Ağalar Qut “20-ci sahə”ni darmadağın etdi
Orxan Saffarinin “20-ci sahə” hekayələr kitabında on üç yeni hekayəsi işıq üzü görmüşdür. Hekayələrin üçü (“Şıkı Həsən”, “Əjdər”, “Mənim erməni qonşum”) xaric, onunda xəyanət (“Kor Bağır”, “Gilas mürəbbəsi”), pozğunluq və fahişəlik, (“Zavuçun pişiyi”, “Kimsəsizlər qəbristanlığı”), vulqar erotizm və seksual manyak intensiyası (“Kazımın anası”, “Irina Qasparyan”) kimi mövzulara toxunulmuş, ən yaxşı halda isə cinsiyyətə hansısa bir eyham (“Zəngəzur dağlarında”, “Maqsud”, “Kent”) vurulmuşdur.
Hekayələr kitabının bu monotonluğu, daha doğrusu, monotematizmi həm oxucunu yorur, həm də onu göstərir ki, müəllif öz potensial oxucusunun ədəbi zövqünü çox aşağı hesab edir. Üstəlik, özü barəsində belə bir bədgümanlığa təkan verir ki, görəsən, o, doğrudanmı həyata ancaq seksuallıq pəncərəsindən baxır?!
Axı, oxucuların hamısı yeniyetmə şüurunda deyil və heç də hamısı patoloji dərəcədə intensiv ardıcıllıqla cinsi mövzular barəsində fikirləşmir. Hətta adamda belə bir fikir yaranır ki, olmaya, Saffari oxucularını sınağa çəkir?
Ümumiyyətlə, Saffari yazarkən öz oxucusu kimi hansı yaş və şüur səviyyəsini təsəvvürünə gətirirmi?
Əgər Saffari internetdə lüt qız şəkilləri axtaran məktəb şagirdləri səviyyəsinə uyğun hekayələr yazırsa, onları mənə niyə göndərir və fikir bildirməyimi gözləyir? Belə hekayələrin oxucusu mən olmamalı idim, axı!
Qadın xəyanətinə (“Kor Bağır”da, “Kimsəsizlər qəbiristanlığı”nda, “Gilas mürəbbəsi”ndə və s.) dönə-dönə müraciət etməsi adamda belə bir fikir yaradır ki, o, deyəsən, qadını inkvizisiya dövründəki kimi demonlaşdırır, onu təbiətən pozğun, daim kişi yüyəninə möhtac hesab edir. Əgər Saffari inanırsa ki, yox, bu nə onun ədəbi birtərəfliyi, nə də şəxsi mənəvi problemdir, əksinə, indi bütün dünya hedonist (həzçi) yanğına düşüb qovrulur, o isə bu yanğını sadəcə göstərəndir, onda biz ona belə deyərdik: “Səndən bizə ədəbi nicat gələ bilməz, sən bu od düşən samanlığı söndürə bilməzsən, çünki sən özün artıq alışmış saman çöpüsən, çünki sən özün yanırsan!”
Saffari bu iradlara qarşı özünü belə müdafiə edə bilər: “Yalan danışmayın! Saxtakarlıq heç etməyin! Elə hamınız mənim kimi fikirləşirsiniz! Hər birinizin həyata baxan gözü göbəkdən aşağı nahiyədə yerləşir.
Necə deyərlər hamınız “göbəkgöz”sünüz! Mən insanın bioloji həqiqətini izhar edirəm! Məsələn, hər bir Azərbaycan əsgəri masturbasiya məqsədilə erməni qızı İrinanın (“İrina Qasparyan”) “tumuş”unu və şəklini oğurlayardı. Bu, düşmənçilikdə gizli seksuallığın, seksuallıqda gizli düşmənçiliyin məxfi həqiqətidir! Sadəcə olaraq Azərbaycanda bunları ilk dəfə mən ədəbi müstəvidə dilimə gətirirəm deyə, öz şəxsiyyətimi şübhə altında buraxmaq hesabına cəmiyyətin ən dərin toxunulmazlıqlarına toxunuram deyə qınanıram. Mən qurbanam!”
Saffarinin adından yazdığım bu xəyali özünümüdafiəyə qarşı bunları demək olar:
“Yaxşı, bəyəm hər bir fakt, olsun lap primitiv bioloji-seksual fakt ədəbidirmi, yoxsa hələ ədəbiləşdirilməlidirmi və necə? Axı, ən azından hermenevtikadan bilirik ki, “xam fakt” (faktum brutum) mövcud deyildir, o, həmişə hansısa gözlə görüldüyü üçün müəyyən cür görünür. Ümumiyyətlə, görünüş yoxdur, görülüş vardır! Sən ədəbiyyatı, ədəbi gözü təmsil edərək xam faktı emal et(məlisən), onu bizə göründür(məlisən), göstər(məlisən)! Olmaya, sən reportaj hazırlayırsan?! Hətta reportaja yazılan hər bir sərlövhənin özü artıq subyektivlikdir. Mütləq obyektiv reportaj mümkün deyildir. Baxmaq üçün insana neytral bucaq verilməmişdir. Tutalım, insest (ata-qız, ana-oğul, bacı-qardaş kimi ailədaxili cinsi yaxınlıq) faktı. Yoxdurmu cəmiyyətdə belə bir fakt? Var, yəqin ki! Yaxşı, indi var deyibən bu mövzuda, üstəlik, elə ancaq bu mövzuda üzdəntəsvirlər ədəbiyyatdırmı?!
Hanı xam faktın ədəbi emalı? Sənin xalis bioloji reallığı təsvir edən bioloqdan fərqin nədədir onda?
Biz göbəkgözüksə, hanı sənin ədəbi gözün?!
Kitabda bir müsbət qadın qəhrəmanı var, o da “Mənim erməni qonşum” hekayəsində erməni əsilli, yaşlı Səkinə xaladır. Əlbəttə, mən Saffarinin bu elementlə Əkrəm Əylisli sayaq erməniləri bizdən mədəni, bizdən qədim, bizdən üstün göstərmək məqsədi güddüyünü iddia etməkdən çox-çox uzağam. Saffari vətənpərvərdir. O, bəlkə də heç özü bu incəliyə fikir verməyib. Lakin on üç hekayədə bircə müsbət qadın obrazının qarşımıza çıxmamış olması – belə bir natarazlıq və bu səbəbdən də ədalətsizlik – ki, bu təsadüfi ola bilməz, bədniyyət insanlarda müəllifin mənəvi aləmi barəsində bədgümanlığa yol aça bilər...
Orxan Saffari bu kitabında öz mövzularını əsasən göbəkdən aşağı nahiyədə, əsgərlik xatirələrində və öz yaşadığı həyat arealında müəyyənləşdirməklə, reallıq və həqiqilik baxımından udursa, öz şəxsiliyini və bioloji mövcudluğunu aşıb keçə bilmədiyinə görə uduzur. Hekayələr impulsiv və bəsit nəticələrlə “Tez elə!” prinsipi ilə qurtarır.
Sanasan, müəllif gərginliyi şiddətləndirməyə dözmür, tez qaranəfəs olur. Halbuki əsəbləri gərmək, dialoqu uzatmaq və fikir yürütmək üçün hələ yer var idi. Görünür, müəllif dərin və dərin olduğu üçün də çoxlarına yorucu gələn mətnlər oxumur, oxuya bilmir. Saffari burulur, amma dərinliyə işləmir, fırlanır, səthdə qalır.
Mənim gözümdə kitabda ancaq bir hekayə var – “Kimsəsizlər qəbiristanlığı”. Ana qatili Bic Emin on illik həbs həyatından sonra eşidəndə ki, hələ də onun barəsində “Fahişə anasını öldürən oğul” kimi xəbər sərlövhələri saytlarda durur, anasının məzarı başında dizlərini yerə atıb hönkürür. Bax, bu əsl ədəbi lövhədir. Bic Emin nəyə ağlayır? Qatil olmağının unudulmamasına, “anasıfahişə” damğasının silinməyəcəyinə və bu səbəbdən də öz anasını əbəs yerə öldürmüş olmağına, anasını özü-öz əliylə saytlarda fahişə kimi təqdim edib əbədiləşdirməyinə? O, anasını dost-tanışdan, qonum-qonşudan utandığı üçün öldürdü, yoxsa naməlum atasından qisas almaq üçün? Ya “Bic” təxəllüsünə görə anasını cəzalandırmaq üçün?
İstənilən halda o, qəbiristanlıqda öyrənəndə ki, on il keçsə də saytlarda xəbərlər qalır, başa düşdü ki, yox, yenidən doğula bilməyəcək, əksinə, bu qətllə öz “bic”liyini özü təsdiqləyibmiş. On illik həbsxana ümidləri boşa çıxdı, qətl də taleni dəyişdirmədi. Sən demə, pozusu olmayan alın yazımız indən belə saytlarda barəmizdə yazılan xəbərlər imiş.
Ağalar Qut