"Aygün daxilən çox azad adam idi, ipə-sapa yatmırdı"
Deməyə söz tapmıram. Biz ən böyük sənətçilərimizdən birini itirdik. Aygün Bəylər bizi çox tez tərk etdim.
Avrasiya.net xəbər verir ki, bu sözləri mərhum xanəndə Aygün Bəylərin vida mərasiminə qatılan əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib.
O bildirib ki, Aygünün ilk addımlarından yanında olub:
“Hərdən düşünürəm ki, onun xəstəliyi yaşadığı həyatdan olubsa, bəlkə onu musiqiyə nahaq gətirdim. İnsanın başına min cür fikirlər gəlir. Ona da, bizə də çox heyif oldu. Bizim onunla çox böyük layihələrimiz var idi. Bir qismini həyata keçirmişdik, bir qismini yox. Aygünlə bağlı hər şey xatirədir. O, heç kimə bənzəmirdi. Aygün daxilən çox azad adam idi, ipə-sapa yatmırdı. Ona görə də elə yaxşı oxuyurdu. Onun sənəti daxili azadlığından irəli gəlirdi. Bu da onun başına bəla olurdu. Bax belə bir həyat yaşadı. Heç kimə tabe olmayan, öz həyatını yaşamaq istəyən, amma ətrafda bir çox ona mane olan amillərin içində keçdi ömrü. Son dəfə 10 gün əvvəl konsertində iştirak etdim. Xəstə olduğunu bilirdik. Səhnədə çox mərd dayandı. Hərdən tərləyirdi, ağrıları var idi”.
Qeyd edək ki, Aygün Bəylərlə vida mərasimi Əmircan qəsəbəsində Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilir.