Nəsimi Şamaxıda – qardaşı Şah Xəndanın yanında dəfn edilməlidir
Vasif Əfəndi
Politoloq
Dünyada məşhur şəxsiyyətlərin, böyük alimlərin, şairlərin və dövlət xadimlərinin vətəndən kənarda vəfat etməsi və daha sonradan nəşlərinin öz yurdlarına qaytarılması çox geniş yayılmış bir təcrübədir. Bu, həm milli yaddaşın güclənməsi, həm də gələcək nəsillərə böyük örnək qoymaq baxımından əhəmiyyətli bir hadisə hesab olunur.
Məsələn, Azərbaycanın görkəmli dramaturqu Hüseyn Cavidin məzarı uzun illər sürgün olunduğu Sibirdə qalsa da, 1982-ci ildə böyük çətinliklər bahasına Naxçıvana gətirilərək ana vətənində dəfn edildi. Bu hadisə həm Cavid irsinin xalq arasında yenidən dirçəldilməsinə, həm də Naxçıvanın ədəbi-mədəni mərkəzə çevrilməsinə mühüm təsir göstərdi.
Eyni ənənəni Osmanlı tarixindən də görürük. Böyük Sultan I Süleyman Qanuni Macarıstanda vəfat etmişdi, ürəyi və daxili orqanları orada basdırılsa da, nəşi İstanbulda Sultan Süleyman türbəsinə gətirilərək dəfn edildi. Bu fakt bir daha sübut edir ki, tarixi şəxsiyyətlərin öz doğma torpaqlarında uyuması onların irsinin daha güclü yaşadılmasına xidmət edir.
Nəsiminin Suriyada sahibsiz və baxımsız vəziyyətdə qalan məzarı ilə bağlı “onun yeri dəyişdirilməməlidir” arqumentlərini isə səmimi hesab etmirəm. Bir çox hallarda belə arqumentlər yalnız formal bəhanədən irəli gəlir. Əksinə, Nəsiminin Şamaxıda – qardaşı Şah Xəndanın yanında dəfn edilməsi həm tarixi ədalətin bərpası, həm də Azərbaycan ədəbi-mədəni həyatının yeni mərhələyə qədəm qoyması olardı. Belə bir məkan həm turistlər, həm də ziyalılar üçün qibləgah rolunu oynaya bilərdi.
Unutmaq olmaz ki, tarixin müxtəlif dönəmlərində ən yaxın qohumların sümükləri belə qəbirdən çıxarılıb Kərbəlaya və ya başqa müqəddəs məkanlara aparılmışdır. O zaman heç kəs onların ruhlarının inciməsindən danışmırdı. Amma iş bir dahinin – əsərləri ilə türkcə poetikanı zirvəyə qaldırmış Nəsiminin – öz vətənində uyumasına gələndə bəhanələr tapılması anlaşılmazdır.
Nəsiminin Azərbaycana gətirilməsi yalnız bir dəfn prosesi deyil, həm də milli özünüdərk və mədəniyyətimizin dünya miqyasında tanıdılması baxımından əlamətdar bir hadisə ola bilər. 7 əsr əvvəl yaşamış belə bir dahi şəxsiyyətin uyuduğu məkanın ziyarətgah və səcdəgah çevrilməsi, heç şübhəsiz, həm xalqımız üçün şərəf olar, həm də bütün regionda ədəbi və mənəvi mühitin güclənməsinə xidmət edər.
Son xəbərlər
