Azərbaycan Ukrayna münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur.

Azərbaycan Ukrayna münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur.Yanvar ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya 1 günlük işgüzar səfəri ölkələrimiz və xalqlarımız arasında mövcud olan tarixi dostluq əlaqələrinin inkişafına xüsusi təkan verib. Səfər çərçivəsində hər iki dövlət arasında bir sıra mühüm sənədlər imzalanıb. Strateji tərəfdaşlığın yeni müstəvidə inkişaf dinamikasının konturları müəyyənləşdirilib.

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu, siyasi elmlər namizədi Əfqan Salmanov səfərin tarixi əhəmiyyəti ilə bağlı Respublika qəzetinə verdiyi müsahibədə ikitərəfli münasibətlərin gələcək perspektlərinə aydınlıq gətirib.

Fəxri konsulun müsahibəsini təqdim edirik.

- Əfqan müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfərinin əhəmiyyətini necə dəyərləndirirsiniz ?

- Öncə onu qeyd etmək istəyirəm ki, Azərbaycanla Ukrayna arasındakı dostluq münasibətlərinin kökü uzun əsrlərə söykənir. Tarixin bütün dönəmlərində istər ölkələrimiz, istərsə də xalqlarımız arasında sıx dostluq və qardaşlıq münasibətləri mövcud olub. Tarixə nəzər salsaq görərik ki, istər 1918-ci ildə, istərsə də 1991-ci ildə ölkələrimiz bir, birinin dövlət müstəqilliklərini tanıyan ilk ölkələr sırasında olublar. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycanla Ukrayna beynəlxalq arenada strateji tərəfdaşlar kimi tanınırlar.

Müstəqillik tarixlərini qöşa addımlayan hər iki ölkə arasında iqtisadi, siyasi, elmi, mədəni, hərbi-texniki, energetika, nəqliyyat və digər sahələrdə səmərəli əlaqələr qurulub.Təbiiki, qarşılıqlı əlaqələrin möhkəm və etibarlı zəmin üzərində qurulmasında Ulu Öndər Heydər Əliyevin əvəzolunmaz xidmətləri olub. Belə ki, 1997-ci ilin mart ayıda Ukraynaya rəsmi səfər edən Ulu Öndər Heydər Əliyev ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrini yeni inkişaf mərhələsinə qaldırmağa müvəffəq olub . Həmin vaxtdan bu günədək ölkəmizin xarici siyasətində Ukrayna mühüm yer tutmaqdadır. Beləki, ötən dövr ərzində ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə genişlənərək, strateji səviyyəyə çatıb. Bu gün iki dövlət arasında əməkdaşlıq bir çox sahələrdə intensiv olaraq inkişaf edir. Siyasi sahədə Azərbaycan və Ukrayna bir-birini həm ikitərəfli, həm də çoxtərəfli formatda dəstəkləyir. Parlamentlərarası münasibətlərdə də yüksək əməkdaşlıq əlaqələri mövcuddur.Hər iki ölkənin parlamentariləri bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən, Avropa Parlamenti və Avronest çərçivəsində ciddi əməkdaşlıq edir, müstəqil dövlətlərimizin gələcək müqəddaratı naminə eyni mövqedən çıxış edirlər. Ölkələrimiz həmçinin BMT, ATƏT, Avropa Şurası və GUAM çərçivəsində tərəfdaşlıq edirlər.

Əlbəttə, yanvar ayının 14-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Ukraynaya iş güzar səfəri ölkələrimiz arasında mövcud olan tarixi əlaqələrin daha da inkişaf etdirilməsinə dəyərli töhfələr verəcək. Bildiyimiz kimi, müstəqillik tarixini qoşa addımlayan iki ölkə arasında ötən 30 ildə iqtisadi, siyasi, elmi, hərbi texniki, energetika, kənd təsərrüfatı və bir çox sahələri özündə ehtiva edən sıx əməkdaşlıq münasibətləri qurulub. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 860 milyon dollar dəyərindədir. Əminəm ki, ölkə başçısının bu səfərindən sonra ikitərəfli iqtisadi əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

- Əfqan müəllim! Bu dəfəki səfər ötən səfərlərdən hansı çalarları ilə fərqlənirdi ?

- Bir məqamı xatırlatmaq istəyirəm ki, Prezident İlham Əliyev Azərbaycan, Ukrayna münasibətlərinin inkişafına daima xüsusi diqqət ayırır. Bu baxımdan dövlət başçımızın Ukraynaya etdiyi rəsmi və dövlət səfərləri ikitərəfli iqtisadi, siyasi münasibətlərin inkişafina, səmərəli töhvələr vermişdir.

Ötən səfərlərdən fərqli olaraq, bu dəfə əsas müzakirə obyekti kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına yönəlmişdi. Bildiyiniz kimi, bu gün Ukrayna dünyada ən böyük aqrar ölkələrdən biri hesab olunur. Bu baxımdan Azərbaycan öz qida təhlükəsizliyini təmin etmək üçün dost və qardaş ölkənin aqrar sektorunda əsaslı mövqe əldə etmək strategiyasını reallaşdırır. Bu ölkəmiz üçün çox böyük əhəmiyyətə malik qərardır. Əminəm ki, Ukrayna gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinin, Azərbaycan isə Ukraynanın enerji təhlükəsizliyinin təmin olunmasında ən etibarlı tərəfdaş ölkələrə çevriləcəklər. Hesab edirəm ki, bu dəfəki səfər yaxın gələcəkdə ölkələrimiz arasında mövcud olan ticarət dövriyyəsinin həcmini əsaslı şəkildə yüksəldəcək.

Azərbaycanla Ukrayna arasında indiyədək müxtəlif sahələri özündə əks etdirən 150-dən çox dövlət, hökumət və qurumlararası müqavilə, saziş və digər sənədlər imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya son səfəri zamanı imzalanmış yeni müqavilələr isə dövlətlərimiz arasındakı hüquqi bazanın daha da möhkəmlənməsində müstəsna rol oynayacaq.

Bu səfərin əsas özəlliklərindən biridə, Azərbaycanla Ukrayna arasında müştərək istehsal müəssisələrinin yaradılması, biznes mühitinin təkmilləşdirilməsi məsələlərinin gündəliyə salınması idi. Bu sahədə ciddi addımlar atıldı. Səfər başa çatdıqdan sonra Ukraynanın Xarkov, Dnepropetrovsk, Poltava, Çerniqov, Zaporojye və digər vilayətlərində fəaliyyət göstərən fabrik, zavod və bir sıra istehsal müəssisələrinin rəhbərləri Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğuna müraciət edərək Azərbaycanla iş birliyinə maraq göstərdiklərini, xüsusən də işğaldan azad olunmuş bölgələrdə həyata keçirilən investisiya layihələrinə qoşulmağa hazır olduqlarını bildirirlər.

Səfər zamanı istər Asərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İstərsədə Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfranslarında dönə-dönə qeyd etdilərki, Azərbaycan və Ukrayna strateji tərəfdaş ölkələr kimi bütün sferalarda daima bir-birinə dəstək verəcək, ikitərəfli iqtisadi, siyasi əlaqələrin dahada inkişaf etdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklə.

- Bölgədə cərəyan edən geosiyasi hadisələrin fonunda bu səfər Azərbaycan-Ukrayna münasibətlərinə necə təsir edəcək?

- Bu səfər Azərbaycan Ukrayna münasibətləri ilə yanaşı region ölkələrlə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə böyük töhvələr verəcək. Məlumdur ki, Azərbaycan region ölkələrlə qarşılıqlı əməkdaşlığın inkişafına böyük maraq göstərir. Bu baxımdan ölkəmiz Qaradəniz və Xəzər hövüzəsi ölkələri ilə iqtisadi əlaqələrin inkişafına real layihələrlə təkan verir. Regionda sabitliyin və dayanıqlı sülhün təmin olunmasında yaxından iştirak edir. Ötən 25 il müddətində inkişaf edərək Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycan beynəlxalq arenada mövqelərini gücləndirmək, milli dövlətçilik maraqlarını təmin etmək və dünyadakı etibarlı tərəfdaşları ilə əlaqələrini genişləndirmək istiqamətində çox böyük nailiyyətlər əldə edib. Bu baxımdan əminliklə demək olar ki, Azərbaycan ilə Ukrayna arasında strateji müttəfiqlik münasibətləri durmadan inkişaf edərək möhkəmlənəcək. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji əməkdaşlıq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkələrimizi bir birinə daha six bağlayacaq.

Möhsüm Qədiroğlu
“Respublika” qəzetinin Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri.