Maraqlı kitab

İnstitutumuzda zəngin bir mühit var. Bir-birindən maraqlı tədbirlər, konfranslar keçirilir, kitablar çap edilir. Bu kitabların arasında tədqiqatlar da, toplamalar da var. Son vaxtlar Qərbi Azərbaycan mövzusu da aktualdır. Bu yöndə istər tədqiqatlar, istər də toplamalar diqqət çəkir. İnstitutumuzda “Qərbi Azərbaycan folkloru” şöbəsinin yaradılması da bu mövzunun aktuallığını təsdiq edir. Bu işgüzar iş yoldaşlarımın cəfakeşliyi, fəallığı məni də tərpətdi, kollektivdə fəallığa istiqamətləndirdi. İş yoldaşlarımdan Tacir müəllimin mənə avtoqraf yazıb bağışladığı “İbiş” adlı kitabı nəzəri diqqətimi cəlb etdiyindən, eyni zamanda bu yer-yurdun Qərbi Azərbaycan ərazisində olması, yəni bunun Qərbi Azərbaycan mövzusu ilə bağlılığı məni bu barədə məqalə yazmağa həvəsləndirdi.

“İbiş” neçən il (2024)”SkyG” nəşriyyatında çap olunub, redaktoru Anar Hüseynovdur. Bu kitabda İbiş kəndinin tarixi, ətrafındakı yer-yurd adları, bu ərazidə yaşayanların tayfaları, tirələri haqqında məlumatlar verilib. Kənd əhalisinin mənəvi aləmi də zəngin olub. Bunu buradan toplanıb yazıya alınan folklor örnəkləri (mifoloji rəvayətlər) – rəvayətlər, nağıllar, qaravəllilər, lətifələr, bayatılar və. s.) təsdiq edir. İstər yer-yurd adları, istər bayatılar, tırələr, istər folklor örnəkləri bu ərazinin qədimlərdən türk yurdu olduğunu göstərir.
Nənəş daşı, Məzartəpə, Məzartəpənin bulağı, Məsimin bulağı, Şiştəpə, Sərhəd dərəsi, Ayı çınqılı, Yarımhektarlar, Hacı Hasanın çayı, Qaraxan çayı, Sarı çayır, Qara sayır, Quş qayası, Calalın bulağı, Həmzə ağanın bulağı, Üç bulaq kimi, yer-yurd adları bu yaşayış məntəqəsinin türklərə məxsusluğunu, eyni zamanda dədə-babalarımızın nişanələrini əks etdirir.

Burada verilən folklor örnəklərindən lətifələr də maraqlıdır. Hiss olunur ki, İbişdə hazırcavab, baməzə, adamlar da az olmayıb. Bunu Mahmud, Rüstəm, Alpaşa və Çoban Calalın lətifələrində aydın görmək olur. Bəli, bu hazırcavab adamların cavabları özlərinəməxsus olsa da adamın düşündürür, duyğulandırır. Məsələn, Rüstəm deyir:

– Ay bala, pulun yekəsi də olur, xırdası da. Amma insafın xırdası olmur.
Mahmudun danışığında həm onun baməzəliyi, həm də hazırcavablığı hiss olunur. Məsələn, o deyir:
– Ay Allah, sənə qurban olum, bu xırman bəyini eşitmişdik, bəs bu xırman səyi hardan gəldi?!
Bu kitabda el şairləri də kifayət qədərdir. Bunların arasında qadınlar (Hürü nənə, Gülbahar, Xəstə Zərnişan) da var. El şairlərindən Hürü nənənin bayatıları xüsusilə seçilir. Bu bayatılarda kədər, qəm daha tünd bayatılarda verilib.

Quzum qaçdı Göləyə,
Bir yol açdı Göləyə.
Arxasınca qalmışam,
Mən mələyə-mələyə.

Qarsa düşərmi yolum,
Yetimdi sağım-solum.
Dərd üstündən dərd gəlir,
Allah, qurbanın olum.

Göründüyü kimi, ikinci bayatı da birinci ilə səsləşir. Burada verilən Gölə, Qars Türkiyə ərazisində olan yaşayış məntəqələridir. Amma bu folklor örnəklərində verilən dərd-kədər notları təsadüfü deyil. Yəni vaxtilə bu ərazilərin Ağbabayla sıx əlaqələri olub.

Bu kitabda verilən qaravəllilər poetikliyi və özünəməxsusluğu ilə yadda qalır.
Ağbaba ləhcəsi, danışığı folklor örnəklərinin təbiiliyini daha da aydın göstərir. Mən bununla bağlı iki örnəyi verməyi uyğun hesab edirəm.
“Demirəmmi səni gəzif-arayan var, tüşüf havar. Gəl qabağıma tüş, gedəh. Elə qaynatamnan bir ağılda olarsan” (“Dəli gəlin”)
“Əmə necə qaşdım, qara inəyin belində, şeşə buynuzları da əlimdə... Orada əcinə oldum, qızıl aldım, pul aldım, sonra da quldurrara ürcah oldum. Ordan da evə gəldim”. (“Tənbəl Əhməd”)

Gördüyünüz kimi, şivə də saxlanılıb, baməzəlik də öz yerində.
“İbiş” kitabı olduqca sadə, aydın bir dildə yazıldığından adama xoş təsir bağışlayır. Burada baş verən siyasi hadisələri əks etdirən folklor örnəkləri də var. Məsələn:

Arabalar düzüldü,
Gözlərdən yaş süzüldü.
Baxçalı, ay Baxçalı,
Əlim səndən üzüldü.

Kimi özün itirdi,
Kimi köksün ötürdü.
Kimi qızıl, kimi pul,
Kimi torpaq götürdü.

Həqiqətən bu bayatılar məni heyrətləndirdi deyə Tacir müəllimə müraciət etdim:
– Bu bayatılar hardansa faciəvi bir olaydan xəbər verir. Bu barədə nə deyə bilərsiniz
– Baxçalı Ağbaba kəndlərindən birinin adıdır. Bəli, bu folklor örnəkləri bir tarixi hadisəni – 1921-ci ildə bağlanan Qars müqaviləsini yada salır. Müqavilənin şərtlərinə görə müəyyən vaxta qədər Türkiyəyə keçmək istəyənlər ora gedə bilərdilər.
Bu vaxt Sınıq, Mumuxan, Seldağlan, Qızılkisə, Mustuqlu, Qonçalı, Söyüdlü və digər kəndlər elliklə Türkiyəyə pənah aparmışdılar.

Kitabın sonunda verilən “İzahlar və qeydlər” də diqqətimi çəkdi. Burada “Cələ”, “Cələləmək”, “Cələkəsən”, “qırp eləmək”, “qidanı”, “qöcük, “önlük” “nəçək”, “tıbılğı”, “sıyrıq”, “otkəsən” kimi sözlərin izahı verilib.

Müəllif göstərir ki, “cələ” “tor” anlamındadır, “cələləmək” (yəni cərgələmək), “cələkəsən” (haramzadə) kimi sözlər ondan qaynaqlanıb. Burada əks olunan “qıdanı”, “qöcük”, “önlük”, “nəcək” qadın deyimləridir, regional xarakter daşıyır.

Bu kitabın əhəmiyyəti odur ki, burada həm kəndin ətrafındakı yer-yurd adları, həm toplanıb yazıya alınan folklor örnəkləri, həm adət-ənənələr bu yaşayış məntəqəsinin türklərə məxsus olduğunu təsdiqləyir. Kitab Qərbi Azərbaycan mövzusu ilə bağlı tədqiqatlar üçün, folklorşünaslardan ötrü dəyərli mənbə rolunu oynaya bilər. “İbiş” maraqlı kitabdır.

Kəmalə Zeynalova
AMEA Folklor İnstitutunun əməkdaşı


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər