- Var. O kəlam mənim həyat missiyamdır: “İnsanlara xeyri tövsiyyə et və şərdən çəkindir!”

- Peşəkar biznes fəaliyyətinizdəki uğuru nəyə borclusunuz?

- Dostlarıma.

- İşdə məhsuldarlığınızı azalda biləcək hansı xüsusiyyət var ki, ondan daha çox çəkinirsiniz?

- Tənbəlliyə məğlub olmaq.

- Siz pula xidmət edirsiniz, yoxsa pul sizə xidmət edir?

- Bu suala inanmıram ki, kimsə “mən pula xidmət edirəm” deyə cavab versin. Amma səmimi olmaq gərəkdirsə, nə mən pula, nə də pul mənə işləyir. Zəhmət çəkirik və çəkdiyimiz zəhmətin qarşılığını əldə edirik.

- İndiki vəziyyətdə özünüzdən razısınız, yoxsa narazı?


- Razı olduğum məqamlar da var, narazı olduqlarım da. Amma özümdən razı olub təkəbbürlənməkdən və ya narazı olub özünəinamsız olmaqdan hər zaman qorxmuşam. Asan deyil bu “qızıl orta”nı əldə etmək.

- Gündə neçə saat sosial şəbəkələrdə vaxt keçirirsiniz?

- Artıq dövrün tələbləri əhəmiyyətli şəkildə dəyişib. Əvvəllər sosial şəbəkələr daha çox dostlarla ünsiyyət, yeni tanışlıqlar və əyləncə platforması idisə, indi həm biznes, həm siyasət, həm də həyatın digər əhəmiyyətli sahələri elə sosial şəbəkələrdədir. Ona görə də statistik göstəricilərə görə mən əvvəlki dövrlərlə müqayisədə daha çox oluram sosial şəbəkələrdə. Məncə bu normaldır.

- Özünüzə tez-tez hansı sualı verirsiniz? Hələ də cavab tapa bilmədiyiniz sual varmı?

- Tez-tez verdiyim və cavabını da tapa bilmədiyim sual var, bəli. Görəsən, mən necə insanam? Yaxşı ya pis?

- Başqalarının məsləhətlərini dinləyirsiniz? Və əməl etmədiyiniz məsləhət olub?


- Məsləhətsiz işlərimdə uğurlarım az olub. Uğurlarımın böyük əksəriyyətini məsləhətli və müzakirəli atdığım addımlarla əldə etmişəm. Amma əməl etmədiyim məsləhətlər də olub, əlbəttə.

- Etdiyiniz hansı işləriniz ilə fəxr edirsiniz?

- Ağlıma xüsusi bir iş gəlmir. Demək ki, fəxr ediləsi elə bir işim olmayıb. (gülür)

- Bəs elə işiniz olub ki peşmançılıq çəkmisiniz? Və indiyə qədər də peşmançılıq çəkirsiniz?

- Əlbəttə olub və indiyə qədər də əziyyətini çəkirəm. Yadıma düşəndə vicdanım sızıldayır. Amma xahiş edirəm, soruşmayın nədir.

- Qarabağa tez-tez gedib gəlməyinizin səbəbi qarabağlı olmağınızdır? Yoxsa işlərinizlə bir əlaqəsi var?

- Hər ikisi. Bu tarixi dövrdə millətə və dövlətə faydalı bir fərd olmaq istəyirəm.

- Hazırda Qarabağda tikinti-təmir işləri gedir. Artıq yaşayış bərpa olunandan sonra köçüb orada yaşamağı, iş qurmağı fikirləşirsiniz?

- Qarabağ və Şərqi Zəngəzur dövlətimiz üçün həssas bölgədir. Ora hər istəyənin xaotik şəkildə arzularını reallaşdıracağı bir məkan deyil və olmamalıdır da. Sahibkar və ictimai fəal şəxs kimi əlimdən gələni etmək arzusundayam azad edilmiş ərazilərimiz üçün. İri infrastruktur layihələr icra edildikdən sonra daha kiçik həcmli layihələrin icrası təcrübəlilərə həvalə ediləcəkdir.

- Hal-hazırdakı Rusiya-Ukrayna müharibəsi və dünyanı maraqlandıran ticarət məsələləri haqqında nə deyə bilərsiniz?

- Mənim Ukrayna xalqı üçün ürəyim sızıldayır. Böyük oyunların qurbanı olmaqdadırlar. Azərbaycanın mövqeyi düzgündür və bizim bu günədək xarici siyasət strategiyamıza tamamilə müvafiqdir. Açıq demək lazımdır ki, müharibə ölkəmizin və ölkə başçımızın əhəmiyyətini daha da artırır və biz bunun nəticələrini yaxın zamanlarda daha aydın hiss edəcəyik.

- Müsahibələrinizin birində ən ağır məsələlərin belə danışıq yolu ilə həll oluna biləcəyini demişdiniz. Hal-hazırda Rusiya-Ukrayna arasında olan münaqişə də ağır məsələdir, niyə danışıq yolu ilə həll olunmur?

- Bu ifadəni mən biznes münasibətlərimlə bağlı demişdim. Bundan başqa, biz 30 il danışaraq Qarabağ problemini həll etməyə çalışdıq. Nəticə olmadı və 44 günə məsələ döyüş meydanlarında həll edildi. Rusiya-Ukrayna münaqişəsinin dünya ictimaiyyətinə təqdim edilən səbəblərdən baş verməsi inandırıcı deyil. Ona görə də orada müəmmalı məqamlar çoxdur.

- Sizi hal-hazırdakı qlobal vəziyyətlə bağlı ən çox nə məyus edir?

- Biz daha gözəl dünya üçün çalışmağı aşılayan mədəniyyətin varisləriyik. Dünya sülhdən çox uzaqlaşıb və gələcəkdə övladlarımızın yaşayacağı dünyanın qeyri-müəyyənliyi məyus edir məni.

- İctimai yerlərdə baş verən hər hansı haqsızlığa etirazınızı bildirməkdən çəkinirsiniz? Çəkinirsinizsə niyə?

- Çəkinmirəm. Mədəni şəkildə xəbərdar edə bildiyim halda nə üçün kobud şəkildə irad tutum ki, sonra da xoşagəlməz hal yaşansın?

- Ölkəmizdə narkotik maddə istifadəçilərinin sayı artıb. Bunun səbəbi kimi fərqli faktorlar sadalanmaqdadır. Təhsilsizlik, işsizlik və s. Siz nə düşünürsünüz bu barədə?

- Təəssüf ki, narkomaniya bəlasına təhsillilər də, işgüzarlar da qurban gedirlər. Sağlam cəmiyyət gözünü dörd açmalıdır ki, bu bəlanın qarşısının alınmasına nail olsun.

- Belə xəbərlər verilir ki, növbəti il yenidən parlament seçkiləri keçiriləcəkdir. Bir daha namizədliyinizi irəli sürəcəksinizmi?

- Yaşayarıq görərik. İndidən bu barədə konkret bir şey demək çətindir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər