100-dən çox yaşı olan Sabir adına Mərkəzi Şəhər kitabxanası məhvə doğru gedir
Dahi şairimizin ruhuna da hörmətsizlik
Son illər tez-tez eşitdiyimiz bir necə ifadə var. Ölkədə kitab oxuyanların sayı azalır. Yaxud kitab oxuyan yoxdur. Əslində reallıq da bundan ibarətdir. Bəzən birinə “sonuncu dəfə nə vaxt və hansı kitabı oxumusan?” sualı ilə müraciət edəndə “indi kitab yazan var ki?” kimi aldığın cavab heyrət doğurur. Mövcud vəziyyət isə ondan ibarətdir ki, günümüzdə yazanların sayı oxuyanları üstələyib. Gənc, orta, hətta yaşıl nəsil belə kitab yazmağa üstünlük verdiyi halda, onları oxuyanlar bəlkə də barmaqla sayıla biləcək qədər azdır. Buna müxtəlif cür don geyindirənlər də var. Oxucular yazarların ortaya samballı əsər qoymadıqlarını, yazarlar isə sosial şəbəkələr səbəbindən oxucuların kitaba marağının azaldığı iddiasındadır. Əslində hər iki tərəf müəyyən mənada haqlı olsa da, ancaq məsələnin kökündə heç də sadalanan iki səbəb dayanmır. Apardığımız müşahidə və qısa araşdırmadan gəlinən qənaət ondan ibarət oldu ki, oxucuların kitabdan uzaq düşməsində əslində kitabı insanlara sevdirməli olan mütaliə ocaqları, qurumlar da səbəbkarlardan biridir. Sual oluna bilər ki, necə?
Apardığımız qısa araşdırma siz oxucularda da həmin qənaəti formalaşdıracaq ki, insanların kitabdan uzaq düşməsində məhz bu sahəyə məsul olan qurumlar da az məsuliyyət daşımır. Beləliklə, insanlarda kitaba olan maraqsızlığın kökünü araşdırmaq üçün üz tutduq paytaxtdakı kitab evlərinə, kitabxanalara, yaxud kitab satışı ilə məşğul olan satış mərkəzlərinə. Düzdür, qarşılaşdığımız mənzərə ürəkaçıcı olmasa da, lakin “indi kitab oxuyan yoxdur” fikrinin də kökündən yalnış olduğu qənaətinə gəldik. Ən azı bir neçə saatlıq apardığımız müşahidə zamanı istər Libraff, istər Ofisait, "Kitab Evi" kimi məşhur kitab satış mərkəzlərinə, eləcə də son vaxtlar paytaxt gənclərinin, daha çox da tələbələrin üz tutduğu Kerazon kitab evinə sırf kitab almaq üçün kifayət qədər oxucuların daxil olduğunun şahidinə çevrildik. Bəs görəsən problemin kökündə nə dayanır?
Kitab oxuyan niyə azalıb?
Kitaba maraq nə üçün azalıb. Elə bu düşüncələrlə də üz tutduq 100-dən artıq yaşı olan M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasına. Mətləbə keçmədən onu bildirim ki, sözügedən mütaliə ocağının Yasamal rayonunun tərkibində olmasına baxmayaraq onun hüquqi ünvanı və yerləşdiyi ərazi Bakı şəhəri, Səbail rayonu, İslam Səfərli küçəsi 13-dür. Yasamal rayonuna aid olan kitabxananın nə üçün Səbail rayonu Mərkəzi Kitabxana Sisteminin 1 saylı filialı olması da cavabı tapılmayan suallar sırasındadır. Qarışıq fikirlər, beynin error verdiyi bir vəziyyətdə üz tutduq sözügedən ünvanda “yerləşən” M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanaya. Yerləşən sözünü ona görə dırnaqda yazırıq ki, həqiqətən sözügedən kitabxananı qeyd ediləmn ünvanda tapmaq mürəkkəb bir prosesə çevrildi. Vəziyyət ondan ibarətdir ki, həmin ünvanda kitabxana deyilən bir qurumdan əsər-əlamət qalmayıb. Necə deyərlər lələ köçüb, yurdu qalıb. Ancaq adəti üzrə həmin yurda da qısa zamanda əl qoymağı bacarıblar. Dərhal ona “sahib” çıxan tapılıb. Bilirsiniz necə?
Təmir adı ilə bağlanan bina necə zəbt edilib?
Beləliklə, təxminən 5 il əvvəl M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxananı təmir adı ilə paytaxtın Xətai rayonundakı M.Ə.Sabir adına kütləvi klub kitabxanaya köçürülür. Bina tamamilə boşaldılaraq təmir adı altında bağlanır. M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxananın 140 minlik kitab fondu da müvəqqəti köçürülən və kitab saxlanılması üçün o qədər də şəraiti olmayan binanın anbarına yerləşdirilir. Xətai rayonunda yerləşən M.Ə.Sabir adına kütləvi klub kitabxana barədə apardığımız qısa araşdırma, onun yerləşdiyi binanın infrastrukturu kitabxana üçün tamamilə uyğunsuzdur.
Kitabxana sistemindən məlumatı olan bilir ki, hər hansı bir yerdə kitabların saxlanılması üçün xüsusi şərait olmalıdır. Kitabların saxlanıldığı anbar və ya otaqlar üçün müəyyən edilmiş temperatur olmalıdır ki, kitablar normal qaydada qalsın, o qədər də köhnəlməsin. Təsəvvür edin ki, kitabxananın köçürüldüyü M.Ə.Sabir adına kütləvi klub kitabxanasında otaqları normal temperaturda saxlamaq üçün şərait yoxdur, o ki qala binanın ambarında saxlanılan kitabları. Digər bir problem binaya verilən elektrik xəttinin tamamilə yararsız olması ilə bağlıdır. Kənardan apardığımız müşahidələr onu deməyə əsas verir ki, burada baş verə biləcək kiçik bir yanğın özü ilə böyük fəsadlara yol aça bilər. Ən əsası 100 ildən artıq yaşı olan M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxananın 140 minlik fondu bu sahəyə məsul şəxslərin səhlənkarlığı səbəbindən qısa müddətdə məhv olar.
Məlumat üçün bildirək ki, 1918-ci ilin axırlarında Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı Kooperasiyasının mədəni-maarif şöbəsi Azərbaycan xalqı üçün xeyirxah bir iş görməyi – kütləvi kitabxana açmağı qərara alır. Bu, istehlak cəmiyyətinin gördüyü işlərin ən yaxşısı idi. Lakin azərbaycanlılara məxsus kitabxana açmaq çox da asan iş deyildir. Çünki o vaxtadək Azərbaycanda mükəmməl bir nəşriyyat olmadığlından kitabxana üçün, ələlxüsus kütləvi kitabxana üçün Azərbaycan dilində ədəbiyyat tapmaq mümkün deyildi. O zaman müəllimlərin və ziyalıların əlində müxtəlif vasitələrlə toplanmış bəzi kitablar var idi. Bunlar isə onların özlərinə məxsus kitabxanalarda saxlanılırdı. Bir çox çətinliklərdən sonra bəzilərinə kitabın dəyərindən artıq pul verməklə, bəziləri isə özləri pay verərək xeyli kitab əldə etmək mümkün oldu. Beləliklə Xəzər Sahili İstehlak İttifaqı İdarəsi öz payçılarının hesabına Azərbaycanda birinci kütləvi kitabxananı açdı. İlk illərdə kitabxanada bir neçə yüz kitab və çox az miqdarda oxucu var idi. Kitabxanada olan kitablar ərəb və fars dillərində Orucov qardaşları tərəfindən nəşr olunan islam tarixinə və köhnə mövzulara həsr olunmuş kitablardan ibarət idi.
1200 cilddən ibarət olan kitabxananı xalq kütləsinə tanıtmaq üçün Azərbaycanın böyük demokrat xalq şairi Sabirin ölümünün 10 illiyi ilə bağlı Mirzə Ələkbər Sabirin adı qoyuldu. Beləliklə kitabxananın rəsmi açılışı sənədlərdə 1919-cu ilin mart ayı kimi göstərildi.
Oxucuların kitabxanaya cəlb etmək və yaxşı kitabları kütlə içərisində yaymaq üçün kitabxana ədəbi görüşlər, müzakirələr təşkil edir. Nəticədə yüzlərlə yeni oxucu kitabxanaya gəlirdilər. Azərbaycanın tarixi keçmişini, ədəbiyyatını qoruyub özündə saxlayan, neçə-neçə alim və ziyalılar yetişdirən, böyük bir tarixi olan M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanası bu gün məhvə doğru gedir.
140 minlik kitab fondu məhv olmaq astanasında
Zənn etmirik ki, Mədəniyyət Nazirliyinin yeni rəhbərliyinin zamanında atılmış bu məsuliyyətsiz addımdan xəbəri var. Çünki yuxarıda da qeyd etdiyimiz kimi M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxananın köçürülməsi prosesi 5 il bundan əvvələ, yəni köhnə rəhbərliyin zamanına təsadüf edib. Ona görə də yeni rəhbərliyin Sabir adına, eləcə də 140 minlik kitab fonduna sahib çıxacağına ümid var. Ən əsası, M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanası Azərbaycanda yaradılan ilk kitabxanalardan biridir. Ona görə də milli-mədəni dəyərlərə, tariximizə bağlı olan Mədəniyyət Nazirliyinin 100 ildən çox yaşı olan kitabxananın məhv olmasına imkan verməyəcəyinə ümidvarıq.
Hələlik isə baxımsızlıq, diqqətsizlik üzündən . M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxananın 140 minlik fondu yavaş-yavaş məhvə doğu gedir. Kitabxananın Səbail rayonu, İslam Səfərli 13 ünvanında yerləşən binasını Mədəniyyət Nazirliyinin əvvəlki rəhbərliyinin xeyir-duası ilə “zəbt” edən nazirliyin qurumlarından biri indi ora öz dədə malı kimi sahib çıxaraq onu kitabxanaya qaytarmaq istəmir. Beləcə mədəniyyətimizi, tariximizi, adət-ənənələrimizi qorumalı olan bir qurum özü də bilərəkdən bütün bu ali dəyərlərı məhv edir.
M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasının başına gətirilən müsibət əslində insanlarımızın kitabdan nə üçün uzaq düşmələrinin bir cavabıdır. Özündə zəngin tarixi və mədəni irsi cəmləşdirən bu kitabxananın əvvəlki məkanında olması bizlərin kitab sevgisi, kitaba olan marağımızı birə beş artırmış olardı. İndi təsəvvür edin həmin kitabxanadan hansısa bir ədəbiyyatı əldə etmək üçün paytaxt sakini, yaxud Bakıya qonaq gəlmiş biri uzun-uzadı yol qət edib Xətai rayonuna getməlidir ki, istəyinə nail olsun. Belə olan halda insanda kitab oxumağa həvəs qalarmı? Bütün bunlardan əldə edilən nəticə ondan ibarətdir ki, yuxarıda da qeyd etdiyimiz kimi insanlarımızı kitabdan uzaq salan əsas səbəblərdən biri də elə bu sahəyə məsul olan qurumlardır. Sanki planlı şəkildə edilir ki, insanlar kitabdan, kitablardan uzaq düşsün. Bu həm də klassikimiz, dahi şairimiz Sabir irsinə, onun yaradıcılığı, ən əsası adına olan hörmətsizlikdir. Burada bir məqamı da qeyd etmək yerinə düşər ki, M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasının əvvəlki adı Maksim Qorki olan, hazırda Səbail Mərkəzi Kitabxana Sisitemi olan quruma 1 saylı filial kimi əlavə edilməsi də ulu Sabir ruhuna, Sabur adına laqeyd münasibətdir. Mədəniyyət Nazirliyinin tezliklə bu yalnışları aradan qaldıracağına olan arzularla.
Süleyman İsmayılbəyli