Noğul, qənddi şeirlərim...
ÇALIŞIRAM MƏN
Daha o əvvəlki dəmlərim yoxdur,
Nə dağı, nə daşı dolaşıram mən..
Artıq qət etmişəm yolun çoxunu,
İndi yavaş - yavaş yal aşıram mən.
Günlər quştək uçub gözdən itəndir,
Aylar dolanandır, illər ötəndir,
Bir tək sevgilim var, o da Vətəndir,
Onun eşqi ilə alışıram mən.
Quluyam, nə haqqın önündə durdum,
Nə də nahaq yerə bir könül qırdım,
Bir gün köçəcəyim əbədi yurdum -
Axirətim üçün çalışıram mən.
Qulu Xaləddinoğlu 13.02.2025
YAXŞI ADAMLAR
Allahın bəşərə bəxş elədiyi,
Şirin nübarsınız, yaxşı adamlar.
Yamacda, yaylaqda ətirli çiçək,
Zirvədə qarsınız, yaxşı adamlar.
İnsanlıq fitrətdir, o, peşə deyil,
Qəlbiniz genişdir, dar guşə deyil,
Həyatda həmişə şər işə deyil,
Xeyirə yarsınız, yaxşı adamlar.
Güllərdən bal çəkən bir arısınız,
Bulaq suyu kimi saf, durusunuz,
Qulunun gözünün siz nurusunuz,
Nə yaxşı varsınız, yaxşı adamlar.
Qulu Xaləddinoğlu 05.11.2024
SEVDALIYAM
Düşünmə ki, başqası tək,
Rus, ya İran sevdalıyam.
Qarapapaq türküyəm mən,
Böyük Turan sevdalıyam.
Günləri ağ istər könlüm,
Xoş keçən çağ istər könlüm,
Aranda dağ istər könlüm,
Dağda aran sevdalıyam.
Quluyam, Rəbbə mütiyəm,
Qərarımda, bil, qətiyəm,
Məhəmmədin ümmətiyəm,
Həm də Quran sevdalıyam.
Qulu Xaləddinoğlu 06.10.2024
ŞEİRLƏRİM
Sevmirəm uzun yazmağı,
Üç - beş bənddi şeirlərim.
Kimə könül, ruh oxşayan,
Kimə tünddü şeirlərim.
Versin deyə bağım bəhər,
Yazdım onu axşam - səhər,
Hərəsi bir abad şəhər,
Gözəl kənddi şeirlərim.
Quluyam, mənə ad verən,
Ruhuma qol - qanad verən,
Ağızda şirin dad verən,
Noğul, qənddi şeirlərim.
Qulu Xaləddinoğlu 15.02.2024
SƏN DEMƏ
Bu həyatda hey ümidlə yaşadım,
Xəyallarım dumandaymış sən demə.
Ürəyimdə xoş arzular daşıdım,
Görəcəklər gümandaymış sən demə.
Sərt yoxuşlar yorammadı dizimi,
Çətinliklər artırarmış dözümü,
Açılmamış çox sirlərin çözümü,
Əlahəzrət zamandaymış sən demə.
Dərdləşməyə bir əhli-hal axtardım,
Nə söz-söhbət, nə qeylü-qal axtardım,
Haqqa doğru getməyə yol axtardım,
Haqqın yolu imandaymış sən demə.
Qulu Xaləddinoğlu 11.01.2024