İTV-də bayramlarla əlaqədar xüsusi sənədli filmlər nümayiş etdiriləcək
İctimai Televiziya və Radio Yayımları Şirkəti xalqımızı 15 İyun Milli Qurtuluş Günü və müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, hər kəsə ən xoş arzu və diləklərini çatdırır!
İctimai TV bayramlarla əlaqədar bir sıra sənədli filmləri tamaşaçılara təqdim edəcək.
15 iyunda Milli Qurtuluş Günü ilə əlaqədar Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “İz” sənədli filminin İTV-də premyerası olacaq. Heydər Əliyev Fondunun dəstəyilə hazırlanmış filmin adı Heydər Əliyevin “Bu dünyaya gələn hər bir adam bu dünyadan gedəcək. Ancaq xoşbəxt o kəsdir ki, dünyada böyük iz qoyur” fikrindən irəli gələrək seçilib.
Bayram günlərində milli-mənəvi dəyərləri özündə əks etdirən sənədli filmlərdən “Tarixin izi ilə - məscidlər”, "Əshabi-kəhf", "Xəmsə. Nizami", “Nəsimi” və sair filmləri də İTV efirindən izləmək mümkün olacaq.
İyunun 14-də Almaniyada rəsmi açılışı olacaq Avro—2024-ün bütün oyunlarını isə Azərbaycanda eksklüziv yayım hüququna malik İctimai TV və Radionun həm canlı efirində, həm də rəsmi Youtube hesabımızda birbaşa izləyə bilərsiniz.
Bütün bunlarla yanaşı, musiqi, əyləncəli verilişlər, İctimai TV-nin efirində indiyədək sevilən və əksəriyyət tərəfindən bəyənilən proqramlar və filmlər tamaşaçılara təqdim ediləcək. Bayramınız mübarək olsun!